Və ya Azərbaycanın dövlətçilik maraqları bu xəyanətkarları maraqlandırmır
Bildiyimiz kimi, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanın "Euronest" Parlament Assambleyasındakı nümayəndə heyətinin fəaliyyətini dondurmağı təklif edib. Seyidov öz təklifini "Avropa Parlamenti sıralarında korrupsiyanı ifşa etmək" zərurəti ilə əsaslandırıb və bir sıra mühüm faktları ortaya qoyub.
Eyni zamanda, Avropa Parlamentinin, xüsusən "Azad Avropa" Alyansının deputatlarını Dağlıq Qarabağ separatçıları ilə əməkdaşlıqda ittiham edən Səməd Seyidov, xüsusilə vurğulayıb ki, bu gün Azərbaycan rəhbərliyi ATƏT-in Minsk Qrupu və Avropa Parlamenti olmadan işğal edilmiş ərazilərini azad etmək iqtidarındadır. Qarşı tərəfi isə narahat edən də bu amildir.
Erməni dəyirmanına su tökən bu kimi qurumların məqsədləri artıq bəllidir
Bu arada daha bir amili də xatırlasaq görərik ki, ümumiyyətlə, Azərbaycan xalqı Avropa Parlamentinin ölkəmizə münasibətində dəfələrlə qərəzli qətnamələr qəbul etdiyinin şahidi olub. Məhz bu baxımdan, bu qurumun növbəti dəfə, hətta həyasızcasına belə bir addım atması, artıq xalqımızın da səbrini tükəndirib. Avropa Parlamentinin saxta siyasətinin kökündə isə erməni maraqlarına xidmət etməyin dayanması artıq bir çox faktlara əsaslanır. Təkcə nəzərə alsaq ki, həmin qərəzli qətnamənin qəbul edilməsində eyni adlar iştirak edib və onun müzakirəsi cəmi bir neçə dəqiqəyə başa çatıb, bu zaman tam əminliklə deyə bilərik ki, ortada erməni lobbisinin əli var. Hətta bununla bağlı Milli Məclisin spikeri Oktay Əsədov da çıxış edib və bildirib ki, ikili standartlardan çıxış edən bu kimi qurumlarla bağlı əməkdaşlıqlar yenidən nəzərdən keçirilməlidir: "Biz beynəlxalq təşkilatlarda iştirakımızla bağlı qəti qərara gəlməliyik. Biz bu təşkilatlardan nə görürük? Hesab edirəm ki, biz Nazirlər Kabinetinə müraciət etməliyik ki, Şərq Tərəfdaşlığı Proqramına yenidən nəzər salsın".
Göründüyü kimi, Azərbaycanın müstəqil siyasətinə qarşı qısqanclıq, qərəz və həzmetməmə siyasəti yürüdərək, məhz erməni dəyirmanına su tökən bu kimi qurumların məqsədləri artıq bəllidir. Əgər belədirsə, bu zaman ölkəmiz milli-dövlətçilik maraqlarını əsas götürərək, öz kəskin iradlarını bildirir və lazım gələrsə, belə qurumlarla əməkdaşlığa son da qoya biləcəyini gizlətmir.
AXCP rəsmisi Azərbaycan tərəfinin ədalətli mövqeyinin "Ermənistanın maraqlarına xidmət edir" həyasızlığı ilə əvəzləməyə səy göstərir
Ancaq ortada daha bir maraqlı məqam daim erməni lobbisinin siyasətinə dəstək verən, erməniçilik maraqlarından çıxış edən AXCP və onun rəybərliyində dayanan fərdlərin narahatçıq keçirmələridir. Məhz Azərbaycan tərəfinin Avropa Parlamenti, eləcə də "Azad Avropa" Alyansı ilə əməmkdaşlığa son qoya biləcəyi barədə bəyanatlar səsləndirməsindən sonra Əli Kərimli və müavini Fuad Qəhrəmanlı erməni lobbisindən gələcək gəlirlərin kəsliləcəyindən vahiməyə düşdüyünü gizlətməyib. Xüsusilə, "oğru elə bağırdı ki..." prinsipini əsas götürən AXCP rəsmisi guya "azərbaycançılıq marağı" kontekstində çıxış edərək, Azərbaycan tərəfinin ədalətli mövqeyinin "Ermənistanın maraqlarına xidmət edir" həyasızlığı ilə əvəzləməyə səy göstərir. Sən demə, Avropa Parlamenti Qarabağ məsələsində Azərbaycanın Qarabağ məsələsindəki mövqeyini dəstəkləyib və həmin mövqeyində eyni zamanda "siyasi məhbus" məsələsini də qeyd edib. Azərbaycan isə "siyasi məhbus" məsələsinə görə, Avroparlamentin Qarabağ məsələsindəki dəstəyindən "imtina" edir (?!-R.R.).
Əgər Avropa Parlamenti Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini "dəstəkləməsəydi", bunlar da "siyasi məhbus" məsələsinə görə cınqırlarını çıxarıb, hakimiyyətə qarşı ittihamlarını irəli sürməyəcəkdilər?
Göründüyü kimi, AXCP-nin siyasi həyasızlıq nümunəsinin aparıcı fiqurlarından olan Fuad Qəhrəmanlı burada "azərbaycançılıq" mövqeyini sərgiləyərək, Azərbaycan hakimiyyətini öz təbirincə günahkar çıxarmağa çalışıb. Məsələn, iddia edib ki, "Avropa Şurasının qəbul etdiyi son qətnamədə Azərbaycanın Qarabağ məsələsindəki mövqeyi dəstəklənirdi. Bütün bunlardan sonra bu qurumları erməni lobbisi ilə bağlamaq gülünc görünür..."
Və burada Fuad Qəhrəmanlı həm özünü, həm də sədri Əli Kərimlini bilmədən tora, tələyə salmış olub. Demək belə çıxır ki, əgər Avropa Parlamenti Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini "dəstəkləməsəydi", bunlar da (yəni Əli Kərimli və ətrafı-R.R.) "siyasi məhbus" məsələsinə görə cınqırlarını çıxarıb, hakimiyyətə qarşı ittihamlarını irəli sürməyəcəkdilər? Bu, isə, ümumiyyətlə, inandırıcı görünməyən bir məsələdir. Beləliklə, məsələ ondadır ki, Fuad Qəhrəmanlı indi də milli heysiyyatımıza və problemimizə çevrilmiş Dağlıq Qarabağ məsələsindən ermənipərəst avropalı deputatlar kimi sui-istifadə edərək, yenidən erməni dəyirmanına su tökməklə məşğul olur. Daha dəqiq desək, olmayan "siyasi məhbus" məsələsini qabardıb erməni lobbisinin istəyini həyata keçirir.
Fuad Qəhrəmanlı sədri Əli Kərimli ilə birgə Azərbaycan Avropa qurumundan çıxarsa, erməni lobbisinin pullarına yiyə dura bilməyəcəyindən çox ciddi narahatçılıq hissləri keçirir
Daha bir məqama diqqət yetirək. Bildiyimiz kimi, BMT başda olmaqla, bir çox beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsələr də, artıq 25 ildən artıqdır ki, ortada heç bir müsbət dyişiklik, torpaqlarımızın işğaldan azad olunması faktı yoxdur. Bu zaman Avropa Parlamentinin hər dəfə Azərbaycana minnət qoyaraq (!!!-R.R.). Dağlıq Qarabağ məsələsində onun ərazi bütövlüyünü tanıdığını bəyan etməsi və bu minnətin fonunda ölkəmizə qarşı "siyasi məhbus" iddiası ilə çıxış etməsi məsələnin hansı yerdə olduğunu isbatlamış olur. Bəli, Fuad Qəhrəmanlını heç də Dağalı Qarabağ məsələsi maraqlandırmır və o öz sədri Əli Kərimli ilə birgə Azərbaycan Avropa qurumundan çıxarsa, erməni lobbisinin pullarına yiyə dura bilməyəcəyindən çox ciddi narahatçılıq hissləri keçirir.
Sonda isə daha bir faktora toxunaq. Bu unutqan və siyasi səbatsız fərd iddia edir ki, Rusiya Ermənistana ən müasir silahalar verir, yeni hərbi texnika almaq üçün 200 milyon dollar vəsait ayırır. Amma bununla bağlı nəinki parlamentin müzakirəsini keçirmirlər, Milli Məclisin yığıncağında Avropa əleyihinə danışanların biri də bu barədə iddia qaldırmır. Bu zaman Fuad Qəhrəmanlının yadına xüsusilə salmaq (bu ifadənin altından ikili qırmızı xətt çəkirəm-R.R.) istəyirəm ki, Yeni Azərbaycan Partiyasını təmsil edən fəal millət vəkillərimiz Rusiyanın Ermənistana silah-sursat satmasına qarşı dəfələrlə sərt etirazlarını bildirmiş, hətta Rusiyaya səfərlər edərkən, bu mövzunu həmin dövlətin siyasi dairələrində belə qaldırmışlar. Əgər bunu bilmirsə, ya da özünü siyasi təlxəkliyə qoyub oyunbazlıq edirsə, ən azından "youtube"də bu mövzunu yazsın və açılan videolara yaxşı-yaxşı baxsın. Amma baxsın!
Rövşən RƏSULOV