"Ermənistan prezidentinin Rusiyaya çağırılmasını bir neçə aspektdən dəyərləndirmək olar. Bu səfərin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlişindən sonra həyata keçməsi diqqəti Dağlıq Qarabağ münaqişəsinin üzərinə yönəldir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, Rusiya və Ermənistan prezidentlərinin görüşündə Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələrin aparılması ehtimalı var: "Amma bu, görüşü səciyyələndirən əsas şərt deyil. Bildiyimiz kimi, bütün digər ölkələrdə olduğu kimi Ermənistanda da 2016-cı ilin büdcəsi müəyyənləşməlidir. Lakin dünyada hökm sürən iqtisadi böhran, Ermənistan büdcəsinin əsas donorlarından olan Rusiyanın ciddi maliyyə problemləri ilə qarşı-qarşıya qalması iqtisadiyyatı çökmüş Ermənistan üçün müsbət heç bir şey vəd etmir. Ermənistanın xarici borclarının ÜDM-in səviyyəsini bir neçə dəfə aşması Sarkisyan hakimiyyətinin beynəlxalq kreditorlara müraciət etməsinə imkan yaratmır. Ermənistan hakimiyyəti ölkənin onsuz da acınacaqlı olan büdcəsinin daha da acınacaqlı olacağından, hətta 2015-ci ilin səviyyəsindən xeyli aşağı düşəcəyindən narahatdır. Bu isə sosial zəmində etiraz dalğaların daha da dərinləşməsi deməkdir. Sarkisyan nəyin bahasına olursa-olsun Rusiya tərəfindən ayrılan maliyyə vəsaitlərinin heç olmasa 2015-ci il səviyyəsində qalması üçün rəsmi Moskvanı inandırmağa çalışacaq. Yəni ənənəvi dilənçilik missiyasını yerinə yetirəcək. Çünki rəsmi İrəvanın cəbhə xəttində törətdiyi təxribatlar da diqqəti sosial problemlərdən yayındırmaq üçün öz əvvəlki effektini vermir. Daha doğrusu, Azərbaycan Silahlı Qüvvələrinin tutarlı cavabı nəticəsində əks effekt verir. Bu kontekstdə cəbhə xəttində yaranmış vəziyyət, münaqişənin tənzimlənməsi, daha dəqiq desək mövcud status-kvonun qorunub saxlanılması ilə bağlı atılacaq addımların uzlaşdırılması üçün müzakirələrin aparılması, Sarkisyana müvafiq təlimatların verilməsi də mümkündür. Amma Sarkisyanın səfərinin bilavasitə Dağlıq Qarabağla əlaqədar olduğunu düşünmürəm".
sia.az