PDF Oxu

Siyasət

  • 32

Azərbaycan Qərbin ikili standartlarına sərt cavab verə bilər

Azərbaycan Qərbin ikili standartlarına sərt cavab verə bilər

TEZİS ƏSASINDA

Bunun üçün kifayət qədər dəlillər və faktlar mövcuddur

Artıq kimsəyə sirr deyil ki, Qərbin bir sıra siyasi dairələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar mövqeyi nümayiş etdirir və bu kimi siyasət hələ də öz mövcudluğunu qoruyub-saxlamaqdadır. Lakin o da sirr deyil ki, bu gün müsəlman dünyasında baş verən müxtəlif çoxsaylı problemlərin əsas səbəbkarı yenə də Qərb siyasi dairələridir. Beləliklə, sanki müsəlman dünyasına qarşı davamlı şəkildə qəsd-qərəz yolu tutacağına and içmiş həmin dairələrin mövcud siyasətlərində bundan başqa çalar, yenilik görmürük. Xüsusilə, ikili standartlar baxımından bu amil dəfələrlə öz təsdiqini tapıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qərbin ikili standartlar siyasəti

Qərb siyasi dairələrinin ikili standartlar siyasəti təəssüf ki, Azərbaycana qarşı da tədbiq edilməkdədir. Yəni görünən əsas məsələ budur ki, postsovet ölkələrində yaranmış digər ərazi münaqişələrindən fərqli olaraq, Qərb Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konkret və təsirli addımlar atmaqdan çəkinir, yalnız deklorativ bəyanatlar verməklə kifayətlənir. Əlbəttə ki, formal xarakter daşıyan bu cür deklorativ bəyanatların bu məsələdə heç bir ciddi rol oynamayacağını qərbli siyasilər də yaxşı bilirlər. Sadəcə, onlar Qarabağ məsələsində BMT-nin və s. qurumlların irəli sürdükləri qətnamələrə uyğun olaraq, həmin bəyanatları səsləndirirlər. Reallıqda isə Qərb siyasilərini müsəlman Azərbaycanın haqlı, ədalətli mövqeyi heç də maraqlandırmır. Onları maraqlandıran xrtistian klubuna yaxın olan Ermənistanın lobbisi və həmin lobbinin verdiyi sifarişləridir. Bu zaman Qərb dairələrinin, həmçinin "demokratik dəyərlər", "insan hüquqları" barədə çıxışlar edərkən, postsovet məkanı olan Azərbaycanı hədəfə götürməsi, ölkəmizə qarşı qərəz sərgiləməsi də müəyyən suallar doğurur.

Qərb heç də uzaqda olmayan həmin tarixi reallıqları siyasi korluğuna vurur

Halbuki Ermənistan Azərbaycanın ərazilərinin 20 faizdən artığını işğal altında saxlamaqda davam edir və Qarabağ münaqişəsindən əzab-əziyyət çəkən, qaçqınlıq həyatı yaşayan bir milyondan artıq vətəndaşımız var. Həmin insanların böyük qisminin ailələri işğalçılıq siyasəti zamanı əsir, itkin düşüb, ya da həyatını itirib. Maraqlısı da budur ki, ikistandartlı siyasətləri ilə müsəlman dünyasını bir-birinə qarışdırıb, sonra da "insan hüquqları" barədə ağızdolusu dəm vuran, "demokratiya dərsi" keçəməyə çalışan Qərb heç də uzaqda olmayan həmin tarixi reallıqları siyasi korluğuna vurur.

Halbuki digər postsovet ölkəsi olan Gürcüstanın ərazi bütövlüyü ilə bağlı istər ABŞ, istərsə də Avropa İttifaqı və onların təsirində olan beynəlxalq strukturlar birmənalı olaraq ərazi bütövlüyü prinsipini dəstəkləyib. Açıq və ya gizli şəkildə Gürcüstana hərbi, iqtisadi, maliyyə və humanitar yardım göstərilib.

Keçmiş SSRİ məkanının daha bir respublikası olan Moldova Dnestryanı münaqişə ilə bağlı Qərbdən hərtərəfli dəstək almaqda davam edir.

Daha bir postsovet ölkəsi - Ukraynanın regionlarında separatçı meyillər baş qaldırandan, Krım isə Rusiyaya birləşdirildikdən sonra Ukraynaya ciddi siyasi, iqtisadi, maliyyə və hərbi dəstək göstərilib. Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq olunub. Ukraynanın Donbas və Krım regionlarının, Moldavanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin mövcud rejimlərinin rəhbərlərinin adları "qara siyahıya" daxil edilib, onların Qərb ölkələrinə səfərləri qadağan olunub.

Hansı ki son 25 il ərzində eyni problemlə üzləşmiş Azərbaycan belə dəstəyi, ümumiyyətlə görməyib! BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələri isə, ümumiyyətlə, icra olunmur. Azərbaycan ərazilərini işğal etmiş Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməməsi qalsın bir tərəfə, hətta Dağlıq Qarabağdakı qondarma separatçı rejim Qərb tərəfindən açıq maliyyə dəstəyi alır! Bu zaman belə bir təəssürat yaranır ki, Qərb ölkələri və siyasi dairələri tərəfindən bu problemin tədricən unutdurulması və Qarabağdakı rejimin tədricən legitimləşdirilməsi siyasəti yürüdülür. Baxın: Bu gün ABŞ və Avropa paytaxtlarında qondarma və separatçı rejimin müxtəlif nümayəndəlikləri açılır, rejimin rəhbərləri Qərb paytaxtlarına sərbəst şəkildə səfərlər edir, şirkətlərin və s. dairələrin açılışlarında iştirak edir, rəsmi şəxslərlərlə görüşürlər. Bu gün Qərbin müxtəlif ölkələrində rejimin hərbi durumunu gücləndirmək üçün maliyyə marafonları təşkil edilir və həmin marafonlara Qərb siyasilərinin də qatılmasını biz dəfələrə görmüşük. Eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan hərbi qüvvələrinin mövcudluğu, orada Ermənistanın siyasi rəhbərliyinin iştirakı ilə hərbi manevrlər keçirilməsi Qərb paytaxtlarında sükutla qarşılanır və onlar həmin siyasilərdirlər ki, zaman-zaman Azərbaycana qarşı çıxışlar edir, bu və ya digər məsələlərdə ittihamçılıqla məşğul olurlar.

Azərbaycanın haqlı olaraq Qərb siyasəti ilə əməkdaşlıq perspektivinə qarşı inamı itir

Hətta ədalətsiz vəziyyət o həddə qədər inkişaf edib ki, ATƏT öz faktaraşdırıcı missiyasının açıqladığı hesabatlara belə etinasız yanaşır, işğalçı və işğala məruz qalan tərəflərə eyni (!-R.N.) münasibət bəslənilir. ATƏT Minsk Qrupunun həmsədrləri işğalçı Ermənistana heç bir təzyiq göstərmir, ondan beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə riayət olunmasını tələb etmirlər, bütün məsələlərin həllini münaqişədə olan dövlətlərin üzərinə atmağa çalışaraq guya kompromis axtarırlar.

Məhz yuxarıda qeyd edilən bir sıra faktlardan sonra Azərbaycanın haqlı olaraq Qərb siyasəti ilə əməkdaşlıq perspektivinə qarşı inamı itir. Ərazi bütövlüyü məsələsində ikili standartlar siyasəti haqlı olaraq Azərbaycanda Qərblə əməkdaşlığının lazımsızlığı haqda ictimai rəyi gücləndirir. Yəni bu amil yalnız dövlətin, hakimiyyətin deyil, həmçinin xalqın rəyidir.

Azərbaycan dövlətinin son hədəfi öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyin və cəmiyyətin layiqli inkişafını təmin etməkdir

Daha bir məsələ isə Qərb siyasi dairələrinin bütövlükdə müsəlman dövlətlərinə qarşı sərgilədikləri münasibətləridir. Bu faktor da məhz SSRİ-nin dağılması prosesindən sonraya təsadüf etməkdədir. Məsələn, Sovet İttifaqının süqutundan sonra ABŞ və Qərb dövlətləri islam dünyasına və müsəlman ölkələrinə qarşı düşmən münasibəti göstərməyə başlayıb, "terrorla mübarizə" və "demokratik standartların tətbiqi" adı altında onların daxili işlərinə müdaxilələri gücləndirib. Nəticədə, Qərbin daxili işlərinə müdaxilə etdiyi ölkələr xaos, vətəndaş müharibəsi, iqtisadiyyatın dağılması, ərazi bütövlüyünün sual altında düşməsi, qaçqınlar problemi və s. ilə üz-üzə qalıblar.

Avropa İttifaqı ilə yaxın qonşuluq haqda ilk saziş imzalamış ölkələrdən olan Mərakeş "Ərəb baharı" təhlükəsi yaşayıb, ölkənin bərbər azlığı açıq şəkildə Avropa tərəfindən separatizmə təşviq edilib. İndiyədək Qərb və onun nəzarətindəki beynəlxalq strukturlar Mərakeşin Qərbi Böyük Səhra üzərində tarixi suveren hüquqlarını tanımır, bu regionun təmsilçisi kimi separatçı qurum qəbul edilir.

Qərblə sıx əlaqələr Əlcəzair üçün üçüncü onillikdir gah latent, gah qızğın şəkildə davam edən vətəndaş müharibəsi, Tunis üçün isə daxili münaqişə və xaosla nəticələnib. Bənzər vəziyyət Liviya, Suriya, Livan, İraq və Misirdə da yaşanır. Bu ölkələrin hər biri dini və etnik zəmində ərazi bütövlüyünün parçalanması təhdidi ilə qarşılaşıblar.

Daha bir müsəlman ölkəsinə qarşı qərəz: Avropa İttifaqı Türkiyə ilə müəyyən əməkdaşlıq və müzakirələr aparır, lakin indiyədək bu qurum Türkiyəni öz sıralarına qəbul etmir. NATO-ya üzvlük, vaxtilə antisosialist cəbhənin avanqard ölkəsi olmaq, ABŞ-la sıx siyasi-hərbi və iqtisadi münasibətlər Türkiyəni heç bir təhdiddən sığortalamayıb, ölkə çoxmilyonluq qaçqın böhranı, Avropadan dəstək görən etnik separatizmlə baş-başa buraxılıb.

Hələ bu, harasıdır? Hətta Cənub-Şərqi Asiyada yerləşən müsəlman ölkələri Malayziya və İndoneziya belə "parçala, hökm sür" siyasətindən qurtula bilməyib. Malayziya hələ 1960-cı illərdə Sinqapurun müstəqilliyini tanınmağa, İndoneziya isə XXl əsrə Şərqi Timor problemi ilə qədəm qoymağa məcbur edilib. Bu ölkələrdə indi Sabax-Saravak, Açex kimi separatizm ocaqları hələ də qalır.

Görünən isə budur ki, bütün bunlarda Qərbin məqsədi müsəlman ölkələrinin müstəqil inkişafının qarşısını almaq, onları daxili qarşıdurmalara sövq etmək, yerüstü və yeraltı sərvətlərini nəzarətdə saxlamaqdır. Bu isə Qərbin siyasəti beynəlxalq hüquqa deyil, əksər hallarda güc prinsipinə əsaslanan addımıdır. Belə olan vəziyyətdə Azərbaycanın haqlı mövqeyi, əslində Qərbi düşündürməyə vadar etməlidir. Qərbin başbilənləri sual etməlidirlər ki, axı nəyə görə bütün bunlar baş verir? Qərb anlamağa məhkumdur ki, Azərbaycan müstəqil siyasət yürütmək haqqına, beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə etinasız münasibət bəsləyən, öz fəaliyyətini tabeçilik, diktat və "böyük-kiçik" prinsipləri, sivilizasiyaların toqquşması ideologiyası üzərində quran Qərb strukturlarına inteqrasiyanın mümkünsüzlüyünü görür və bunun zərərli olduğunun fərqindədir!

Azərbaycan dövlətinin son hədəfi öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyin və cəmiyyətin layiqli inkişafını təmin etməkdir. Bu hədəfləri təmin etmək üçün Azərbaycan öz xarici siyasətinin prinsiplərinə dönmədən riayət edir, bir çox ənənəvi tərəfdaş ölkələrlə əlaqələrini daha da inkişaf etdirir, yeni vektorlar müəyyənləşdirir, əməkdaşlığa açıq və səmimi olan Latın Amerikası, Avrasiya, Uzaq Şərq, Cənubi Asiya, Afrika, MDB və Şərqi Avropa ölkələri ilə ikitərəfli əməkdaşlığını sıxlaşdırır. Beləliklə, biz bir daha əminliklə deyə bilərik ki, Azərbaycan son hədəfi müstəmləkəçilik, xalqları istismar etmək, ədalətsiz olan qurumlar və dövlətlərlə əməkdaşlığın perspektivini görmür.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər