PDF Oxu

Siyasət

  • 87

Ərəb baharından Avropa payızına...

Ərəb baharından Avropa payızına...

AKTUAL

Və ya miqrantlar dalğasından qaçqınlar sunamisinə

Avropanı bürümüş nəhəng qaçqın axını qoca qitə ölkələrinin miqrantlarla bağlı siyasətini demək olar ki, iflic vəziyyətinə salıb. Artıq vəziyyət o həddə qədər inkişaf edib ki, Avropa İttifaqı (Aİ), insan haqlarının müdafiəsi ilə əlaqəli dairələr, eləcə də qitənin digər müvafiq təşkilat və qurumları nə edəcəklərini, hansı qərar qəbul edəcəklərini bilmirlər.

Bu ilin əvvəlindən bəri 340 min qaçqın Avropaya sığınıb. Döyüşlərdən qaçaraq daha yaxşı bir həyat ümidiylə yola çıxan yüz minlərlə insan çarəsizlik içində kömək gözləyir, Avropa İttifaqı isə bu problemlərə çarə qıla bilmir. Bu, Avropanın II Dünya müharibəsindən bəri yaşadığı ən böyük qaçqın böhranıdır.

Hələlik isə çıxış yolunu müxtəlif hümanitar yardımlarda görən avropalı siyasilər başlarını sındırmaqla məşğuldurlar. Ancaq bu başsındırmaların nə vaxt sona çatacağı da bəlli deyil. Bayraq da qeyd etdiyimiz kimi, sözügedən məsələ ilə bağlı Avropanın ən aparıcı qurumu olan Aİ rəhbərliyi özünü itirdiyini səmərəsiz fəaliyyəti ilə sübuta yetirir. Biz bunu Aİ-yə daxil olan ölkələrin qaçqınlarla bağlı qəbul etdikləri uğursuz qərarlarından da müşahidə edirik. Çünki onsuz da Avropanı qlobal iqtisad böhran, qeyri-sabitlik, digər problemlər bürüyüb. Bu, azmış kimi, indi də miqrasiya böhranının həmin böhranları sıralamasına daxil olması qitəni yerindən oynadır. Hökumətlər öz işlərinin öhdəsindən gələ bilmirlər. Bir tərəfdən humanitar təşkilatların qaçqınlarla bağlı müsbət qərarları qəbuletmə tələbləri, o biri tərəfdən isə sağçıların, millətçilərin, islamofobların od-alov, müharibələr içində yanan müsəlman ölkələrinin qaçqınlarını öz ölkələrində görmək istəməmələri, həqiqətən də, çox gərgin vəziyyətin yaranmasına səbəb olub. Bu baxımdan da deyə bilərik ki, bütünlükdə Avropanı bürümüş miqrant axını Aİ liderlərini sanki gözlənilmədən yaxalayıb. Yaxın Şərqdə, Şimali Afrikada, Əfqanıstanda və dünyanın digər problemli region və ölkələrindəki müharibələr, qeyri-sabitliklər xilası Avropada axtarmaq fikrinə düşənlərin sayını dəfələrlə artırıb. Daha yaxşı həyat axtarışında olanlar, nəyin bahasına olursa-olsun, istənilən yolla. Hətta ölümlərini gözə alsalar belə, qoca və soyuq qitəyə can atırlar.

Yalnız son günlər ərzində bir neçə belə faciə baş verib. Məsələn, Liviya sahillərində içərisində qeyri-leqal miqrantların olduğu gəmidə Şimali Afrikadan olan 50 qaçqının cəsədi tapılıb. Onlar İtaliyaya istiqamət almış gəminin anbarından tapılıblar. Gəmidə onlarla yanaşı, daha 400 nəfər olub. Daha 50 miqrantın cəsədi Avstriyada tapılıb. Onlar Macarıstana yol almış yük maşınında aşkarlanıblar. Bu dəfə ölümə səbəb miqrantların furqonda boğulmaları olub. Dünyaya səs salan daha bir hadisə isə hələ çox danışılacaq iki azyaşlı suriyalı qardaşın Yunanıstana qaçarkən boğulmaları və meyitlərinin Türkiyənin dəniz sahilində tapılmalarıdır. Əslində, bu cür faciələrin sayı yüzlərlərdir. Sadəcə, onlardan bəziləri dünya ictimaiyyətinin nəzərinə çatdırılır. Hətta elə faciələr baş verir ki, bütöv bir qaçqın ailələri bu məşəqqətli yolda həlak olurlar. Ancaq bütün bunlara baxmayaraq, belə ölümlər müharibə qorxusunun qarşısını almır və miqrant axını hər dəfə daha böyük dalğalarla gəlir.

Qaçqınların qəbulu ilə bağlı ümumavropa proqramlarına qatılmaqdan imtina edən rəsmi London sərhədlərini miqrantların üzünə bağlayıb

Sirr deyil ki, artıq ümumavropa miqrasiya siyasətinin qəbul edilməsini gözləməyən ayrı-ayrı dövlətlər miqrant cəbhəsinin ön xəttində yerləşdikləri üçün bacardıqları qədər təkbaşına fəaliyyətə keçiblər. Məsələn, Latviya qeyri-leqallardan hasar vasitəsilə qorunmaq qərarına gəlib. Macarıstan hökuməti bununla yanaşı, cənub sərhədlərinin mühafizəsində ordu və polis gücündən istifadə edir. Artıq bu ölkədə güclərin qaçqınlara qarşı amansız davranışların da şahidi olmuşuq. Təkcə bu ilin əvvəlindən hazırkı dövrə qədər Macarıstana axın etmiş miqrantların sayı 110 mindən artıqdır. Bir müddət öncə isə Makedoniya hökuməti problemi həll etmək üçün Suriya, İraq və Əfqanıstandan olan 600 miqrantı gətirən qatarı Serbiya ilə sərhədə istiqamətləndirib. Lakin növbəti qaçqın ordusu böyük çətinliklə də olsa Makedoniya ərazisinə keçməyə nail olub. Polis onları zorla ölkədən çıxarmağı bacarmayıb. Zaman-zaman humanitar prinsiplərdən, insan hüquqlarının müdafiəsindən danışan Böyük Britaniya hökuməti isə daha radikal addımlar atmaqla, əslində hansı çətin vəziyyətdə olduğunu etiraf edir. Belə ki, qaçqınların qəbulu ilə bağlı ümumavropa proqramlarına qatılmaqdan imtina edən rəsmi London sərhədlərini qeyri-leqal miqrantların üzünə bağlayıb. Slovakiya isə, ümumiyyətlə, müsəlmanları (!-R.N.) qəbul etməkdən imtina edib. Hökumət bu addımını müsəlmanların xristianlara yad olmaları (?!-R.N.) ilə əsaslandırır. Bu zaman belə bir məsələ özünü üzə çıxarır. Bu gün Avropada islamofobiya siyasətinin olmadığını bəyan edən siyasilər buyursunlar burunlarının uclarında baş verən bu rüsvayçılıqları nəzərdən keçirib, həmin bəyanatlarında düzəlişlər etsinlər.

Ölkələr nə qədər çox ianə versələr də, ehtiyacın artım sürətinə çata bilmirlər

Statistik rəqəmlər isə qan dondurur. Yunanıstanın Kos adasından İtaliyanın Lampedusa adasına, Macarıstandan Fransa-İngiltərə sərhədindəki Kale (Calais) şəhərinə qədər Avropanın hər yerində dəhşətli insanlıq dramları yaşanır. Yalnız bu il yarım milyondan artıq qaçqın Almaniyaya çatdığı halda, ən az 3000 adam yolda həyatını itirib.

Bu arada insan haqları ətrafında digər ölkələrə "dərs keçib", "ağıl öyrədən" Almaniya hökumətinin də dili açılıb. Almaniya kansleri Angela Merkelə görə qaçqın problemi, Aİ-nin gələcəyi baxımından avro böhranından daha böyük bir təhdid yaradıb. İlin sonuna qədər miqrant sayının 1 milyona yaxın olacağı gözlənilir.

Qaçqınların 69 faizi döyüş bölgələri olan Suriya, Eritreya, Somali, Darfur, İraq və Əfqanıstandandır. Bu səbəbdən sığınacağa ehtiyacı olan qaçqınların böyük bir hissəsinin geri qaytarılması da mümkünsüz olub. "Frontex" təşkilatı iyul-avqust aylarında qaçqın axınının Aralıq dənizindən Egey dənizinə doğru irəlilədiyini bəyan edib. Liviya üzərindən İtaliyaya gedən qaçqınlar azalarkən, Türkiyə üzərindən Yunanıstana çatan qaçqınların nisbətində də çox böyük artım müşahidə olunmaqdadır. BMT isə suriyalı qaçqınlar üçün təxminən 8-10 milyard ABŞ dollarına ehtiyac olduğunu deyib. BMT Qaçqınlar Komitəsi bu ehtiyacın ancaq 67 faizinin qarşılandığını bildirib. Yəni bu, əslində daha çox humanitar yardımlara ehtiyac yaradan maliyyə böhranıdır. Ölkələr nə qədər çox ianə versələr də, ehtiyacın artım sürətinə çata bilmirlər. Təkcə Yunanıstanın kurort zonaları qaçqınlarla dolub, vaxtilə turist qarşılayan yunan adaları indi hər gün minlərlə qaçqını məcburi şəkildə qoynuna almalı olur. Beynəlxalq təşkilatların adalarda qurduğu qaçqın düşərgələrində su və yemək qıtlığı yaranıb. Əgər nəzərə alsaq ki, Yunanıstan son bir neçə ildə iqtisadi böhran və çöküş dövrünü yaşayır və bunun müqabilində ölkə vətəndaşlarının da yaşayış həddi çox aşağı səviyyəyə düşüb, bu zaman Yunanıstanın sosial-iqtisadi vəziyyətini təsəvvürə gətirmək belə qorxunc görünür. Üstəlik, Aİ-nın Yunanıstanla bağlı siyasəti də kimsəyə gizlin deyil.

Artıq Qərbi Avropa ilə Şərqi Avropa qarşıdurması - Slovakiya baş naziri Robert Fiko: "Tək bir sualım var. Liviyanı kim bombaladı və Şimali Afrikadakı problemlərə səbəb oldu. Slovakiyamı? Xeyr!"

Bu baxımdan, artıq onu da qeyd edə biərik ki, Avropadakı miqrant böhranı Brüssel ilə Avropa paytaxtları arasındakı uçurumu dərinləşdirib. Avropanın əsas üzvlərindən olan Fransa, Britaniya və Almaniya bu mövzuda ümumi bir fikrə, ortaq məxrəcə gələ bilməkdə aciz qaldıqlarını etiraf edirlər. Çünki Brüsseldə tətbiq olunan kvota sistemi Qərbi Avropaya elə də ciddi təsir göstərməsə də, Şərqi Avropa ölkələrində narazılığa səbəb olub. Macarıstan, Baltikyanı, Slovakiya kimi ölkələrdə əhalinin 70 faizi qaçqınların gəlişinin əleyhinədir. Artıq Qərbi Avropa ilə Şərqi Avropanın bu məsələdə kəskin siyasi qarşıdurma yaşayacağını da istisna etmək olmaz.

Daha bir statistikaya nəzər salaq. Brüssel bu günə kimi təqribən 50 min qaçqını müxtəlif ölkələrə bölüşdürə bilib. 25 il əvvəl imzalanmış Dublin müqaviləsinə isə üzvlər tərəfindən riayət olunmur. Belə ki, İtaliya və Yunanıstanın xahişi üzrə 40 min qaçqını bu 2 ölkədən digər Aİ ölkələri arasında bölüşdürmək müzakirə olunarkən, Macarıstan bir qaçqını da qəbul etməyəcəyini bəyan etmişdi. Bu müqavilə qaçqın namizədlərinin qeydiyyatdan və miqrasiya əməliyyatlarının Avropaya ilk ayaq basdıqları ölkədə edilməsini nəzərdə tutur. Lakin Aİ ölkələri qaçqınları qeydiyyata almağa elə də tələsmirlər. O cümlədən, Aİ-nin təhkimi ilə Latviyaya 250 qaçqının göndərilməsi Riqada etirazla qarşılanmışdı. Bu ölkənin qaçqınları himayə etməsi məsələsi hələ də sual altında qlıb. Polşada isə noyabr ayında keçiriləcək seçkilər ərəfəsində baş nazir Eva Kopaçın 2 min qaçqına sığınacaq haqqı tanıması seçki kampaniyasının bir nömrəli gündəminə çevrilib. Aİ-nin irəli sürdüyü 1100 qaçqına sığınacaq tələbini rədd edən Slovakiya baş naziri Robert Fiko isə aşkar şəkildə Qərbi Avropa siyasətini suçlayıb. Sitat: "Tək bir sualım var: Liviyanı kim bombaladı və Şimali Afrikadakı problemlərə səbəb oldu? Slovakiyamı? Xeyr!"

Yuxarıda da qeyd etdiyimiz kimi, qaçqın problemi Avropadakı həddindən artıq sağ və irqçi partiyaların yüksəlişinə səbəb olub. Macarıstandan İsveçə qədər bir çox Avropa ölkəsində irqçi və neonasist, sağçı-ultramillətçi partiyalar qaçqın problemi üzərindən təbliğatlarını qururlar. Qaçqınları hədəf alan irqçi hücumlarda isə keçən ilə görə iki qat artım var. Fransa və İngiltərə kimi ölkələrdə həddindən artıq sağçılığın güclü olması səbəbiylə iqtidarlar qaçqın qəbul etmək istəmir.

Kasıb Avropa ölkələrindən varlı Avropa ölkələrinə, Şərqi Avropadan Qərbi Avropaya olan miqrasiya axını Aİ-nin daxilində narazılıqların artmasına səbəb olub

Almaniya kansleri Angela Merkel miqrasiya problemini borc böhranından daha ciddi hesab edir. Almaniyaya bu il 150 minə yaxın insanın məhz Balkan ölkələrindən mühacirət etməsi Berlində dərin narahatlıq doğurub. Kasıb Avropa ölkələrindən varlı Avropa ölkələrinə, daha dəqiq desək, Şərqi Avropadan Qərbi Avropaya olan miqrasiya, vizasız yerdəyişmələr, gözlənildiyi kimi, Aİ-nin daxilində narazılıqların artmasına səbəb olub. Çünki Avropadaxili yerdəyişmələrdə də ən böyük yük Fransa, Almaniya və Böyük Britaniyanın, daha sonra isə Belçika, Niderland və Skandinaviya ölkələrinin üzərinə düşür.

İtaliya baş naziri Matteo Remzi isə Aİ liderlərinin mühacirləri bölüşdürmək məsələsində könülsüzlüyündən qəzəblənmiş və "B" planına keçəcəklərini demişdi. Bu planın nə olduğu məlum olmasa da, burada müsbət fikirlərin yer alması bəri başdan görünür. Beləliklə, rəsmi Romadan Brüsselə olan sərt xəbərdarlıq Aİ rəhbərliyində narahatlığa səbəb olub.

Miqrant sayı yalnız maliyyə problemləri yaratmır. Bəzi ölkələr hətta suriyalı qaçqınlar arasında seçim edir, müsəlmanları qəbul etmək istəmirlər. Bu, bəzən rəsmi, çox zaman isə qeyri-rəsmi şəkildə təzahür edir. Məsələ ondadır ki, Avropa "radikal islam" və "terrorçu islam" ifadələrindən təşvişə düşüb.

Fransada miqrant axını ksenofob əhvalı artırmaqla yanaşı, Milli Cəbhənin lideri Marin Le Penin rəhbərliyi altında sağçı qüvvələrin mövqelərini gücləndirib. Hadisələrin bu cür inkişaf edəcəyi təqdirdə, Fransada millətçilərin tərəfdarlarının artacağı şübhə doğurmur. Xatırladaq ki, Marin Le Pen də gizlətmir ki, hökumətin yumşaq siyasətini tənqid etməsinin kökündə ölkəyə məhz müsəlmanların axışması dayanır. O, artıq hökumətə qarşı tələbini də səsləndirib: hüquq-mühafizə orqanlarının diqqətini radikal islamla əlaqə üzündən çəkmiş bütün əcnəbilər ölkədən dərhal çıxarılmalıdır. "Nəyə görə Fransa potensial təhlükəli olduğu bilinən, öldürücü ideologiya ilə əlaqəsi məlum olan əcnəbi vətəndaşlara hələ də qucaq açır?" - deyə Le Pen sual edir.

Bu yerdə ortaya sual çıxır - Yaxın Şərq və Şimali Afrikadan müsəlman axını nəticəsində, ümumiyyətlə, islam "ölüm saçan ideologiya" kimi qəbul edilməyəcək ki? Axı Fransa miqrant axını ilə bağlı idarə olunmayan vəziyyətin millətçi qüvvələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunduğunu göstərən yalnız bir nümunədir. Beləliklə, miqrasiya problemi daha qlobal problem olan islamofobiyanın daha da dərinləşməsi təhlükəsini yaradır. Biz artıq bir neçə ildir ki, xristian ölkələri klubunda bunu müşahidə edirik. Hətta belə deyə bilərik ki, hazırkı situasiya "Ərəb baharı"ndan Avropa payızına doğru dəyişir və ya miqrantlar dalğasından qaçqınlar sunamisinə çevrilir. Bu isə, ili növbədə Avropa siyasətinin yönəltdiyi siyasətin indiki məqamda öz başında çatlamasının nəticəsidir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər