PDF Oxu

Siyasət

  • 34

"Milli Şura", yaxud da AXCP kimi, dırnaqarası qüvvələr heç bir halda seçki prosesinə təsir etmək gücündə deyillər"

"Milli Şura", yaxud da AXCP kimi, dırnaqarası qüvvələr heç bir halda seçki prosesinə təsir etmək gücündə deyillər"

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyevin "SƏS" qəzetinə müsahibəsi

- Muxtar müəllim, bildiyimiz kimi, qarşıdan növbəti parlament seçkiləri gəlir və Yeni Azərbaycan Partiyası (YAP) bu seçkilərə də hazır olduğunu bəyan edib. Ümumiyyətlə, qələbə və zəfərlər partiyası kimi də tərənnüm olunan YAP-ın uğurları arxasında hansı məqamların dayandığını düşünürsünüz?

- Bu gün kimsəyə sirr deyil ki, YAP ölkənin və regionun ən güclü və aparıcı siyasi təşkilatı kimi adını tarixə yazmış bir partiyadır. O cümlədən, Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rol oynayan YAP hazırda yüz minlərlə insanı öz ətrafında cəmləşdirərək, əldə edilən uğurları xalqla birlikdə qazanır. Çünki bu siyasi orqan həm də xalqın partiyasıdır, yəni xalq-iqtidar vəhdətinin bariz nümunəsi kimi qiymətləndirilməkdədir. Həmçinin, kimsəyə sirr deyil ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olan YAP hakim partiya olması üçün elə də asan yol keçməyib. Xüsusilə, xalqın, ölkənin müstəqilliyi uğrunda mübarizə və şərəf yolu keçən YAP ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamız dərin siyasi, iqtisadi və sosial böhran vəziyyətində olarkən, xalqın əsas dayağına çevrildi. Bəli, bu tarixdir və bu tarix indinin özündə də hər bir vətənsevər azərbaycanlının qəlbində qızıl hərflərlə yazılıb.

Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası öz uğurlarını davam etdirir. Öz monolitliyi ilə ölkəmizin əldə etdiyi uğurlara töhfələrini verir. Bu baxımdan, xüsusilə vurğulamaq istərdim ki, YAP-ın zəngin, əsrarəngiz seçki təcrübəsi mövcuddur, bu mövcudluq isə qələbələrimizin əsasını təşkl edən əhəmiyyətli amillərdən biridir. Belə ki, YAP-ın gücünün əsasını Ulu Öndər Heydər Əliyevin ideyaları və xalqımızın həmin ideyalar ətrafındakı birliyi, sədaqəti təşkil edir. Sizin də sualınızda vurğulandığı kimi, hər bir qələbinin, hər bir zəfərin kökündə, təməlində də məhz bu faktorlar dayanır. Ona görə də bizlərin hər biri tam əminliklə inanır və deyirik ki, qarşıdan gələn növbəti parlament seçkilərində də qələbə bizimlə olacaq. Partiyamız seçkilərə çox ciddi şəkildə hazırlaşır. Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Azərbaycan Respublikasının Baş nazirinin müavini cənab Əli Əhmədov bir müddət öncə YAP-ın rayon və şəhər təşkilatlarında müşavirələr keçirərək seçkilərə hazırlıqla bağlı öz tövsiyə və tapşırıqlarını verdi. Xüsusilə, partiyamızın Mərkəzi Seçki Qərargahının, eləcə də rayon təşkilatlarında seçki qərargahlarının yaradılması bir daha belə qənaətə gəlməyə əsas verir ki, YAP-ın bu seçkilərdə də uğur əldə edəcəyi kimsədə şübhə doğurmur.

Daha bir məqama da toxunaraq vurğulamaq istərdim ki, Azərbaycanın demokratik dəyərlərə cavab verən, özündə şəffaflıq prinsiplərini əks etdirən, o cümlədən, xalqın maraqlarını əks etdirən mükəmməl seçki qanunvericiliyi mövcuddur ki, bu hüquqi baza, hətta bir çox Avropa ölkələri üçün də bir örnəkdir.

- YAP Səbail rayon təşkilatı qarşıda duran vəzifələri necə icra edir, ümumiyyətlə, rayon təşkilatının qarşısındakı məqsədlər necə reallaşdırılır?

