"Dağlıq Qarabağ bölgəsində sentyabrın 13-də qondarma "özünüidarə orqanları"na keçirilməsi nəzərdə tutulan "seçkilər"in məsuliyyəti və günahı beynəlxalq təşkilatların üzərinə düşür". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.Beynəlxalq təşkilatların seçkiləri tanımamaları ilə bağlı yalançı bəyanatlar verdiyini deyən QAT sədri söyləyib ki, əgər beynəlxalq təşkilatlar obyektiv mövqedə dayanırlarsa və sözün həqiqi mənasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirlərsə, o zaman ermənilərin bu cür hərəkətlərinin qarşısını almalıdırlar: "Beynəlxalq təşkilatlar yalançı bəyanatlar verməklə işlərini bitmiş hesab edirlər. Yalançı məlumatlar isə qondarma rejimin təbliğinə yönəlib. Əgər həqiqətən də bu mövqedədirlərsə, o zaman ermənilərin bu cür hərəkətlərinin qarşısını almağa çalışmalıdırlar. Onlar birmənalı şəkildə öz mövqelərini bildirməli, qondarma seçkilərə görə Ermənistanı cəzalandırmalıdırlar. Təbii ki, Azərbaycan tərəfindən də hərbi əməliyyatlar başlanılmalı və rəsmi İrəvanın qondarma Dağlıq Qarabağ bölgəsindəki bütün oyunbazlıqlarına son qoyulmalıdır. Beynəlxalq təşkilatlar, güclər çox istəyirlər ki, Azərbaycan danışıqlarda iştirak etsin. Ölkəmizin danışıqlarda iştirakı üçün bu cür halların olmaması bir şərt kimi qoyulmalıdır".
sia.az