"Azadlıq" qəzeti Azərbaycan xalqına və dövlətçiliyinə qarşı elə ermənilər qədər düşmən kəslidiyini öz həyasızlığı ilə sübuta yetirir
Azərbaycan dövlətçiliyinə qarşı aşkar düşmənçilik mövqeyi sərgiləyən, erməni dəyirmanına su tökməklə siyasi gündəmdə qalmağa cəhdlər edən və bilavasitə AXCP sədri Əli Kərimlinin nəzarəti altında gün işığı görən "Azadlıq" qəzeti hələ də real faktları bir kənara qoyub, erməni lobbisinin korrupsiyalarına bulaşmış, böyük rüşvətlər hesabına ölkəmiz barədə yalanlar yazan bəzi Qərb media qurumlarının yazı-pozularını eşələməklə məşğuldur. Xüsusilə, qeyri-ciddiliyi ilə seçilən bəzi Avropa media qurumlarının, qəzet və dərgilərinin Azərbaycan barədə yazdıqları qeyri-həqiqətləri dərhal öz səhifəsinə yerləşdirən "Azadlıq" qəzeti və onun gizli (əslində aşkar-R.N.) baş redkatoru hətta həmin qərəzli informasiyaları Ermənistan mətbuatından da oğurlamağı unutmur. Yəni bu gün Ermənistan mətbuatı düşmən mövqeyində dayanır və burada təəccüblü heç nə yoxdur. Çünki həmin mətbuat düşmən ölkənin mediasına aiddir. Ancaq "Azadlıq" qəzeti sapı özümüzdən olan balta kimi, belə görünür ki, düşmən mətbuatının yazdıqlarının altında xətt çəkərək, Azərbaycan xalqına və dövlətçiliyinə qarşı elə ermənilər qədər düşmən kəslidiyini öz həyasızlığı ilə sübuta yetirmirş olur.
Siyasi cılızlığın və siyasi düşüklüyün bariz göstəricisi
Xüsusilə, bu ölkəyə qənim kəsilərək real haqqını alan Xədicə İsmayıl ətrafında haray-şivənçilik salan Əli Kərimlinin "Azadlığ"ı indi də bu mövzu ilə ictimai rəyin, necə deyərlər, baş-beynini aparmaqdadır. Avropanın hansısa mətbuatının Azərbaycana qarşı sifarişli yazısını görən kimi onu "qoyma gəldi" prinsipi ilə, hay-harayla car çəkən Kərimli bununla demək istəyir ki, "görürsünüz, erməni qardaşlarımız bizim səsimizə-səs verib, Azərbaycna qarşı böhtan və qərəz kampaniyasını böyük pullar hesabına Avropa mediasında işıqlandırırlar". Yəni təxmini də olsa, onun fikirlərinin kökündə məhz bu cür mənəviyyatsızlıqlar dayanır. Bu dəfə də belə olub. Məsələn, "Azadlıq"da İtaliyada nəşr edilən "Espreso" qəzetinin erməni lobbisinin buraxdığı rüşvəti hesabına Xədicə İsmayıl barədə yazdıqları cəfəngiyyatları bütün İtaliya mətbuatına aid edilməsinin özü Əli Kərimlinin siyasi cılızlığının, siyasi düşüklüyünün bariz göstəricisidir. Guya Xədicə İsmayıl o qədər "böyük fiquruymuş" ki, (fiziki cəhətdən çox böyük olmasına rəğmən-R.N.) dövlət rəhbərliyi onun varlığından çəkinirmiş (??!!-R.N.). Yəni bu ifadə ətrafında çox da gəzinməyərək, mətləbdən yayınmayaraq, Əli Kərimliyə İtaliya barədə bəzi xatırlatmalar etmək istərdim.
Dunya Miyatoviç İtaliyada həbs olunan jurnalistlərə görə ATƏT-i bir-birinə qatmışdı
Məsələn, çox maraqlıdır ki, Azərbaycanda söz və mətbuat azadlığının pozulduğunu iddia edən "Espreso" erməni puluna möhtac olmaqdansa, yaxşı olardı ki, İtaliyanın siyasi və ictimai həyatında 2013-cü ildə baş vermiş və səsi-sədası ATƏT-ə qədər gedib çıxmış hadisəni xatırlatmaq pis olmazdı. Belə ki, Milan Məhkəməsi 2010-cu ildə İtaliyanın nüfuzlu "Panorma" qəzetində palermolu hakim Françesko Messineo haqqında yazdıqları məqalənin dərc edilməsindən sonra böhtan ittihamı üzrə jurnalistlər Andrea Marçenaro, Corcio Mule və Rikardo Arenaya həbs cəzası vermişdi.
2013-cü ildə isə ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç İtaliyada üç jurnalistə böhtana görə verilən cəzadan narahatlığını bildirmişdi. Hətta bu barədə ATƏT-in yaydığı rəsmi məlumatda da bu barədə vurğulanmışdı.
Məsələyə daha yaxından nəzər salaq. Miyatoviç bildirmişdi: "Mən İtaliya hakimiyyəti ilə sıx təmasda işləməkdə davam edəcəyəm və diffamasiyanın dekriminallaşdırılmasına yardım edəcəyəm. Bu, gələcəkdə böhtana görə ittihamlarla üzləşməmək və jurnalist araşdırmasını stimullaşdırmaq üçün mümkün qədər tez edilməlidir".
Miyatoviç, həmçinin böhtana görə cəzanı nəzərdə tutan cinayət qanunvericiliyinə malik olan ATƏT-in digər iştirakçı dövlətlərini müvafiq qanunları ləğv etməyə çağırmışdı. Hətta Miyatoviç İtaliyadakı jurnalist həbslərinə görə ATƏT-i bir-birinə qatmışdı.
Yeri düşmüşkən, o da sirr deyil ki, son zamanlar İtaliyada böhtana görə cinayət işlərinin artdığı müşahidə olunur. 2012-ci ilin sentyabrında Kassasiya Məkhəməsi "Libero" qəzetinin redaktoru Alessandro Sallusti haqqında çıxarılmış hökmü qüvvədə saxlamışdı…
Bu cür faktlardan yüzlərləsini Əli Kərimlinin üzünə çırpmaq olar
Ancaq problemlər İtaliyada yalnız media ilə bağlı deyil. O cümlədən, korrupsiya halları da bu ölkədə qarşısıalınmaz problemə çevrilib.
Korrupsiyada bu ölkənin bir çox önəmli isimlərinin adları ilə yanaşı, infrastruktur və nəqliyyat naziri Maurizio Lupinin adı tez-tez çəkilir. Məsələn, İtaliyada aparılan araşdırma nəticəsində 25 milyard avro dəyərində layihələrdə korrupsiya ilə bağlı 4 nəfər həbs edilib. Telefon danışıqları nəticəsində ortaya çıxan hadisə zamanı nazir özünü müdafiə etməyə çalışsa da, onun yaxın dostu olduğu bildirilən və həbs edilən biznesmen Stefano Perottinin Lupinin oğluna 10 min avro məbləğində "Rolex" saatı verdiyi və onun işə girməsinə vasitəçilik etdiyi ortaya çıxıb. Ümumiyyətlə, bu hadisə ilə bağlı İtaliyada 4 nəfər həbs edilib, 51 nəfər isə istintaqa ifadə verib. Florensiya Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində "Expo-2015" layihəsi çərçivəsində həyata keçirilən inşaatlar, bəzi liman və şosse yol layihələri, Milan - Verona və Florensiya-Bolonyaarası sürətli qatar xətti, Roma və Milan metrolarında aparılan inşaat layihələrində korrupsiya hallarının baş verdiyi təsbit edilib. Hakimlər Birliyi başçısı Rodolfo Sabelli hökuməti korrupsiya qarşısında sərt tədbirlər görməməkdə və sui-istifadə hallarına yol verənləri müdafiə etməkdə günahlandırıb. Neapol şəhərində aparılan digər bir tədqiqat nəticəsində UNESCO-nun Dünya İrs Siyahısında yer alan qədim Pompey şəhərinin keçmiş rəhbəri Marçello Fioriyə məxsus 5 milyon 770 min avro vəsait müsadirə edilib. Mədəniyyət Nazirliyinin Campaniya bölgəsindəki şöbəsinin 9 işçisi də istintaqa cəlb edilib. Müəyyən edilib ki, 2010-cu ildə Pompeydəki qədim teatrın restavrasiyası zamanı külli miqdarda vəsait mənimsənilib.
Bu cür faktlardan yüzlərləsini Əli Kərimlinin üzünə çırpmaq olar. O cümlədən, Azərbaycan əleyhinə çıxış etmək üçün erməni lobbisinin pullarına tamah salan "Espresso"ya da həmin silləni vurmaq mümkündür. Sadəcə, belə ucuz şoular ətrafında "nüfuz" qazanmaq istəyənlərin səviyyəsinə enməyə lüzum yoxdur. Onsuz da bilən-bilir, hətta yaxşı bilir ki, Əli Kərimlini ermənidən fərqləndirən elə də ciddi amillər yoxdur. Hətta bilməyən onun Azərbaycana olan münasibətinə nəzər salsa, Kərimlinin türk qardaşlarımız demişkən, bizzat erməni olduğuna şübhə etməz. Bu səbəbdən, ona bəzi xatırlatmaları etməklə kifayətlənməli olduq…
Rövşən NURƏDDİNOĞLU