1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının şura iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı iclasın gündəliyində duran əsas məsələnin Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı olduğunu bildirdi. O, qeyd etdi ki, YAP prezident, bələdiyyə, parlament seçkilərində qələbə qazanmış, bu uğurlar, nailiyyətlər dövlətin həyata keçirdiyi böyük layihələrin nəticəsidir:"Azərbaycanda mövcud durum, ictimai-siyasi proseslərin gedişatı belə bir fikir söyləməyə əsas verir ki, respublika istənilən seçkinin keçirilməsinə hər zaman hazır vəziyyətdədir. Seçkilərə hazırlıqla bağlı artıq işlər görülüb. Ölkədə keçirilən parlament seçkilərində fəal iştirak etmək üçün YAP Nəsimi rayon təşkilatının qadınlar şurası və gənclər birliyi öz iclaslarını keçirib və müvafiq fəaliyyət planı hazırlanıb. Təşkilatı işlər görülmüş, müşahidəçilər, məşvərətçilər, məntəqə və dairələrdə olan YAP təmsilçilərilə işlər görülüb. Rayon əhalisinin ayrı-ayrı nüfüzlu təbəqələri ilə görüşlər keçirilib".
Rayon təşkilatının sədri onu da bildirdi ki, Nəsimi rayonu ərazisində 3 dairə, 78 məntəqə fəaliyyət göstərir. Nəsimi rayonunun ümumi əhalisi 217000 nəfər, seçicilərin sayı isə 82900 nəfərdir. Daha sonra M.İbrahimqızı parlament seçkilərində hər kəsə uğurlar arzuladı.
İslasda çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanın iqtisadi inkişafına, ölkədə hökm sürən ictimai-siyasi sabitliyə nəzər saldı. O, qeyd etdi ki, Azərbaycan müasir dövrümüzdə özünün yeni inkişaf mərhələsini yaşayır. Bu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.
Müasir dövrümüzdə ölkəmizin hər bir yerində bu inkişafın müşahidə olunduğunu bildirən A.Əsgərov Nəsimi rayonunda da "Regionların sosial–iqtisadi inkişafına dair dövlət proqramlarına əsasən kifayət qədər işlərin görüldüyünü və bu işlərin davamlı olacağını diqqətə çəkdi. O, qeyd etdi ki, dövlət başçısının ölkənin həyatında yaratdığı ictimai-siyasi, sosial sabitlik, sosial rifahın təmin etməsi nəticəsi olaraq, bu gün Azərbaycanda parlament seçkilərinə hazırlıq yüksək səviyyədə aparılır:"İstər prezident seçkilərində, istər parlament seçkilərində, istərsə də bələdiyyə seçkilərində xalq ölkənin gələcək inkişafını nəzərə alaraq, düzgün seçim etmişdir. Qarşıdan parlament seçkiləri gəlir və bu birliyi xalqın bir daha nümayiş etdirəcəyinə şübhə etmirik".
O, seçkilərlə bağlı rayon ərazisində bütün texniki məsələlərin həll olduğunu, rayon dairə rəhbərləri, ali təhsil müəssiəsələrin rəhbərləri, dini icmalar ilə görüşlərin keçirildiyin bildirdi:" Növbəti parlament seçkilərində də Yeni Azərbaycan Partiyasının qələbəsi təmin ediləcək. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Sədri olduğu İlham Əliyev tərəfindən uğurla davam etdirilən böyük qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası siyasəti birmənalı olaraq xalq tərəfindən dəstəklənir".
Nəzakət ƏLƏDDİNQIZI