Növbədənkənar prezident seçkilərinin keçirilməsi labüdləşib
Bir neçə aydır ki, kütləvi etiraz aksiyalarının keçirildyi Ermənistanda ictimai-siyasi vəziyyət daha gərgin xarakter almağa başlayıb. Hadisələrin inkişaf istiqaməti etiraz aksiyasına qoşulanların hakimiyyətə qarşı mübarizədə bu dəfə qətiyyətli olduğunu, mövcud iqtidarın istefaya göndərilməsində israrlı mövqe nümayiş etdirdiklərini göstərir. Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, aksiyaya qatılanlar hakimiyyətə qarşı daha çox itaətsizlik nümayiş etdirir.
Sarkisyan ağalarından yeni təlimat almağa gedib
Vəziyyətin belə kritik hal alacağını görən Ermənistan prezidenti Serj Sarkisyan yenə də son anda Kremlə üz tutub. "SƏS" qəzeti Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 7-ində erməni həmkarı Serj Sarkisyanla Moskvada görüşəcək. Çünki işğalçı ölkə Rusiyanın forpostudur.
Rasim Musabəyov: "Putin Sarkisyanı başa salmağa çağırır"
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov qəzetimizə açıqdamasında Ermənistan prezidentinin sentyabrın 7-də Rusiyaya nəzərdə tutulan səfərini şərh edərkən bildirib ki, prezident Putin Serj Sarkisyanı Moskvaya çağırmaqla Ermənistana "öz mövqeyini" başa salmağa hazırlaşır". Politoloqun sözlərinə görə, sentyabrın başlanğıcından təmas xəttində təhlükəli hadisələr müşahidə olunur: "Atəşkəs təkcə yüngül silahlardan deyil, minaatanlarla da müntəzəm olaraq pozulur. Azərbaycanda Türkiyə Hərbi-Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartal-2015" taktiki təlimlər keçirildi. Buna paralel olaraq, Serj Sarkisyan administrasiyası pis ssenarilərə hazırlığı sürətləndirdi. Belə bir hiss formalaşır ki, kənarda müharibə gedir. Hər dəfə vəziyyət təhlükəli olanda, Moskva ən yüksək səviyyədə oyuna daxil olur. Ötən həftə Rusiya XİN rəhbəri Sergey Lavrov Bakıya gəldi. Bu gün də Serj Sarkisyan Moskvaya çağırılıb. Putinlə Sarkisyanın görüşünün nəticələri ümumi şəkildə olsa da, günün sonunda məlum olacaq. Azərbaycana gəlincə, biz təmkinli olmaqdan və ərazilərimizin işğaldan azad olunmasına çağırışlar etməkdən yorulduq. Bunun təsdiqi kimi, Müdafiə Nazirliyinin diplomatik səylərin nəticələrini gözləmədən ən böyük hərbi təlimlərə başlamasını göstərmək olar. Bu təlimlər sentyabrın 6-dan 13-nə qədər davam edəcək və geniş spektri əhatə edəcək. Əgər Kreml həqiqətən ermənilərə təsir etmək niyyətindədirsə, o zaman Azərbaycanın öz hərbi gücünün nümayişi buna əlavə arqument olacaq".
R.Musabəyov Ermənistan KİV-nin iddialarına da diqqət çəki: "Erməni mediası iddia edir ki, Moskva Azərbaycanı öz tərəfinə çəkmək üçün Yerevanı Qarabağın bir hissəsini qaytarmağa məcbur edə bilər".
Qeyd edək ki, bəşər tarixi və siyasətin yaşanmış hadisələri göstərir ki, haqqını tələb edib hüquqlarını qorumağı bacaran toplumu, insanları uzun müddət kölə vəziyyətində saxlamaq olmur. Fəqət, köləliyə könüllü can atan insanları idarə etmək asandır. Yetər ki, onlara çörək və əyləncə verəsən. Hətta kölələr çörək qıtlığı şəraitində də yaşayırlar. Amma onlar mütləq əyləncə tələb edirlər. Yerevan hakimiyyətinin qərarları da əyləncə xarakterlidir və kölələri qismən də olsa, sakitləşdirmək məqsədi güdür. Beləliklə, erməni mediası və politoloqlarının fikrinə görə bu prezident Serj Sarkisyan iqtidarının yürütdüyü iqtisadi siyasətin effektiv olmamasının sübutudur.
Sarkisyanın istefaya getməsi ön planda
Etirazçılar sentyabr ayının 4-də Hökumət Evinə girişi bağlayaraq Nazirlər Kabinetinin əməkdaşlarını iş yerlərinə buraxmamaq üçün müəyyən addımlar atıblar. "Ayağa qalx, Ermənistan" vətəndaş təşəbbüsünün rəhbərlərindən biri Andreas Qukasyan bunun səbəblərini belə izah edib: "Hesab edirik ki, artıq bu hakimiyyətin vaxtı keçib. Keçirdiyimiz aksiyalar elektrik enerjisinin bahalaşmasına etiraz edənləri və ölkədə konstitusiya islahatlarına qarşı çıxanları birləşdirir. Biz Ermənistanda növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirik".
Qeyd edək ki, bu dəfə də erməni polisi aksiya iştirakçılarına güc tətbiq edərək onları həbsə atıblar. Bu isə hakimiyyətlə xalq arasında ziddiyyətin daha da dərinləşməsi ilə müşayiət olunur. "Ayağa qalx, Ermənistan" vətəndaş təşəbbüsünün üzvlərindən biri olan Artuş Çibuxçiyan qeyd edib ki, aksiyalar davamlı olacaq: "Ermənistan elektrik səbəkəsi"ndəki yoxlamaların nəticəsini gözləyirdik. Növbəti dəfə aldadıldığımızı gördük. Tələblərimizin heç biri yerinə yetirilmədiyindən bu dəfə dayanmayacağıq, istəklərimiz təmin olunanadək aksiya keçirəcəyik".
Xatırladaq ki, iyunun 19-dan etibarən Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir. Etirazçılar elektrik enerjisi tarifinin qaldırılması qərarının ləğv edilməsini, "Ermənistan elektrik şəbəkəsi" şirkətinin milliləşdirilməsini və ictimai xidmətlərin tənzimlənməsi komissiyasının buraxılmasını tələb edirlər. Lakin hakimiyyət bununla razılaşmadığından vəziyyət kəskinləşir və bu durumda prezident Serj Sarkisyanın, onu komanda üzvlərinin istefaya getməsi əsas tələb kimi ön plana çıxır.
İç savaş iqtisadi vəziyyətlə də bağlıdır
Yaranmış iç savaş iqtisadi vəziyyətlə bağlı olduğu üçün Sarkisyan iqtidarının mövqelərini sürətlə zəiflədir. Dünya iqtisadiyyatında yaşanan problemlərin Ermənistana mənfi təsirlərinin sürətlə genişlənməsi, milli valyutanın dəyərdən düşməsi isə daha gərgin vəziyyət formalaşdırır. Qeyd edək ki, bu günlərdə Ermənistan Mərkəzi Bankı milli valyuta olan dramın məzənnəsini sabit saxlamaq üçün rekord həcmdə valyuta müdaxiləsi həyata keçirib. "Aykakan jamanak" qəzeti yazır ki, Ermənistan Mərkəzi Bankı banklara 50 milyon dollar həcmində ABŞ valyutası satıb ki, bu da Ermənistan tarixində görülməmiş göstəricidir. Qəzet yazır ki, belə həcmdə müdaxilə dramın sabitliyini istənilən yolla saxlamaq niyyətini göstərir. Amma bu addım da nəticə vermir. Çünki ölkənin valyuta ehtiyatları çox azdır və bazara uzunmüddətli müdaxilə mümkün deyil. Bu isə əvvəlki kimi dramın dəyərdən düşməsinə və ölkədə qiymətlərin yüksəlməsinə yol açır. Təbii ki, bu durum Sarkisyan hakimiyyətinin perspektivi üçün müsbət heç nə vəd etmir, əhali hakimiyyətin dəyişməsini istəyir. Buna inanmayanlar isə ən yaxşı çıxış yolunu ölkəni tərk etməkdə görürlər. Elə bütün bunların nəticəsidir ki, ölkədə əhalinin sayı sürətlə azalmağa doğru gedir. Belə vəziyyətdə daha bir maraqlı məsələ Ermənistanda dövlət məktəblərinin əhalinin azalmasına paralel olaraq bağlanmasıdır. Belə məktəblər 1404-dən 1391-dək azalıb. Milli statistika xidmətinin sosial və təbiəti mühafizə bölməsinin rəisi Nelli Baqdasaryan bildirib ki, ölkə üzrə dövlət ümumtəhsil məktəblərinin sayı 1404-dən 1391-dək, o cümlədən şəhərdə 533-dən 528-dək, kənd yerlərində isə 871-dən 863-dək azalıb. Onun sözlərinə görə, 2011-ci ildə məzunların sayı 36590 nəfər olmuşdusa, 2014-cü ildə onların sayı 24 466-ya enib.
Beynəlxalq qurumlar da vəziyyətin acınacaqlı olduğunu bildirir və qeyd edilir ki, əhali getdikcə azalacaq. Məsələn, BMT-nin proqnozlarına görə, əsrin sonuna kimi Ermənistan əhalisi 1,7-1,8 milyon nəfərə düşəcək. BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayrapetyan bildirib ki, hazırda Ermənistan əhalisi hüquqi cəhətdən 3 milyon, faktiki cəhətdən isə 2,6-2,8 milyon nəfər təşkil edir: "BMT-nin proqnozu 2010-cu il dünyada aparılan siyahıyaalmanın məlumatlarına əsaslanır".
Q.Ayrapetyan qeyd edib ki, 2100-cü ilədək dünya əhalisinin sayı 11,2 milyard olacaq, ən böyük əhali artımı Afrikanın payına düşəcək: "Əhalinin azalmasına səbəb olacaq əsas amillər doğum sayının azalması, miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli göstəricidir".
İşğalçı ölkədə sosial-iqtisadi uçurum etirazları partlayış səviyyəsinə çatıb
Ermənistanı cənginə alan sosial-iqtisadi uçurum etirazları partlayış səviyyəsinə çatıb. Ermənistanın "Soçiometr" sosioloji araşdırmalar mərkəzinin statistik məlumatına görə, 2050-ci ildə düşmən ölkənin əhalisi 65 faiz azalacaq. Belə ki, həmin vaxta kimi, hazırda 2 milyon 270 min olan Ermənistan əhalisinin sayı 1,5 və 1,3 milyon çıvarında məhdudlaşacaq.
Ölkədə yaranmış vəziyyətlə bağlı Ermənistanın "Daşnaksütyun" partiyasının fraksiyasından olan deputat Artsvik Minasyan "Novosti Armenii" saytına verdiyi açıqlamasında bildirib ki, Ermənistan hökumətinin dəqiq iqtisadi siyasəti yoxdur: "İşğalçı ölkəyə rəhbərlik edən Serj Sarkisyan və komandasının həyata keçirdiyi irrasional və yarıtmaz siyasət nəticəsində Ermənistanda demək olar ki, bütün sahələrdə xaotik durum yaşanır. Həmçinin, hökumətin yanaşmaları təsadüfi, situativdir - onları nə sosialist, nə liberal, nə də ki, bazar yanaşması adlandırmaq olar. Çünki iqtisadi siyasətdə dəyərlər sistemi yoxdur".
O, qeyd edib ki, hazırda Ermənistanda doğum əmsalı 1,6-1,7 təşkil edir, ancaq Ermənistan üçün bu gün ən ciddi problem miqrasiya olaraq qalır.
Bütün bunlar isə bir ölkə kimi Ermənistanın perspektivlərini də ciddi sual altına alır.
A.SƏMƏDOVA