PDF Oxu

Siyasət

  • 28

YAP seçkilərə mütəşəkkil gedir

YAP seçkilərə mütəşəkkil gedir

Parlament seçkiləri Azərbaycan xalqının hakimiyyətə sarsılmaz etimadını növbəti dəfə nümayiş etdirəcək

Ötən dövrlərdə olduğu kimi, 2015-ci ilin geridə qoyduğumuz ayları da respublikamızın sosial-iqtisadi həyatı üçün əlamətdar oldu. Beynəlxalq maliyyə və iqtisadi böhranın davam etməsi, dərinləşməsi fonunda həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsi olaraq, sosial-iqtisadi inkişafımızda uğur göstəriciləri əldə edildi. Bu dövrdə iqtisadiyyatın 6 faiz, qeyri-neft sektorunun isə 9,2 faizlik artımı iqtisadi böhranın hazırda bütün dünyanı cənginə aldığı, neftin qiymətinin kəskin ucuzlaşdığı bir ərəfədə əksər dövlətlərin həsəd aparacağı nailiyyətdir. Nəzərdə tutulan bütün iqtisadi və sosial proqramların icrası davam etdirildi, qonşu dövlətlərdə olduğu kimi, heç nə ixtisar edilmədi, təxirə salınmadı. Bu baxımdan sosial-iqtisadi və digər sahələrin xoş mənzərəsi 2015-ci ili nikbin notlar üzərində başa vuracağımızı şərtləndirir. Digər tərəfdən davamlı inkişaf bütün sferaların yüksəlişinə təkan verdiyi kimi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsinə də təsirsiz ötüşmədi.

Müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır

Bu mənada 2015-ci il Azərbaycanın siyasi həyatı baxımından da əlamətdardır. Təbii ki, bu kimi uğurların əsasında Yeni Azərbaycan Partiyasının xətti dayanır. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin ən parlaq nəticələrindən biri ondan ibarətdir ki, il ərzində Azərbaycana qarşı Qərb ölkələri, bir sıra xarici siyasi dairələr, onların maraqlarına xidmət edən təşkilatlar tərəfindən aparılan qara piara, ölkəmizə qarayaxma cəhdlərinə baxmayaraq, respublikamız sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkə olduğunu nümayiş etdirdi. Bəli, müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti məhz həyata keçirilən müstəqil siyasətimizdən qaynaqlanır.

Ayrı-ayrı dövlətlərin, siyasətçilərin "demokratiya çətiri" altında çirkin və xəbis niyyətlərlə Azərbaycana qarşı səsləndirdikləri bəyanatlar, qəbul etdikləri kağız parçaları, hər dəfə respublikamızın beynəlxalq uğuru ərəfəsində mətbuat vasitəsilə başlatdıqları riyakar kampaniya ilə Azərbaycanı öz yolundan döndərmək cəhdləri əbəsdir. Azərbaycan müstəqil bir dövlət kimi sözün əsl mənasında müstəqil olduğunu, öz siyasətini xarici diktələrin təsiri altında qurmadığını çoxdan təsdiq edib. Son illərdə qazanılmış tarixi nailiyyətlərimiz, insanlarımızın gündən-günə yaxşılaşan rifah halı və üzərimizə yönələn hər cür xarici təhdidlər qarşısındakı dövlətçilik əzəməti Azərbaycanın sözdə yox, əməldə özünü göstərən müstəqilliyinin təsdiqidir.

Yeni Azərbaycan Partiyası dövlətin və xalqın maraqlarına cavab verən təşkilatdır

Ümumiyyətlə, seçkilər hər bir ölkənin həyatında mühüm siyasi hadisə olduğu qədər, həm də hər bir siyasi partiyanın dövlət və xalq qarşısında hesabatı və imtahanıdır. Tarix boyu dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik, hüquqi və dünyəvi dövlətçiliyin əsas atributlarından sayılan siyasi partiyalar, adətən, obyektiv zərurətdən və milli tələbatdan yaranmışlar. Ona görə hər bir sivil cəmiyyətdə geniş əhali kütləsinin, ümumən cəmiyyət üzvlərinin ictimai-siyasi həyatda iştirakı məhz partiyalar vasitəsilə reallaşır. 22 ildir ki, Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyasının respublikamızın hakim partiyası statusunu ləyaqətlə və uğurla daşımasını şərtləndirən əsas səbəb də məhz onun ideoloji-siyasi kursunun dövlətin və xalqın maraqlarına cavab verməsidir. Xalq-iqtidar vəhdəti faktoru da bu amilə söykənir. Məhz bu baxımdan noyabrın 1-də keçiriləcək parlament seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətində öz yerinə, roluna, xalqdan aldığı dəstəyinə və aparıcı missiyasına görə öndədir. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Azərbaycandakı digər siyasi partiyalardan təkcə öz üzvlərinin sayına görə, əhali arasında qazandığı etimada görə fərqlənmir. Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə dəstəklənməsinin başlacı səbəblərindən biri bu partiyanın monolitliyini qoruyub saxlaması və partiya üzvülərinin bütün qərarlarla bağlı vahid mövqe nümayiş etdirməsidir. Yeni Azərbaycan Partiyası yarandığı gündən bu vaxta qədər bir struktur kimi öz vahidliyini qoruyub saxlayır. Partiyanın yaranmasından bu günə qədər keçdiyi yolun hər zaman dəstəklənməsi bu partiyanın qeyd etdiyimiz kriteriyalara uyğun fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.

YAP-ın əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur

Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Aparılan hazırlıq işləri onu deməyə əsas verir ki, ölkənin ən böyük, nüfuzlu siyasi qüvvəsi və qələbələr partiyası kimi tanınan YAP-ın növbəti parlament seçkilərində qələbə qazanması labüddür. Seçki Məcəlləsinə uyğun olaraq təbliğatın bütün sivil formalarından istifadə etməklə bu dəfə keçiriləcək seçkilərdə də xalqın YAP-ın namizədlərini dəstəkləyəcəyi şübhə doğurmur.

Bu, bir reallıqdır ki, seçicilərin YAP-ın namizədlərinə səs verməsi üçün xeyli obyektiv səbəblər mövcuddur. Belə ki, son parlament seçkilərindən ötən beş il ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Ölkə Prezidenti, partiyanın Sədri İlham Əliyevin şəxsi nüfuzu, Onun daxili və xarici siyasətinin xalq tərəfindən dəstəklənməsi, eyni zamanda, YAP-ın cəmiyyətdə böyük nüfuzu, həmçinin bu siyasi təşkilatın üzvlərinin fədakarlığı, ötən seçkilərdə qazanılmış təcrübə qarşıdan gələn parlament seçkilərində də partiyanın uğurlu seçki kampaniyası aparacağına inam yaradır. Bu baxımdan, siyasi təşkilatın tərtib etdiyi namizədlərin siyahısı hər zaman olduğu kimi, bu dəfə də xalqın marağı ilə uzlaşdırılıb. Belə bir siyahının qəbul edilməsi həm də parlamentdə xalqın sözünü deyə bilməsi üçün, tələb və təkliflərin verilməsi üçün münbit və qəbulediləndir. Onu da qeyd edək ki, növbəti 5-ci çağırış Milli Məclis iclaslarında YAP-ı təmsil edən deputatlar hər zaman olduğu kimi, öz fəallıqlarını göstərməklə partiyanın nüfuzunu daha da artıracaqlar.

Beləliklə, YAP-ın istər xalqa verilən vədlərin hayata keçirilməsində öz əksini tapması, istərsə də digər müvafiq məsələlərdə öncüllük təşkil etməsi bir ənənəyə çevrilibdir desək, yanılmarıq. Bu baxımdan, YAP-ın növbəti parlament seçkilərinə də yüksək hazırlıq işləri aparmaqla, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərini yüksək səviyyədə təbliğ edəcək, Seçki Məcəlləsinə uyğun olaraq təbliğatın bütün sivil formalarından istifadə etməklə onların qələbəsinə nail olacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər