İlham Əliyev: "Gələcəkdə də hər sahədə "ASAN xidmət"in standartları olmalıdır"
Azərbaycanın sosial, iqtisadi, siyasi, mədəni və eləcə də, bütün sahələrdə əldə etdiyi yüksək göstəriciləri ölkəmizin qüdrətini daha da artırır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması Azərbaycanın dinamik inkişafını təmin edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan milli inkişaf strategiyası hər bir sahənin paralel inkişafına müsbət təsirini göstərir.
Bütün görülən işlərlə yanaşı, son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində də mühüm işlər görülüb. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılıb, əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Azərbaycan Prezidentinin məlum Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri bu baxımdan təqdirəlayiqdir. Bu gün ölkəmizdə "ASAN xidmət" mərkəzləri operativ şəkildə fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzləri dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınmasında, şəffaflığın təmin edilməsində, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzini formalaşdırıb.
Bu gün ölkəmizin müxtəlif məkanlarında bu mərkəzlər fəaliyyət göstərir. Bakı şəhər 1 saylı "ASAN xidmət" mərkəzi paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlara, Sumqayıt "ASAN xidmət" mərkəzi bu şəhərin sakinlərinə, eyni zamanda, Abşeron, Siyəzən, Şabran və Xızı rayonlarının sakinlərinə, Bakı şəhər 2 saylı "ASAN xidmət" mərkəzi Xətai, Nizami və Suraxanı rayonlarının sakinlərinə xidmət göstərir. Miqyası günü-gündən genişlənin mərkəzlərin sayı artır. Eyni zamanda "ASAN xidmət" səyyar şəkildə də vətəndaşlara xidmət göstərir. Azərbaycanın regionlarına səyyar təşkil olunan xidmətdən yüzlərlə insan yararlanır və dövlət tərəfindən yaradılan şəraitdən məmnun qalırlar.
Milyonlarla insanın müraciət etdiyi "Asan xidməti" bürokratiyasız, korrupsiyasız, rahat, mədəni şəkildə gözəl xidmətlər həyata keçirir. Bu yaxınlarda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin imzaladığı məlum Fərman əsasında "ASAN xidmət"ə yeni funksiyalar da verilib. Görülən işlər "ASAN xidmət" mərkəzində vətəndaşların rahatlığının, şəffaflığının təmininə yönəldilib. İdarəetmə sahəsində islahatlar uğurla və davamlı həyata keçirilir. Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə ölkə başçısı çıxışında "ASAN xidmət"in korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə əhəmiyyətini bildirib. Müasir dövrümüzdə bu fəaliyyətin genişləndirilməsi zəruridir. Belə ki, bəzi xoşagəlməz halların qarşısını alınmasında "ASAN xidmət" gözəl vasitədir. Cənab İlham Əliyev müşavirədə nəqliyyat sektorunda da ciddi pozuntuların olduğunu bildirib və insanların burada incidildiyini, onların qarşısına əsassız tələblər qoyulduğunu diqqətə çatdırıb:"Biz artıq bu sahənin bir hissəsini "ASAN xidmət"ə vermişik. Gələcəkdə də hər sahədə "ASAN xidmət"in standartları olmalıdır".
Qeyd edək ki, "ASAN xidmət" qısa bir müddətdə uğur qazanıb. Azərbaycan Prezidenti Cənab İlham Əliyev vətəndaşların rahatlığını təmin edən mərkəzin fəaliyyətini yüksək şəkildə qiymətləndirib: "ASAN xidmət", doğrudan da ictimai xidmətlər, ümumiyyətlə ictimai əlaqələr sahəsində bir inqilab olub. Bu gün dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da çox böyük hadisədir".
Ümumiyyətlə, bu gün Azərbaycanda gedən bütün işlər müasir səviyyədə həyata keçirilir. Görülən işlər, aparılan islahatlar, reallaşan layihələr insanların sosial məişətinin, həyatın firavanlığına yönəlib. Buna Azərbaycanın bütövlükdə inkişafı imkan verir. "Ölkəmiz müasirləşir və inkişaf edir. "ASAN xidmət"in fəaliyyətə başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik olsunlar. Azərbaycan vətəndaşları üçün bu xidmət də fəaliyyət göstərir və yüksək xidmət göstərir", - deyən Cənab İlham Əliyev korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə "ASAN xidmət"in çox mühüm rol oynadığını vurğulayıb. Eyni zamanda, bu mərkəzdə yeni texnologiyalar, innovasiyalar tətbiq olunur. Bu, innovasiya, yeni fikrin, yeni yanaşmanın yaranması Azərbaycanın inkişafının göstəricisidir.
Bu gün dünya dərin iqtisadi və maliyyə böhranı içində yaşadığı zaman Azərbaycan inkişaf edir, müasirləşir. Avropada, Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Qanlı toqquşmalar nəticəsində insanlar həyatını itirirlər. Azərbaycan Prezidentinin müşavirədə vurğuladığı kimi, bütün bu mənfi mənzərə fonunda Azərbaycan iqtisadiyyatı inkişaf edir: "Ölkədə sabitlik möhkəmlənir. Bizim beynəlxalq mövqelərimiz daha da güclənir. Bizimlə əməkdaşlıq edənlərin sayı gündən-günə artır. Azərbaycan beynəlxalq birliyin dəyərli, böyük hörmətə malik bir üzvüdür. Ölkədə proseslər müsbət istiqamətdə gedir. Xalq bizim siyasətimizi dəstəkləyir. Hətta böhranlı illərdə də bizim iqtisadiyyatımız uğurla inkişaf edir".
Görülən işlər, əldə olunan nailiyyətlər bizə deməyə əsas verir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb.
Nəzakət ƏLƏDDİNQIZI