- Bayaq da qeyd etdiyim kimi, artıq partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və onlar aktiv fəaliyyət göstərirlər. YAP Səbail rayon təşkilatının da Seçki Qərargahı üzvlərinin iş bölgüsü ilə bağlı ötən aydan başlayaraq yığıncaqlar keçirilib, fəallara ayrı-ayrılıqda müəyyən işlər aparılıb. YAP Səbail rayon təşkilatının ərazisində iki seçki dairəsi mövcuddur ki, bunlardan 30 məntəqə 29 saylı, 10 məntəqə isə 23 saylı seçki dairəsindədir. Hazırda qərargah üzvlərinin əsas işi seçicilərin demokratik şəraitdə məntəqələrə gəlməsini, öz mövqelərini bildirməsini təşkil etməkdir. O cümlədən, partiyanın namizədləri üçün seçici imzası toplayacaq fəallar müəyyənləşib. Onlar rayon ərazisini yaxşı tanıyan, müvafiq seçki təcrübəsi olan insanlardır. Eyni zamanda, hər seçki dairəsinə və məntəqələrə bir müşahidəçi və bir məşvərətçi səs hüquqlu üzv təyin ediləcək. Bizim tədbirlərimiz bu gün də davam etdirilməkdədir və mətbuata da bu barədə mütəmadi məlumatlar, press-relizlər göndəririk. Beləliklə, bir daha vurğulamaq istərdim ki, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Seçki Qərargahında parlament seçkiləri ilə əlaqədar çevik, operativ və ciddi hazırlıq işləri görülür və biz payızda keçiriləcək seçkilərə tam hazırıq.

- Muxtar müəllim, bu seçkilərdə bildiyimiz kimi, müxalifət partiyalarının da iştirakı gözlənilir. Bu partiyalar istər ayrı-ayrılıqda, istərsə də blok şəklində seçkilərə qatılacaqlarını bəyan edirlər. Ancaq elə radikal təmayüllü partiyalar da var ki, onların məqsədləri "boykot" qərarı altında ölkədəki sabitliyə, seçki mühitinə xələl gətirməkdən ibarətdir. Fikrinizcə, belə təşkilatlar bu qərarlarını müstəqil şəkildə verirlər?

- Əsla, yox. Əlbəttə ki, "boykot" qərarı verən radikal mövqeli siyasi təşkilatlar burada öz qərarlarını deyil, onlara buyruq verən xarici təşkilatların, o cümlədən, həmin təşkilatlara havadarlıq edən erməni lobbisinin təlimatlarını icra edirlər. "Demokratiya" donuna girib, ölkəmizin, xalqımızın milli-dövlətçilik maraqlarına qarşı çıxış edən "Milli Şura", yaxud da AXCP kimi dırnaqrarası qüvvələr heç bir halda seçki prosesinə təsir etmək gücündə deyillər. Onlar yaxşı anlayırlar ki, hətta seçkilərə qatılsaydılar belə, növbəti rüsvayçılıqla qarşı-qarşıya qalacaqdılar. Ona görə də qabaqdangəlmişlik edib, xarici təşkilatların qanadları altında, onların buyurduqları əmrlərə tabe olub, təxribatçıqlıqlarla məşğuldurlar.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin keçirdiyi sonuncu müşavirəsində də Onun özü tərəfindən vurğulandığı kimi, belə "qüvvələr" yalnız "beşinci kolon" funksiyasını icra edirlər. Uzun illərdir ki, Azərbaycanın demokratik mühitini çirkin metodlarla zəhərləməyə çalışan daxili və xarici düşmənlərimiz heç nəyə nail ola bilməyiblər. Bundan sonra da nail ola bilməyəcklər. Çünki Azərbaycan xalqı belə "gücləri" rədd edir, özündən kənarlaşdırır.

Baxın, bu gün seçkilərə müxalifətdən olan kifayət qədər şəxslər və partiyalar qatılacaqlarını bəyan edirlər. Onlar ölkədəki siyasi hadisədən kənarda qalmamaq üçün, güclərini sınayırlar. Demokratik seçkilərin mövcudluğu müxalifətin seçkilərdə iştirakını təmin edir. Onlar buna şübhə etmirlər. Əgər radikalların dedikləri kimi seçki mühiti olmasaydı, onda heç vaxt bu seçkilərə qatılmayacaq, "boykot" qərarı verəcəkdirlər. Ancaq gördüyümüz kimi, bu, heç də belə deyil. Yəni demək istədiyimiz də budur ki, bu, gün Azərbaycanda müxalifət də mövcuddur və bu müxalifət xarici qüvvələrin vədlərinə inanmır, ölkədəki seçki mühitini dəyərləndirir və seçkilərə qatılırlar. Ümumiyyətlə, tam əminliklə demək istərdim ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri bir çox Avropa ölkələri üçün, ölkəmizi gözləri götürməyən siyasi dairələr üçün bir demokratiya dərsi olacaq. Yaxşı olardı ki, Azərbaycanı müxtəlif məsələlərdə ittiham atəşinə tutanlar bir dəfə də doğru addım ataraq, bizim ölkəmizdən demokratiya dərsi alsınlar.

Sonda isə bir daha vurğulamaq istərdim ki, biz YAP olaraq, öz gücümüzə arxayın olduğumuz kimi, həm də xalqımızın doğru seçiminə inanırıq. Bu baxımdan, qələbənin bu dəfə də bizimlə olacağına qətiyyən şübhəmiz yoxdur. Mən artıq bir müddət sonra keçiriləcək parlament seçkilərində iştirak edəcək hər bir namizədimizə uğurlar arzu edirəm.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər