"Avropa Parlamenti "cinayətkarların himayəçisi" rolunda çıxış edir
Millət vəkili Madər Musayevin SİA-ya müsahibəsi:
- Qərbin bir sıra təşkilatlarının Azərbaycanla bağlı yaydığı hesabatların "5-ci kolon"dakıların "donos"ları ilə hazırlandığı haqda məlumatlar var. Sizcə, saxta faktlara istinad edib Azərbaycana qarşı çıxmaq Qərbin nəyinə lazımdır?
- Özlərinə müxalifət deyən, xarici dövlətlərə "donos" yazan insanların ermənidən heç bir fərqi yoxdur. Onlar vicdanını itirmiş insanlardır. Bilirsiniz, Azərbaycanı ləkələmək üçün erməni ilə də əməkdaşlığa hazır olıduqlarını deyən radikal müxalifət nümayəndələrinin Avorpaya göndərdiyi "donos"lar onlar üçün əhəmiyyətlidir. Çünki əvəzində pul alırlar. Bizim radikal müxalifət beynəlxalq təşkilatları şantaj, şər-böhtanla dolu materiallarla təmin edirlər. Vicdanlarını, şərəflərini satıb əvəzində pul alan belə adamlar uzun illərdir ki, millətimizə qarşı düşmənçilii edirlər və əl çəkmək niyyətləri də yoxdur. Bundan sonra nə Avropa, nə də satqın müxalifət düzələn deyil. Köhnə simalar, müxalifətçiliyi peşəyə çevirən satqınlar səhnədən getməyincə belə ürəkbulandırıcı hallar çox olacaq. Necə ola bilər ki, öz doğma ölkən haqqında hansısa avropalıya qərəzli, yalan informasiya ötürəsən, onların agentura şəbəkəsinin bir üzvünə çevriləsən. Axı bu casusluqdur. Vaxtilə torpaqlarımızı ermənilərə peşkəs edənlər indi də ölkəmizə ləkələmək üçün bütün ciddi-cəhdlə çalışırlar. Ancaq məsələ bundadır ki, onlar buna nail ola bilmirlər. Neçə illərdir ki, Qərbin əlaltıları kimi özlərini biabır ediblər. Şübhəsiz ki, burada iki amil var. Birincisi, radikal müxalifət "təki Azərbaycana xələl gəlsin" prinsipini əsas tutaraq düşmənlərimizlə də dostluğa gedirlər. İkincisi isə, Qərbdən pul alırlar. Ancaq bu vəziyyət də uzun müddət davam edə bilməz. Belə adamlar özləri siyasi səhnədən silinib gedəcəklər. Çünki onların arxasında bircə nəfər də olsun Azərbaycan vətəndaşı dayanmır. Amma bütün xalq iqtidarı dəstəkləyir. 30-40 adamı başına toplayıb qışqırmaqla deyil ki!?
- Bildyiniz kimi, dünya bazarında neftin qiymətinin düşməsi ilə bir sıra ölkələrdə sabitlik pozulub, ölkələrin iqtisadiyyatında geriləmə müşahidə olunur. Sizcə, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir edir?
- Öncə qeyd edim ki, Cənab Prezident sentyabrın 8-də keçirdiyi müşavirədə bütün bu məsələlərə toxundu, olduqca əhəmiyyətli məsələləri ortaya qoydu. Cənab Prezident iqtisadi-siyasi cəhətdən çox mühüm tezislər ortaya qoymaqla Azərbaycanın bundan sonra daha da güclənəcəyinin anonsunu verdi. Diqqət yetirək. Dünyanın zəngin neft yataqlarına malik bütün dövlətləri hazırda iqtisadi-siyasi kataklizmlərlə üz-üzə dayanıb. Eyni zamanda dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə bu ölkələrdə sabitlik də pozulub. Vətəndaşlar maaşlarını, pensiyalarını, təqaüdlərini ala bilmirlər. Bu ölkələrdə bütün bu hadisələr ona görə baş verir ki, həmin ölkələrin iqtisadiyyatı yalnız neftdən asılıdır, qeyri-neft sektoru isə yox dərəcəsindədir. Bəs Azərbaycanda vəziyyət necədir? Axı Azərbaycan da neft ölkəsidir. Yuxarıda sadaladığımız xoşagəlməz hadisələrin heç biri ölkəmizdə yaşanmır. Çünki Azərbaycan iqtisadiyyatı neftdən asılı deyil. Əgər bir neçə il bundan öncə dövlət büdcəsinin böyük hissəsi neftdən gələn gəlirlər hesabına formalaşırdısa, bu gün isə tamam başqa mənzərədir. Büdcəmiz daha çox qeyri-neft sektorundan əldə olunan gəlirlər hesabına formalaşır. Azərbaycan dünyada yeganə dövlətdir ki, bir il ərzində yüz minlərlə insanın işlə təmin edən onlarla zavod, fabrik, müəssisə açılmışdır. Təsadüfi deyil ki, qeyri-neft iqtisadiyyatı üzrə artım 9%-dən çoxdur. Artıq yoxsulluğun səviyyəsini rəqəmlə demək mümkün deyildir, çünki heç 1% də deyil. Ölkəmizdə siyasi sabitlik mövcuddur, insanlar sərbəst şəkildə öz fikirlərini deyə bilirlər. Bildiyniz kimi, bu yaxınlarda müxtəlif sahələrdə maaşlar da artırıldı. Halbuki əksər dövlətlərdə, lap elə Avropanın özündə vətəndaşlar aylardır ki, maaş ala bilmirlər. Əmin olun ki, Azərbaycan iqtisadi-siyasi cəhətdən bundan sonra daha da güclənəcək.
- Avropa Parlamentinin Azərbaycan haqqında yaydığı bəyanatdan məlumatlısınız. Sizcə, Avropa Parlamenti bununla nəyə nail olmaq istəyir?
- Avropa gedib öz işi ilə məşğul olsun. Onlar deyirlər ki, Avropada vəziyyət necədirsə, Azərbaycanda da elə olsun. Axı bu yolverilməzdir. Avropada eynicinslilər evlənirlər. Belə çıxır ki, bizdə də belə olmalıdır? Bu cür axmaq tələbləri özlərinə saxlasınlar, necə yaşamaq istəyirlərsə, elə də yaşasınlar. Ancaq özlərinin yüngül həyatlarını burada tətbiq etməyə çalışmasınlar. Onsuz da Azərbaycan Avronestlə bağlı qərarını verdi. Özünü dünyanın ən böyük və "demokratik" təşkilatlarından biri kimi qələmə verən Avropa Parlamenti Azərbaycana qarşı növbəti dəfə ikiüzlü, qərəzli siyasət ortaya qoydu. Bu Avropanın bizə qarşı atdığı ilk addım deyil. Avropa Parlamenti ilk olaraq gedib Qərb dövlətlərindəki durumu araşdırsın. Bu zaman görəcək ki, Avropada işsizlik, aclıq baş alıb gedir, insanların hüquqları pozulur, insanlar dininə, dərisinin rənginə görə təqib olunur, döyülür, qətlə yetirilir. Bu gün Avropada müsəlmanlara qarşı əsl terror siyasəti həyata keçirilir. Namaz qılan, hicab bağlayan insanları şər atıb istintaqa cəlb edirlər. Axı Avropa Parlamentinə bu səlahiyyəti kim verib ki, bizim daxili işlərimizə qarışsın? Azərbaycanın öz qanunları var, bu qanunlarla da cinayətkarlar cəzalandırılır. Kimsə öz dövlətinə qarşı casusluq edibsə və nəticədə həbs olunubsa, bunu normal qəbul etmək lazımdır. Cinayətkar cəzasız qalmamalıdır. Avropa Parlamenti isə "cinayətkarların himayəçisi" rolunda çıxış edir. Hər dəfə seçki öncəsi bu cür hallar baş verir. Çünki Azərbaycanda seçkilər də tam şəffaf və sabitlik şəraitində baş tutur. Bu isə Avropanı qane etmir. Qısqanclıq onları məcbur edir ki, ölkəmiz haqqında qərəzli, heç bir reallığa söykənməyən bəyanatlar versinlər. Bu il də seçki ili olduğuna görə onların hücumları gözləniləndir. Bu onlarda bir ənənə halını alıb. Avropa Parlamentinin qərarları heç bir ciddi əhəmiyyət kəsb etmir. Avropa Parlamenti ermənilər üçün sığınacaq yeridir. Azərbaycan müstəqil siyasət aparır, hansısa dövlətin, beynəlxalq təşkilatın sözü ilə oturub-durmur. Bu da Avropanı qorxuya salır. Avropa dövlətləri nümayəndələrini Azərbaycana göndərsinlər və bu zaman görəcəklər ki, ölkəmizdə necə demokratik seçki keçirilir. Sonra da öz ölkələrindəki seçkilərlə müqayisə etsinlər. Qorxmurlarsa, etsinlər.
sia.az