"Heç şübhəsiz ki, mən müxalifətin Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin siyahısının açıqlamamasına görə narahatçılığını başa düşürəm". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.Millət vəkilinin sözlərinə görə, hər bir partiya namizədlərini elan etsə də biz gündəlik dairələrlə, yerli təşkilatlarla, seçki qərargahları ilə əlaqə saxlayırıq: "Çalışırıq ki, müəyyənləşdirək görək kimlər dairə seçki komissiyasına müraciət edib və onlar hansı partiyalardır və s. Onlar gözləmə mövqeyi tuturlar ki, hansı dairədən YAP-ın hansı namizədi irəli sürüləcək. Bunda sonra da ola bilsin ki, onlar öz dairələrində dəyişikliklər etsinlər. Bu şəxslər çalışacaqlar ki, zəif nöqtə tapsınlar və həmin nöqtədən namizəd irəli sürüb Milli Məclisdə yer qazanmaq uğrunda mübarizə aparsınlar".S.Novruzov əlavə edib ki, ümumilikdə götürəndə parlament seçkiləri ilə bağlı həm ictimai-siyasi mühit sağlamdır, həm qanunvericilik bazası var, həm də seçkilərə hazırlıq prosesi tam normal qaydada gedir: "Azərbaycanda olan ictimai-siyasi təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri, bütün təbəqədən olan insanlar seçkilərdə iştirak etməsi ilə bağlı bəyanat veriblər. Artıq onların müəyyən hissəsi dairələrə müraciət etməyə başlayıb. Yerdə qalan bir neçə qurum isə sosial bazası, elektoratı olmayan siyasi təşkilatlardır. Bəllidir ki, onlar milli satqınlardır. "Milli Şura" adlı bu qurum dairələrin heç birindən namizəd irəli sürə bilmədiklərindən və bu gün tənəzzül dövrü yaşadıqlarından bu prosesdə iştirak etmirlər. Qeydiyyatdan keçən siyasi təşkilatların demək olar ki, əksəriyyəti seçki prosesində iştirak edir".
sia.az