Bu il "Fitch" reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib
Prezident İlham Əliyev: "Bunu geniş ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilmişdir. Halbuki bu, çox böyük hadisədir"
Ulu Öndər Heydər Əliyev bildirirdi ki, sabitlik olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll olunmasından söhbət gedə bilməz. Məhz 1993-cü ildən bəri ölkədə yaradılan sabitlik davamlı uğurları şərtləndirdi. Sabitlik normal biznes mühitinin yaradılması üçün əsas stimulverici amildir. Elə bunun nəticəsi idi ki, xarici iş adamları ölkə iqtisadiyyatına qoyacaqları investisiyaların təhlükəsizliyinə əmin deyildirlər. Lakin Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı uğurlu daxili siyasətə yol açdı ki, bunun da sayəsində yaradılan sabitlik və normal biznes mühiti Azərbaycana investisiya axınını sürətləndirdi. Möhkəm təmələ əsaslanan siyasətin fonunda hər ilin əvvəlki ildən daha möhtəşəm uğurlarla yadda qalacağına əminlik ifadə edilir, yeni-yeni hədəflərdən bəhs olunur və onlara çatmaq üçün yollar müəyyənləşdirilərkən uğurlarımız yardımçı rolunu oynayır.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyilə son 12 ildə Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkəyə çevrilib. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. On iki ildə ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. Valyuta ehtiyatlarımız 50 milyard dollara çatıb. Müqayisə üçün qeyd edək ki, 2004-cü ildə valyuta ehtiyatları 1,8 milyard dollar təşkil edirdi. Son 12 ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iki milyard dollar məbləğində güzəştli kreditlər verilib. Təkcə cari ilin 6 ayında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilib. Eyni zamanda, bu illər ərzində 1 milyon 400 min yeni iş yeri yaradılıb. Təkcə cari ilin birinci yarısında 60 minə yaxın yeni iş yeri açılıb ki, onlardan 48 mini daimi iş yeridir. İşsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı istiqamətində tədbirlər davamlılığı ilə diqqət çəkir. Bütün bunlar isə, əlbəttə ki, dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi daxili sabitliyin, xalqla iqtidar arasındakı birliyin, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsinin nəticəsidir.
Doğrudur ki, 2008-ci ildən başlayaraq, dünyada gedən maliyyə və iqtisadi böhran nəticəsində milli dövlətlərə zərər dəyib. Xüsusilə də, Avropa İttifaqı ölkələrində sosial-iqtisadi vəziyyət ağırlaşıb, bunun nəticəsində də ictimai sabitlik pozulub və siyasi böhranlara yol açılıb. 2015-ci ildən isə neftin qiymətinin iki dəfə aşağı düşməsi bu vəziyyəti daha da ağırlaşdırıb. Əlbəttə ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycanın da gəlirlərini azaldıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlıq işlərinə həsr edilmiş müşavirədə bu məsələyə toxunaraq bildirib ki, bizim gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır, iki dəfədən çox düşübdür. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin olunur. Bax, biz bu xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək.
Lakin iqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın "sabitlik adası" kimi qalmaqdadır. Neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında artım tendensiyası dəyişməyib. Bu artım daha çox qeyri-neft sektorunun hesabına təmin edilib. Azərbaycanda karbohidrogen ehtiyatlarının hasilatı və nəqli, investisiya layihələri uğurla həyata keçirilməkdədir. Azərbaycan xarici sərmayələrə yüksək səviyyədə təminat verən ölkə kimi dünyada olduqca müsbət imicə malikdir. Azərbaycan xarici investisiyalar üçün cəlbediciliyini qoruyub saxlayır. İqtisadiyyatın qeyri-neft sektorunun, xüsusən inşaat, turizm, yüngül sənaye, rabitə və informasiya texnologiyaları və aqrar sahələrin inkişafı Azərbaycanın idxaldan asılılığını azaldır, ölkənin ixrac potensialını gücləndirir. Makroiqtisadi sabitliyin qorunması, düzgün monetar siyasətin yürüdülməsi nəticəsində kəskin kataklizmlər Azərbaycan bank-maliyyə sektoruna ciddi təsir göstərməmiş, milli valyutanın məzənnəsinin düzgün tənzimlənməsi onu neqativ təsirlərdən qoruyub, makroiqtisadi sabitlik təmin olunub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bunlar böhranlı ildə əldə edilən nailiyyətlərdir və dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir: "Yenə də nəyə görə? İlk növbədə, bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, biz uzun illər düşünülmüş iqtisadi siyasət əsasında islahatlar aparmışıq. Bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bu il "Fitch" reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Bizim "BBB" səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilmişdir. Halbuki bu, çox böyük hadisədir. İndi başqa ölkələrin kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür. Azərbaycanda bu reytinq sabitdir".
Lakin ABŞ-ın bəlli dairələri, xüsusilə bu humanitar fəlakətdən nəticə çıxarmayan Avropadakı bəzi qüvvələr müəyyən beynəlxalq QHT-lər və "5-ci kolon" vasitəsilə Azərbaycan kimi sabit və inkişaf edən ölkələri də xaosun girdabına sürükləmək üçün cəhdlərini davam etdirirlər. Azərbaycanın müstəqil siyasəti, sabitlik, iqtisadi uğurlar, dünyada getdikcə artan nüfuzu bu dairələri qıcıqlandırır. Hazırda Azərbaycana qarşı təşkil olunan kampaniyanın əsas səbəbi də məhz bu amildir. Təəssüf ki, bu kampaniya indi həmişə müşahidə edildiyi kimi ABŞ, Almaniya və Böyük Britaniyanın bəlli KİV-ləri ilə məhdudlaşmır. Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya mediası, Azərbaycan investisiyalarında maraqlı olan bəzi Balkan ölkələrinin KİV-ləri də bu və ya digər şəkildə çirkin anti-Azərbaycan kampaniyasına cəlb edilirlər. Bu həm də Azərbaycanla Avropa İttifaqı ölkələri arasında inkişaf edən siyasi-iqtisadi əlaqələri korlamaq üçün növbəti cəhddir.
Prezident İlham Əliyevin keçirilmiş müşavirədə bu məsələ barədə də danışaraq qeyd edib ki, əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar: "Deyirdilər ki, Azərbaycanda neft hasil olunur. Ona görə Azərbaycan inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Anti-Azərbaycan qüvvələr, islamofob qüvvələr, bizim müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, işimizə kölgə salsınlar. Bu gün də bizə qarşı çirkin kampaniya davam edir - Avropa Oyunları ərəfəsində və oyunlar zamanı, indi. Nəyə görə? Çünki biz ölkəmizi qoruyuruq. İmkan vermirik və verməyəcəyik ki, "beşinci kolon", milli satqınlar, xainlər burada meydan oxusunlar. Bax, budur bugünkü ümumi siyasi və iqtisadi mənzərə. Mən bir daha demək istəyirəm, biz ilin sonuna qədər bütün lazımi tədbirləri görəcəyik ki, iqtisadi inkişaf davam etsin. Əlbəttə, hökumət daha fəal, çevik işləməlidir ki, bizim iqtisadiyyatımız gələn il də artsın".
Əlbəttə ki, anti-Azərbaycan kampaniyası öz hədəflərinə çatmayacaq, Azərbaycan ənənəvi müttəfiqləri və tərəfdaşları ilə əlaqələrini daha da inkişaf etdirəcək və yeni tərəfdaşlar qazanmaqda davam edəcək. Həmçinin, dünyada cərəyan edən son hadisələr Azərbaycanda uğurlu və həyati qabiliyyətli siyasi və iqtisadi modelin olduğunu göstərdi. Azərbaycan iqtisadiyyatı dünyada müşahidə olunan ağır problemlərin öhdəsindən layiqincə gəlib ki, bu da qarşıdan gələn dövrdə yeni iqtisadi uğurların əldə ediləcəyinə zəmanət verir.
"Səs" Analitik Qrupu