"Azərbaycan Silahlı Qüvvələrinin son vaxtlar keçirdiyi bütün təlimlər Ermənistanın və onun havadarlarının yuxusuna haram qatıb". Bu fikirləriSİA-ya açıqlamasında hərbi-ekspert Üzeyir Cəfərov deyib.Onun sözlərinə görə, budəfəki ən böyük, ən geniş tərkibli təlimlər düşmənin çox ciddi narahatçılığına səbəb olub: "İş o yerə çatıb ki, Moskvada bir günlük rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan öz narahatçılığını Rusiyanın dövlət başçısı Vladimir Putinə də çatdırıb. Özü də bunu qəribə elə fonda təsvir edib ki, vəziyyətdən xəbəri olmayan bir dövlət düşünərdi ki, yəqin Azərbaycan artıq Ermənistanın yarısını alıb və bu dövləti yer üzündən silməyə hazırlaşır. Əslində bütün dövlətlər, o cümlədən də Rusiya bütün proseslərdən xəbərdardır. Bütün dünya bilir ki, 20 ildən artıqdır öz havadarları hesabına torpaqlarımızı işğalda saxlayan Ermənistanın nə iqtisadi, nə də hərbi gücü Azərbaycanla rəqabət aparmağa yetməz. Ölkəmizin dünya arenasında günü-gündən artan iqtisadi və hərbi gücü düşmənləri son dərəcə ciddi təşvişə salıb. Ona görə də, Komanda Qərargah Hərbi Oyunları da sözün əsl mənasında Ermənistanı narahat edir. Onlar narahat olmaya bilməzlər. Çünki Azərbaycanın təlimlərə cəlb edilən şəxsi heyətinin sayı bütövlükdə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayına yaxın bir rəqəmdir".Hərbi-ekspert həmçinin bəzi kütləvi informasiya vasitələrində yayılan müharibə anonslarına da münasibət bildirib: "Mən hələ ki, belə bir istəyin olmasını düşünmürəm. Düzdür Azərbaycan dövləti sonsuzluğa kimi dözə bilməz ki, nə vaxtsa Beynəlxalq qurumlar - ATƏT-in Minsk qrupu qeyrətə gəlib işğalçıya düzgün yol göstərəcəklər. Beynəlxalq qurumlar tərəfindən verilən bəyanatlardan açıq şəkildə sezmək mümkündür ki, Dağlıq Qarabağla bağlı müsbətə doğru addımlar atılmayacaq".
sia.az