PDF Oxu

Siyasət

  • 29

Azərbaycanda tolerantlıq siyasətinin uğurlu modeli dünya üçün nümunədir

Azərbaycanda tolerantlıq siyasətinin uğurlu modeli dünya üçün nümunədir

Müasir dövrümüzdə ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan edilir. Azərbaycanda müxtəlif xalqların birgə yaşamaq qaydası, müxtəlif dinlərə münasibət, cəmiyyətdə tolerantlıq mühitinin qorunması kimi məsələlərin müzakirəyə cəlb edilməsi aktualdır. Ölkəmizdə mövcud olan dini icmaların fəaliyyətinə hərtərəfli şərait yardılıb və heç vaxt ölkəmizdə dini və milli zəmində qarşıdurma baş verməyib.

"YƏHUDİLƏRİN, MÜSƏLMANLARIN VƏ XRİSTİANLARIN YAN-YANA İBADƏT ETDİKLƏRİ YER"

Əlbəttə ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır, Azərbaycanda tolerantlıq mühitindən söz açarkən, ilk növbədə ölkəmizdə hökm sürən siyasi sabitliyi, sosial və iqtisadi inkişafı vurğulamalıyıq. Müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayırlar. Azərbaycanda tolerantlıq siyasətinin uğurlu modeli artıq dünya ictimaiyyətinin diqqətindədir. Bu günlərdə Praqada nəşr olunan "Tyden" jurnalı da ölkəmizdə tolerantlıq siyasətinin uğurla həyata keçirilməsindən yazır. Artıq Azərbaycanda müxtəlif inanc sahiblərinin bir-birlərinin dininə hörmətlə yanaşmaları dünya ictimaiyyəti üçün nümunə ola bilər. Fotoreportyor Mixal Novotnının hazırladığı "Yəhudilərin, müsəlmanların və xristianların yan-yana ibadət etdikləri yer" adlı məqalədə Azərbaycanda bütün dini konfessiyaların nümayəndələrinin öz dini etiqadlarını, ayinlərini sərbəst və bərabər şəkildə yerinə yetirmək imkanlarından, ölkədə məscidlərlə yanaşı pravoslav, katolik, alban kilsələri və sinaqoqların fəaliyyət göstərməsindən bəhs olunur. Çünki bu gün Azərbaycan dövlətçiliyi "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" prinsiplərini əsas meyar götürüb. Müəllif, həmçinin Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri - Krasnaya Sloboda, Nic və İvanovka kəndləri haqqında da məlumat verib.

Qeyd edək ki, Azərbaycanda təkcə yəhudilərin 7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir.

"BİZ DÜNYAYA ÇATDIRMAQ İSTƏYİRİK Kİ, BİRGƏ YAŞAYIŞ MÜMKÜNDÜR"

Tolerantlıq ənənələrinin qorunmasına xüsusi önəm verən Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Möhsün Səlim, Gəncədə Həzrəti Zeynəb, Buzovnada Cümə məscidləri, Bakıda pravoslav kilsəsi bərpa edilib. Heydər Əliyev Fondu və Azərbaycanın katolik icması arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd əsasında Azərbaycanda yaşayan xalqların etnomədəni komponentlərinin inkişafına və digər inkişaf və bərpa sahələrinə yönəlmiş layihələr reallaşdırılır. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edib. Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edir ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirib. Eyni zamanda, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində fond yaxından iştirak edib. Bu, fondun həyata keçirdiyi mühüm siyasətidir.

Bu günlərdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan Parisin ürəyində" adlı layihə çərçivəsində isə Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" adlı konfrans keçirildi. Bu, bir daha dünyəvi məsələyə Azərbaycanın göstərdiyi marağın nümunəvi xarakter daşıdığını nümayiş etdirə bildi. Konfransda çıxış edən Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyini, Asiya ilə Avropa arasında körpü olduğunu və bu amillərin mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynadığını bildirib. "Tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Konfransı Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik", - deyən Mehriban xanım Əliyeva Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların mövcudluğunu diqqətə çatdırıb və ölkəmizdə bütün dini azadlıqların təmin edildiyini bildirib. Mehriban xanım Əliyeva "Biz dünyaya çatdırmaq istəyirik ki, birgə yaşayış mümkündür", - deyərək Azərbaycanın bu təcrübəsinin bütün dünyada geniş təbliğ olunmasının vacibliyini vurğulayıb.

Azərbaycandakı mövcud vəziyyət onu deməyə əsas verir ki, ölkəmizdə multikulturalizmin alternativi yoxdur. Azərbaycan bir çox millətlərin və konfessiyaların birgə əmin-amanlıq şəraitində yaşadıqları unikal yerdir və bu ənənələrin tarixi kökləri var.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər