PDF Oxu

Siyasət

  • 36

YAP Zərdab rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

YAP Zərdab rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Görüşdə YAP Zərdab rayon təşkilatının Seçki Qərargahının sədri Pərvin Mahmudova çıxışı zamanı qeyd edib ki, ölkəmizdə keçiriləcək parlament seçkiləri üçün bütün lazımı tədbirlər görülüb: "Seçkilərin demokratik şəraitdə, şəffaf və ədalətli keçirilməsi üçün bütün imkanlar səfərbər edilib. Seçkiyə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir".

P.Mahmudova bildirib ki, 92 saylı Zərdab-Ucar Seçki Dairəsi üzrə 40381 seçici qeydə alınıb: "Onlardan 34181 nəfəri Zərdab rayonu ərazisində yerləşən 42 məntəqə-seçki komissiyasında qeydiyyatdadırlar. Bu il 92 saylı Zərdab-Ucar Seçki Dairəsi üzrə 546 nəfər gənc konstitusiyamızın onlara verdiyi ən başlıca hüquqdan - seçki hüququndan istifadə edərək ilk dəfə səs verəcəklər".

Tədbirdə Seçki Məcəlləsində nəzərdə tutulan bir sıra mühüm maddələr barədə gənclərə geniş məlumat verilib, onlara seçki ilə bağlı hüquq və vəzifələri izah edilib: "Həyata keçirilən rasional iqtisadi inkişaf strategiyası və praqmatik islahatlar sayəsində bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb. Bütün bunların fonunda kompleks səciyyəli iqtisadi islahatların həyata keçirilməsi, iqtisadi subyektlərin fəaliyyət mexanizminə əlverişli şəraitin yaradılması kimi tədbirlər milli inkişafın Azərbaycan modelinin yaranmasını şərtləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Yüksək beynəlxalq nüfuza və əsaslı ictimai-siyasi sabitliyə malik olan Azərbaycanın dinamik tərəqqisini təmin edən başlıca amil praqmatik inkişaf strategiyasının həyata keçirilməsidir. Bu strategiya bütün sahələrin inkişafının təmin olunmasını nəzərdə tutmaqla yanaşı, həm də özündə kompleks islahatları ümumiləşdirir".

Pərvin Mahmudova əminliklə vurğulayıb ki, ilk dəfə səs verən gənclərimiz də seçkilərdə fəal və mütəşəkkil qaydada iştirak edəcək, ölkədə gedən prosesləri düzgün dəyərləndirərək layiqli namizədə - Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.

Daha sonra YAP Zərdab rayon təşkilatı gənclər birliyinin sədri Ələkbər Kərimov çıxış edərək bildirib ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir: "Ölkəmizin öz siyasi dövlətçilik siması, inkişaf yolu vardır. Ümummilli Lider Heydər Əliyev irsinin layiqli davamçısı kimi Cənab Prezident İlham Əliyevin müəllifliyi ilə böyük uğurlar əldə edilib, ölkəmizin iqtisadi inkişafı dinamik və davamlı xarakter alıb, insanların rifah halı əsaslı şəkildə yüksəlib, dövlətimizin beynəlxalq mövqeləri xeyli güclənib. Əlbəttə ki, bu nailiyyətlər hər bir vətəndaşımızda haqlı qürur hissi oyadır. Ölkəmiz mühüm bir siyasi kampaniya ərəfəsindədir. Bu gün Azərbaycanın seçkilərlə bağlı qazandığı müsbət təcrübə həm daxili, həm də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

Sonra ilk dəfə səs verən gənclər adından rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçisi Eldarzadə Leyla və Bakı Dövlət Universitetinin kimya fakultəsinin tələbəsi Məmmədzadə Nəzakət çıxış edərək bildiriblər ki, Azərbaycan təkcə iqtisadi inkişafı ilə deyil, elmə, təhsilə, mədəniyyətə, səhiyyəyə göstərilən qayğısı ilə də fərqlənir: "Çalışacağıq ki, ötən seçkilərdə qalib olan YAP-ın parlament seçkilərində də qələbəsinin təminatına gənclik töhfəmizi verək. Milli Məclisə seçkilərdə gəncliyə göstərilən inamı fəallıq və mütəşəkkilliyimizlə doğruldaq".

Tədbirdə YAP Zərdab rayon təşkilatının şura üzvləri Gülağa İsgəndərov, Vüsalə Kərimova, Sara Sultanova, YAP Zərdab rayon təşkilatı qadınlar şurasının sədri Xəyalə Veyisova, rayon Ağsaqqallar şurasının sədri Mirağa Bağırov çıxış edərək gənclərə öz tövsiyələrini və məsləhətlərini veriblər.

Sonda partiyaya yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri, ilk dəfə səs verən gənclərə xatirə hədiyyələri təqdim olunub.

İntizarə Məmmədova

Digər xəbərlər