Elşad Mirbəşiroğlu: "Rusiya 7 rayonun qaytarılması ilə bağlı Ermənistana müəyyən təzyiqlər edə bilər"
Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqların intensivləşdiyi müşahidə olunur. Bir qədər əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərləri və onun ardınca Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri problemin həllinə marağın artdığından xəbər verir. Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfəri və səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrə daha çox yer veriləcəyi barədə yayılan məlumatlar münaqişənin həllinin heç də uzaqda olmadığından, əks halda Azərbaycan öz ərazi bütövlüyünü ordunun gücü ilə həll etməli olacağı qənaəti yaradır. Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, səfər zamanı Rusiya və Ermənistan prezidentləri arasında bir sira məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcəkdir: "Bildiyiniz kimi, Ermənistanda bəzi proseslər baş verməkdədir. Bir sözlə, Serj Sarkisyan ölkəsini əvvəlki kimi, idarə edə bilmir. Bunu Rusiya tərəfi də çox gözəl başa düşür. Rusiya Ermənistanda baş verəcək hər hansı bir dəyişiklikdən narahatdır. Çünki bu dəyişikliklər Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsinə gətirib çıxara bilər. Yəni ola bilsin ki, bu görüşdə bu məsələlər müzkirə olunsun və Rusiya bu proseslərin mümkün nəticələrinin nəzarətdə saxlaması ilə bağlı Serj Sarkisyana müəyyən təlumatlar versin".
Politoloqun sözlərinə görə, son dövrdə Dağlıq Qarabağ məsələsi ətrafında müəyyən müzakirələr aparılır: "Mətbuatda da biz buna rast gəlirik ki, Rusiya 7 rayonun qaytarılması ilə bağlı Ermənistana müəyyən təzyiqlər edə bilər. Təbii ki, Dağlıq Qarabağ münaqişəsi Rusiya və Ermənistan prezidentlərinin görüşlərində hər zaman müzakirə olunur. Bu baxımdan, bu dəfə də bu məsələnin müzakirə olunacaqı gözələniləndir. Ümumilikdə, Rusiya üçün əsas maraqlı olan odur ki, Ermənistandakı mövqelərinin hər hansı bir təhlükə qarşısında qalmasının qarşısını alsın.
"Sergey Lavrovun Azərbaycana səfəri ilə Serj Sarkisyanın Rusiyaya səfəri arasında paralelik varmı" sualına cavab olaraq E.Mirbəşiroğlu bildridi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərindən Ermənistan böyük narahatçılıq keçirirdi: "Bu isə ondan xəbər verir ki, Azərbaycan kifayət qədər güclü potensiallı bir tərəfdaşdır. Rusiya isə Azərbaycanla əlaqələrinin daha da gücləndirilməsində maraqlıdır. Bunun üçün isə Azərbaycanın ərazilərinin işğalda saxlayan Ermənistana müəyyən təzyiqlərin edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşmasını şərtləndirə bilər. Çünki hər kəs çox gözəl dərk edir ki, Rusiya Ermənistana ciddi təzyiq etmək imkanlarına malikdir. Bu baxımdan Rusiya işğalçı ölkə olan Ermənistana təzyiqlərini artırmaqla Azərbaycanın işğal etdiyi torpaqları boşaltmağa məcbur etsin".
GÜLYANƏ