PDF Oxu

Siyasət

  • 27

“Münaqişənin tənzimlənməsi baxımından aktivlik ola bilər" POLİTOLOQ - AÇIQLAMA

“Münaqişənin tənzimlənməsi baxımından aktivlik ola bilər" POLİTOLOQ - AÇIQLAMA

"Bu gün BMT-nin mənzil qərargahında Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi də müzakirə oluna bilər". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloqun sözlərinə görə, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşündə Dağlıq Qarabağ münaqişəsinin yenidən müzakirə olunması əvvəlcədən razılaşdırılıb: "Hətta Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bunu rəsmi şəkildə də bildirdi. Amma hələ ki Ermənistanın xarici işlər naziri bu görüş barədə razılığını verməyib. Buradan da məlum olur ki, rəsmi İrəvan görüşə, dialoqa hazır deyil. Ermənistan görüşə mane olmağa çalışacaq. Düşünürəm ki, təşəbbüs ABŞ tərəfindən irəli sürülüb. Nazir Elmar Məmmədyarovun da söylədiklərindən belə başa düşülür ki, Rusiya tərəfi də bu təşəbbüsü dəstəkləyir. Hesab edirəm ki, BMT Baş Assambleyasınının sessiyası çərçivəsində Ermənistan-Azərbaycan XİN rəhbərlərinin görüşü keçirilə bilər. 1-2 ay ərzində yəni, BMT Baş Assambleyasının sessiyası davam etdiyi müddətdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də gündəliyə gələ bilər. Çünki ABŞ artıq prezidentlərin görüşü məsələsini yenidən aktuallaşdırır".M. Əhmədoğlu əlavə edib ki, ABŞ prezidentlərin görüşünün Nyu-Yorkda baş tutmasını istəyir: "BMT Baş Assambleyasının sessiyasında 2 sənədin müzakirə olunmasını gözləyirəm. Bu sənədlərdən biri Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə aiddir. Sentyabrın 24-də Ermənistan-Azərbaycan XİN başçıları razılığa gələ bilməsələr, Azərbaycan tərəfi ehtiyat variant kimi o məlum sənədi hazırlayıb gündəliyə sala bilər. Digər sənəd isə Gürcüstan Ukrayna Azərbaycan Moldovaya (GUAM) üzv dövlətlərin işğal olunmuş ərazilərinə dair sənədin ortalığa gəlməsidir. Çünki hazırda Gürcüstan prezidenti çox aktivlik nümayiş etdirir və GUAM-ı fəallaşdırmaq istəyir. Gürcüstan GUAM ərazisindəki münaqişələr məsələsini BMT Baş Assambleyasında qaldırmaq istəyir. Bu mənada gözləyirəm ki, BMT Baş Assambleyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından müəyyən aktivlik ola bilər".

sia.az

Digər xəbərlər