Erməni əsgər anaları müharibə qoxusu içindədirlər
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda- Qərargah Hərbi Oyunları keçirilir. Təlimlərə 65 min nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi-Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi-Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.
"Bizim ordumuz bizim qürurumuzdur, müstəqilliyimizi şərtləndirən amildir"
Azərbaycanda dövlət quruculuğunun mühüm tərkib hissəsi olan Silahlı Qüvvələr hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində dayanıb. Ordu quruculuğu siyasəti bu gün Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Bu gün Azərbaycan Ordusu, dünya miqyasında güclü ordular sırasındadır"- deyə dövlət başçısı Ermənistanın daha da çox tənəzzülə uğradığını, dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içində olduğunu və ölkənin inkişafı üçün heç bir resursun olmadığını bildirib: "İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni insan resursları da yoxdur. Belə getsə, gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da".
Əlbəttə ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir. Müqayisə üçün qeyd edək ki, Ermənistanın 2013-cü il üçün dövlət büdcəsinin gəlirlər hissəsi 2,5 milyard dollar nəzərdə tutulur. Beləliklə, Prezident İlham Əliyevin ötən 10 illik hakimiyyəti dövründə Azərbaycanın hərbi xərcləri 23 dəfədən çox artmış oldu. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdən birini tutdu.
Beləliklə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bundan sonra da ölkənin hərbi-sənaye potensialının güclənməsinə, ordunun qüdrətinin artmasına daha böyük dəstək veriləcək və daha böyük vəsait ayrılacaq: "Bizim iqtisadi gücümüz hərbi gücə çevrilibdir. Biz bundan sonra da öz hərbi imkanlarımızı artıracağıq, bundan sonra da danışıqlar masasında prinsipial mövqeyimizi gücləndirəcəyik. Bizim prinsipial mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir".
"Güclənən Azərbaycan Ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir"
Ölkə Prezidenti çıxışlarında güclənən Azərbaycan Ordusunun Ermənistan üçün böyük təhlükə mənbəyi olduğunu bildirib: "Hazırda güclənən Azərbaycan Ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir. Onu özləri də etiraf edirlər. Özləri də öz məğlubiyyətlərini etiraf edirlər. Çünki onların yüksək vəzifəli rəsmi şəxsləri dəfələrlə bəyan etmişlər ki, Ermənistan təhlükəsizliyini özü təmin edə bilmir. O ölkə ki, öz təhlükəsizliyini təmin edə bilmir, o ölkə müstəqil ölkə sayıla bilməz. Bu etiraf əslində məğlubiyyətin etirafıdır. Bu etiraf, acizliyin etirafıdır. Onlar bizim qarşımızda duruş gətirə bilmir, özləri bunu etiraf edir. Bu gün güclənən Azərbaycan Ordusu məsələnin həlli üçün ən birinci amildir. Hətta atəşkəs rejimi şəraitində bizim güclənən ordumuz erməniləri təşvişə salır. Biz hamımız yaxşı bilirik və operativ məlumat da alırıq ki, Ermənistan ordusu təşviş içindədir. Biz təmas xəttində üstünlüyü tam şəkildə əldə etmişik. Təmas xəttində vəziyyətə tam şəkildə biz nəzarət edirik. Ancaq Azərbaycan dövlətinin sülhsevər siyasəti bu gün sabitliyin qarantıdır. Heç bir kənar qüvvə bu bölgədə sabitliyin qarantı ola bilməz. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz dəfələrlə mötəbər beynəlxalq kürsülərdən eşidirik ki, məsələ sülh yolu ilə həll olunsun. Amma məsələnin sülh yolu ilə həll olunması bizim iradəmizdən asılıdır. Biz istəyirik ki, bu, sülh yolu ilə həll edilsin. Bizim iradəmizə, siyasətimizə heç kim təsir edə bilməz. Bunu hamı bilsin. İlk növbədə, Ermənistan və bu məsələ ilə məşğul olan vasitəçilər də bilsinlər ki, ancaq Azərbaycanın sülhsevər mövqeyi bu gün vəziyyəti sülh şəraitində, atəşkəs rejimində saxlaya bilər. Ancaq bizim səbrimiz tükənməz deyildir".
Elman Nəsirli: "Azərbaycan hərbi təlimləri keçirmək, öz gücünü və potensialını təkmilləşdirmək hüququnu özündə saxlayır"
Sentyabrın 6-dan başlanılan Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin cəbhəyə yaxın bölgədə hərbi təlimlər keçirməsi Ermənistanı ciddi narahat edir. İşğalçı Ermənistanın bu narahatlığı nədən qaynaqlanır? Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Əlaqələr Komissiyasının katibi, politoloq Elman Nəsirli qəzetimizə açıqlamasında bildirib ki, işğalçı Ermənistan Azərbaycanın artan gücü qarşısında bu cür mövqe sərgiləməyə başlayıb: "Ümumiyyətlə, bütün parametrlər üzrə Azərbaycan Ermənistanı üstələyir. Azərbaycan Silahlı Qüvvələrinin cəbhəyə yaxın bölgədə hərbi təlimlər keçirməsi işğalçı ölkəni çox narahat edir. Ərazisi işğal vəziyyətində olan dövlətin hərbi manevr keçməsi və hərbi büdcəsinin artması, o cümlədən, xaricdən ən müasir silah-sursat alması müsbət bir haldır. Azərbaycan tərəfindən atılan bütün bu addımların hamısı ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası mənafeyinə xidmət göstərir".
Politoloqun sözlərinə görə, Azərbaycan dövləti istənilən vaxt Dağlıq Qarabağ münaqişəsinin istənilən yolla, o cümlədən, hərbi yolla həll etmək hüququnu saxlayır: "Eyni zamanda, BMT Nizamnaməsinin 51-ci maddəsi bizə bu hüququ verir. Həmin maddədə aydın şəkildə yazılıb ki, ərazisi təcavüzə məruz qalan dövlətin həm fərdi, həm də kollektiv müdafiə hüququ var. Yəni Azərbaycan cəbhəyə yaxın bölgədə hərbi təlimlər keçirməklə, Azərbaycan dövləti öz ordusunu hərbi imkan və potensialını gücləndirmək məqsədi güdür. Bir sözlə, beynəlxalq birlik də onun fərqində olmalıdır ki, nə qədər Azərbaycanın ərazi bütövlüyü təmin olunmayıb, suverenliyimiz, ərazi bütövlüyümüz və sərhədlərimizin toxunulmazlığı prinsipləri pozulub, belə olan halda da, Azərbaycan dövləti də davamlı şəkildə belə hərbi təlimləri keçirmək, öz gücünü və potensialını təkmilləşdirmək hüququnu özündə saxlayır".
Üzeyir Cəfərov: "İrimiqyaslı təlimlər Azərbaycana faydalı olacaq"
Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, sentyabrın 6-dan başlayaraq ölkə ərazisində keçirilən ilk irimiqyaslı hərbi təlimlərin Azərbaycan Silahlı Qüvvələri üçün çox böyük önəmi var. O, qeyd edib ki, bu təlimlər hərtərəfli hazırlıq, qoşunların əlaqəli öz mükəlləfiyyətlərini yerinə yetirməsi nöqteyi-nəzərindən çox mühümdür: "Məşhur deyim var: "Təlimdə tər tökərsən, döyüşdə az qan itirərsən". Bu təlimlər kiçikmiqyaslı deyil, ilk dəfədir bütün Azərbaycan üzrə keçirilir. Təlimlərə cəlb olunan şəxsi heyətin sayı da rekord həddədir. 65 min nəfər şəxsi heyət Azərbaycan tarixində ilk dəfədir ki, təlimlərə cəlb olunur. Quru qoşunları, Hərbi-Hava Qüvvələri, Hərbi-Dəniz Qüvvələri - bütün qoşun növləri bu təlimlərdə yaxından iştirak edirlər".
Üzeyir Cəfərov hesab edir ki, irimiqyaslı təlimlər Azərbaycana faydalı olacaq: "Çünki Dağlıq Qarabağ münaqişəsi hələ də həllini tapmayıb. Azərbaycan Ordusunun gücü danışıqlar prosesində özünü göstərəcək. Azərbaycan Silahlı Qüvvələrinin gücünü görən həm düşmənin havadarları, həm də Ermənistan çox ciddi təşviş keçirir. Əgər onlar normal düşünməyi bacarırlarsa, Ali Baş Komandan, Prezident İlham Əliyevin dəfələrlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verilməyəcəyi ilə bağlı bəyanatını çox ciddi qəbul etməlidirlər. Bütün bunlar məlumdursa, nəyə görə şikayətlənirlər? Azərbaycan öz işini görəcək və tamamilə əminəm ki, sonuncu təlim həm sayına, həm də keyfiyyət baxımından olduqca əhəmiyyətli olacaq. İnşallah, Azərbaycan məhz bu təlimlər sayəsində öz ərazi bütövlüyünü bərpa edəcək və regionun ən güclü ordusu və ən güclü dövlətlərindən biri kimi özünü təsdiq edəcək".
Əsgər anaları Sarkisyana qarşı
Erməni KİV-nin məlumatına görə Azərbaycanda keçirilən hərbi təlimlərindən narahat olan erməni anaları narahatçılıq keçirir. SƏS" qəzeti Ermənistanın "Aykakan Jamanak" qəzetinə istinadən xəbər verir ki, Ermənistanda vəziyyət yenidən gərginləşib. Atəşkəsi mütəmadi olaraq gün ərzində orta hesabla 60-100 dəfə pozan ermənilərin bütün cəhdlərinin qarşısı qətiyyətlə alınır, silah-sursatları, hərbi avadanlıqları məhv edilir, çox sayda itki verirlər. Cəbhədə həlak olmuş əsgər anaları keçirilən mitinqlərdə bildiriblər ki, öldürülən əsgərlər üçün cavabdeh elə Sarkisyanın özüdür və bunun üçün məsuliyyət daşımalıdır. Ermənistanın kütləvi informasiya vasitələrinin xəbərinə görə, erməni əsgər anaları tərəfindən yaradılmış, ölən hərbi qulluqçuların ölüm səbəblərini araşdıran "Mayreri viştı" ("Anaların ağrısı") təşkilatı Sarkisyanı istefa tələbi ilə çıxış ediblər. Onlar övladlarının Ermənistanda Sarkisyanın aparılan mənfur siyasətin qurbanı olduqlarını bildiriblər.
Beləliklə, Azərbaycanın uğurlar əldə etməsi, o cümlədən Prezident İlham Əliyevin yeritdiyi uğurlu ordu quruculuğu siyasətinin konkret bəhrələrini verməsi Yerevanı, xüsusilə də əsgər analarını çox narahat edir. Çünki bilirlər ki, Azərbaycan Ordusu ən yeni silahlar əldə edib. Ancaq Ermənistan isə, öz zəifliyini ört-basdır etmək üçün müxtəlif iftiralar uydurur, təxribatlar törədir, haqq və ədalətdən çəkinirlər. Ancaq bunun da əbədi olmadığını bilməlidirlər.
A.SƏMƏDOVA