"Son bir neçə ay ərzində Azərbaycana qarşı qərəzli hücumlar müşahidə edilməkdədir. Bu anti-Azərbaycan kampaniyasının pik həddini birinci Avropa Oyunları ərəfəsində gördük. Bu gün isə Azərbaycan parlament seçkiləri ərəfəsində olduğundan eyni anti-Azərbaycan şəbəkəsi yenidən şantaj fəaliyyətinə başlayıb". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Millət vəkili qeyd edib ki, rəhbəri ermənipərəst Martin Şults olan Avropa Parlamenti sanki yarışa giribmiş kimi Azərbaycanın demokratik imicinə zərbə vurmaq üçün ardıcıl, lakin heç bir əsası olmayan deklarativ sənədlər qəbul edir: "Azərbaycan Avropa Parlamentinin üzvü deyil və heç bir halda bir qrup ermənipərəstin qəbul etdiyi sənəd istər siyasi, istərsə də hüquqi baxımdan əhəmiyyət kəsb etmir. Amma münasibət bildirib Avropa Parlamentinin anti-Azərbaycan qüvvələrinin əlində siyasi alət olduğunu və bu qurumun hələ 27 il öncədən ölkəmizə qarşı qərəzli mövqe tutduğunu bir daha qeyd etməliyik. Xatırladım ki, hələ 1988-ci ildə Avropa Parlamenti Dağlıq Qarabağı Ermənistana birləşdirilməsini və Sumqayıt hadisələrinə subyektiv yanaşmanı ehtiva edən qondarma sənəd qəbul etmişdi. Eyni mövqe bu gün də sərgilənməkdədir.Müəyyən zaman çərçivəsində erməni lobbisinə işləmiş, adlarını belə çəkmək istəmədiyim anti-milli ünsürləri müdafiə etmək xarakterli sənəd qəbul edən Avropa Parlamenti bu yolla Azərbaycana təzyiq etmək, müstəqil siyasət kursuna zərər vurmaq, demokratik imicinə xələl gətirmək və əlbəttə ki, seçki öncəsi şantaj kampaniyasına start vermək niyyətindədir".Sədaqət Vəliyeva vurğulayıb ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə həm də Qərbin ölkəmizə qarşı sərgilədiyi ikili standartların növbəti təzahürüdür: "Belə qeyri-ciddi məlumatlara söykənən qətnamənin qəbul edilməsi isə Avropa Parlamentinin nüfuzuna və siyasi çəkisinə zərbə vurmaqdan başqa heç nəyə yaramır. Əgər Avropa Parlamenti insanların hüquqlarını müdafiə edirsə, nə üçün Ermənistan işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox azərbaycanlının hüquqlarını müdafiə etmir? Yoxsa, Avropa Parlamenti ancaq vətəninə, dövlətinə, xalqına xəyanət edənlərin hüquqlarının müdafiəsilə məşğuldur?Bu günə qədər Qərb ölkələrinin strateji maraqlarının qurbanı olan 100 minlərlə insan ölkəsindən didərgin düşüb. Avropaya pənah gətirən uşaqların, qadınların, qocaların 25 mindən çoxunu dənizdə batırıblar, 3000-dən çoxunu isə Avropa sərhədlərində öldürüblər. Budurmu Avropanın insan hüquqlarına verdiyi dəyər? Əgər Avropa Parlamenti insan hüquqlarından danışırsa, o zaman işğala məruz qalmış ölkələrin, vətənlərindən didərgin salınmış qaçqınların, miqrantların hüquqlarından bəhs etməlidir. Yox əgər bunu bacarmırsa, o zaman əhəmiyyətsiz qurum kimi fəaliyyətinə davam etsin və siyasi alət rolunu oynamaqdan əl çəksin. Avropa Parlamenti kimi Avropadakı digər institutlar öz fəaliyyətlərinə yenidən baxmalı, şəffaflığı təmin etməli və obyektivliyə əməl etməyi unutmamalıdırlar".Deputat əlavə edib ki, əgər ermənipərəst qüvvələr seçkilər başlamamış çirkin kampaniyaya bu cür start veriblərsə, demək ki, bu şantaj fəaliyyətini daha da genişləndirə bilərlər: "Bu baxımdan da, həm Azərbaycan ictimaiyyəti, həm də mətbuat ayıq-sayıq olmalı, bu cür addımlara adekvat və kəsərli cavablar verilməlidir".
sia.az