PDF Oxu

Siyasət

  • 54

Milli Məclisdə görüş

Milli Məclisdə görüş

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Parlamentdən SİA-ya verilən xəbərə görə, qonağı səmimi salamlayan Oqtay Əsədov son günlər Türkiyədə terror hücumları nəticəsində hərbçi və polislərin həlak olmasına görə başsağlığı verdi, yaralananlara şəfa diləyib. Bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir. İqtisadi münasibətlərdən danışan Milli Məclisin sədri qeyd etdi ki, iki ölkə arasında ticarət dövriyyəsi milyardlarla ölçülür. Azərbaycanda 2400-ə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. İki qardaş ölkə bir-birinin iqtisadiyyatına böyük həcmdə investisiyalar yatırır. Lakin son illərdə Türkiyə və Azərbaycanın daha da güclənməsi bəzi qüvvələri narahat edir və bizə qarşı çirkin kampaniyalar aparılır.

Görüşdə iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmlənməsində parlamentlərin rolundan, işçi qruplarının fəaliyyətindən, deputatlarımızın beynəlxalq təşkilatlarda xalqlarımız və dövlətlərimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmələrindən, Dağlıq Qarabağ problemindən söhbət açılıb.

Səmimi görüş üçün təşəkkürünü bildirən Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu Ulu öndər Heydər Əliyevin "bir millət iki dövlət" kəlamını xatırladıb. Qeyd edib ki, bu gün ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək olur, eyni mövqedən çıxış edirlər.

Dağlıq Qarabağ münaqişəsindən danışan Feridun Sinirlioğlu deyib ki, Türkiyə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması üçün bundan sonra da dəstəyini davam etdirəcək.

Söhbət zamanı tərəflər həm Türkiyədə, həm də Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərinin uğurlu olacağına əminliklərini bildiriblər. Belə bir inam ifadə olunub ki, hər iki ölkə bir-birilərini dəstəkləyərək qarşılarına çıxacaq bütün problemləri birlikdə həll edəcək.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, hər iki ölkənin səfirləri Alpər Coşqun, Faiq Bağırov və digər rəsmi şəxslər iştirak ediblər.

sia.az

Digər xəbərlər