"Ayağa qalx, Ermənistan!" və "Sənə inanmırıq, Serj!" cəmiyyətləri yumruğu bir yerə vuracaq
Yerevan yenə çalxalanır. Şəhərdə oturaq aksiyalar davam edir. "SƏS" qəzetinin erməni mətbuatına istinadən sentyabrın 9-da növbəti etirazçı təşkilatın yaranması ilə bağlı konfrans keçirilib. Konfransda "Talana yox!", "Ayağa qalx, Ermənistan!" yeni yaranan "Sənə inanmırıq, Serj!" hərəkatı ilə birlik nümayiş etdirəcəklərini mübarizə aparacaqlarını bildiriblər.
Konfransda çıxış edən Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan Ermənistanda hazırkı vəziyyəti dəyərləndirərkən bildirib ki, xalqın səsini, malını oğurlayan prezident ölkəyə necə rəhbərlik edə bilər?
Ter-Petrosyan: "Serj Sarkisyan Ermənistanı cəhənnəmə döndərib"
L.Ter-Petrosyan Serj Sarkisyanın növbəti dəfə prezident seçildikdən sonra ölkədə istər siyasi, istərsə də iqtisadi vəziyyətin kəskin hal aldığını bildirib: "Bu gün Ermənistan cəhənnəmə dönüb. Ölkənin şəhər və kəndlərində yaşayan əhalinin 98 faizi yoxsulluq içərisində boğulur. Ermənistanın büdcəsi 7,5 milyard dollar olmalıdır. Başqa cür desək, Serj Sarkisyan, Tiqran Sarkisyan onlaradək isə Robert Koçaryan xalqın hər il 5 milyardını oğurlayır".Ter-Petrosyan 1998-ci ildən bu günədək Ermənistanı 1 milyondan artıq insanın tərk etdiyini deyib: "Stalin vaxtilə zorla insanları Yakutsk, Altay və Sibirə sürgün edirdi. İndi isə Serj Sarkisyan əhalini elə bir həddə gətirib ki, onlar könüllü şəkildə babalarımızın olduğu ərazilərə sürgünə gedirlər. Robert Koçaryan və Serj Sarkisyan özləri Ermənistanı tərk etməyəcəkləri təqdirdə, problem həllini tapmayacaq".
Levon Ter-Petrosyanın Serj Sarkisyana ünvanladığı bu sözlər onun prezident yox, ölkəni, milləti qarət edən bir cinayətkar olduğunu ortaya qoyur: "Əgər Sarkisyanın kişiliyi çatırsa, əlini stola vurub desin ki, "bu gündən oğurlamağı dayandırırıq".L.Ter-Petrosyan onu da bidirb ki, ölkədə sürətli bahalaşma var və qiymət artımından ən çox əziyyət çəkənlər də, təbii ki, adi vətəndaşlardır: "Sarkisyan yalan vədlər verməklə məşğuldur. Yeni yaranan "Sənə inanmırıq" təşkilatının Sarkisyan rejiminə son qoyacağına tam əminik".
Qeyd edək ki, Levon Ter-Petrosyan prezident Sarkisyanı "Ermənistan və Qarabağ üçün faciəli nəticələrə" gətirə biləcək siyasətdə tənqid edərək istefaya çıxmağa səsləyib. Bildirib ki, Ermənistan prezidenti Rusiya və Qərbin gözündə "etibarlı tərəfdaş" imicini itirib: "Sarkisyanın "diqqətsizliyi, daha doğrusu, avantürist siyasi çaş-başlığı sayəsində" ölkəyə istər Qərbdə, istərsə də Rusiyada "etibarsız partnyor şöhrəti qazandırıb".
Bu gedişlə Ermənistanı hansı aqibət gözləyir?
Ermənistan hakimiyyətinin siyasi səriştəsizliyi nəticəsində ölkənin istər regional, istərsə də beynəlxalq miqyasda təcrid mühitinə düşməsi Ermənistanda vəziyyəti böhran həddinə çatdırıb. Ötən ilin oktyabr ayında Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ölkədə ictimai-siyasi və sosial-iqtisadi durumun xeyli dərəcədə gərginləşməsinə gətirib çıxarıb. Belə ki, Ermənistanın quruma beynəlxalq hüquqi sənədlərdə qəbul olunmuş sərhədlərlə, yəni Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və həmsərhəd rayonlarının əraziləri istisna olmaqla daxil olması Ermənistanın, xüsusilə də Dağlıq Qarabağın erməni ictimaiyyətinin ciddi narahatlığına səbəb olub. Hovik Abramyandan savayı, Serj Sarkisyanın alternativ variantı hesab olunan Ermənistanın hazırkı müdafiə naziri Seyran Ohanyanın 2018-ci ildə keçiriləcək prezident seçkilərində hakim partiya tərəfindən namizəd kimi irəli sürüləcəyi və seçkilərdə qalib gələrək prezident olacağı məsələsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, onun ölkə ictimaiyyəti arasında siyasi nüfuzunun olmaması və müdafiə naziri olduğu dövrdə orduda mövcud olan döyüş və qeyri-döyüş itkilərinin, digər neqativ halların sayının əvvəlki illərlə müqayisədə artması bu ehtimalları əsassız edir.
Hakimiyyətə qarşı narazılıların təşkilatları "Ayağa qalx, Ermənistanı" və yeni yaranan "Sənə inanmırıq, Serj!" təşkilatı üzvləri qüvvələrin birləşdirilməsi ilə hakim rejimin hakimiyyətdən uzaqlaşdırılmasının mümkünlüyü bildirilir. Fəallar, eyni zamanda əsgər analarından da dəstək aldıqlarını deyiblər.
"Sarkisyan müstəqil ölkənin prezidenti olmadığı kimi, müstəqil siyasət də yürütmək bacarığında deyil"
Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Əlaqələr Komissiyasının katibi, politoloq Elman Nəsirli deyib ki, Ermənistanda konstitusiya islahatı həyata keçirməklə bağlı təşəbbüslərə başlanılıb. Konstitusiya islahatının mahiyyəti isə, əslində Sarkisyan rejimini qoruyub saxlamaqdan ibarətdir. Onun sözlərinə görə, Sarkisyan rejimi Konstitusiyada dəyişiklik etmək bəhanəsi ilə ölkənin bütün güc strukturlarına öz adamlarını gətirmək niyyətindədir: "Sarkisyan müstəqil ölkənin prezidenti olmadığı kimi, müstəqil siyasət də yürütmək bacarığında deyil. Məlum olduğu kimi, Ermənistan siyasi sistem baxımından prezidentli respublikadır və Ermənistan prezidenti Sarkisyan öz hakimiyyətini qoruyub saxlamaq üçün ölkəni konstitusiya islahatı vasitəsilə parlamentli respublikaya çevirmək istəyir. Sarkisyan bəyan edir ki, parlamentli respublikada nə prezident, nə də baş nazir olmaq fikri yoxdur. Amma erməni siyasətçiləri qeyd edirlər ki, Sarkisyan spiker olub-olmayacağı haqqında heç nə demir. Parlamentli respublikada spikerin çox geniş səlahiyyətlərinin olması haqqında artıq müəyyən fikirlər səsləndirilir, yəni konstitusiya layihəsində məsələ belə qoyulub. Nəticə etibarilə, Sarkisyan ona nail olmaq istəyir ki, konstitusiya islahatları həyata keçirib ölkəni parlamentli respublika etsin və nəticədə prezidenti xalq deyil, parlament seçsin. Parlamentdə isə saxta seçkilər vasitəsilə hakimiyyəti əldə saxlasın. Yəni onun partiyası parlamentdə yüksək əksəriyyət təşkil etməklə prezidenti seçsin. Bu zaman prezident Sarkisyanın adamı olur. Əgər özünün də dediyi kimi baş nazir olmaq istəmirsə, o zaman baş naziri də özünə sərfəli adamı seçərək müəyyənləşdirir. Sarkisyan bununla da parlamentdəki üstünlükdən istifadə edərək spiker ola bilər. Hətta özü spiker olmasa belə, hakim partiyanın rəhbəri olaraq öz adamlarını vəzifələrə qoymaqla idarəçiliyi kənardan da olsa, özü idarə edəcək". Elman Nəsirli onu da vurğulayıb ki, Ermənistanda Sarkisyana heç kim inanmır: "Ölkə iqtisadiyyatının acınacaqlı vəziyyəti isə xalqın getdikcə daha böyük etirazına səbəb olur. Sarkisyanın baş nazir olmaq iddiasını erməni müxalifəti çox zaman vurğulayır və qeyd edirlər ki, Sarkisyana inanmaq olmaz. Bu insan azad, müstəqil bir dövlətin prezidenti deyil ki, sərbəst qərar qəbul etsin. Ona görə də, onun sözünə inanmaq olmaz, bu, erməni müxalifətinin də mövqeyidir. Məhz bu baxımdan etirazçıların yeni yaratdığı təşkilat "Sənə inanmırıq, Serj!" adlanır. Xalq və erməni müxalifəti bunu çox gözəl dərk etdiyindən, Ermənistanda etiraz dalğasının artıq getdikcə yeni mərhələsi formalaşmaqdadır. Bu mərhələni gücləndirən amillər sırasında Ermənistanda iqtisadi durumun daha da pisləşməsi və xüsusilə dramın kəskin şəkildə ucuzlaşması əsas təsir edən amillər sırasındadır".
Beləliklə, politoloqların sözlərinə görə, yeni yaranan "Sənə inanmırıq, Serj!" təşkilatının fəaliyyəti və tələbləri əvvəlki təşkilatlardan fərqli olduğu üçün sonu S.Sarkisyanın hakimiyyətdən gedişi ilə başa çatacaq. Göründyü kimi, artıq Ermənistan hökuməti siyasi böhranın bir addımlığındadır. Ermənistan hazırda elə bir situasiya qarşısındadır ki, nəinki hər hansı bir uğurdan, heç nisbi müstəqillikdən də danışmağa dəyməz. Dolayısıyla, regional layihələrdə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb, Yerevanın manevr imkanları tükənib.
A.SƏMƏDOVA