"Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqların intesivləşdiyi müşahidə olunur. Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərləri və onun ardınca Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri problemin həllinə marağın artdığından xəbər verir. Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfəri və səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrə daha çox yer veriləcəyi barədə yayılan məlumatlar münaqişənin həllinin heç də uzaqda olmadığından, əks halda Azərbaycan öz ərazi bütövlüyünü ordunun gücü ilə həll etməli olacağı qənaəti yaradır". Bu sözləriSİA-ya politoloq Elşad Mirbəşiroğlu açıqlamasında deyib.
Onun sözlərinə görə, Sarkisyanın Moskvaya səfəri zamanı Rusiya və Ermənistan prezidentləri arasında bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi də müzakirə ediləcək: "Bildiyiniz kimi, Ermənistanda bəzi proseslər baş verməkdədir. Bir sözlə, Serj Sarkisyan ölkəsini əvvəlki kimi, idarə edə bilmir. Bunu Rusiya tərəfi də çox gözəl başa düşür. Rusiya Ermənistanda baş verəcək hər hansı bir dəyişiklikdən narahatdır. Çünki bu dəyişikliklər Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsinə gətirib çıxara bilər. Ola bilsin ki, görüş zamanı Rusiya bu proseslərin mümkün nəticələrinin nəzarətdə saxlaması ilə bağlı Serj Sarkisyana müəyyən təlimatlar da versin".
Politoloq qeyd edib ki, son dövrdə Dağlıq Qarabağ məsələsi ətrafında müəyyən müzakirələr aparılır: "Dağlıq Qarabağ münaqişəsi Rusiya və Ermənistan prezidentlərinin görüşlərində hər zaman müzakirə olunur. Bu baxımdan, münaqişənin bu dəfə də müzakirə olunacağı gözələniləndir".
Sergey Lavrovun Azərbaycana səfəri ilə Serj Sarkisyanın Rusiyaya səfəri arasında əlaqələrə gəlincə E. Mirbəşiroğlu söyləyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri Ermənistanda böyük narahatçılıq yaratdı: "Rusiya Azərbaycanla əlaqələrinin daha da gücləndirilməsində maraqlıdır. Bunun üçün isə Azərbaycanın ərazilərinin işğalda saxlayan Ermənistana müəyyən təzyiqlərin edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşmasına şərtləndirə bilər. Çünki hər kəs çox gözəl dərk edir ki, Rusiya Ermənistana ciddi təzyiq etmək imkanlarına malikdir. Rusiya işğalçı ölkə olan Ermənistana təzyiqlərini artırmaqla Azərbaycanın işğal etdiyi torpaqları boşaltmağa məcbur edə bilər".
sia.az