"Ümumiyyətlə, "Freedom House" və digər bu kimi beynəlxalq təşkilatların bəyanatlarına fikir vermək lazım deyil. Onlar eyni istiqamətdə və səviyyədə danışan insanlardır". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.Deputatın sözlərinə görə, bir təşkilat ki, Dağlıq Qarabağ separatçı rejiminin demokratik olduğu ilə bağlı qiymət verə bilirsə, onların dediklərinə ciddi yanaşmaq lazım deyil: "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina etməsi məsələsi tamam başqadır. Onların qərəzli mövqeləri hazırdır. Mən digər dövlətlərdə seçkilərdə müşahidəçi olduğum zaman bunun canlı şahidi olmuşam.R.Rzayev əlavə edib ki, onların Azərbaycana gəlməmələrinin əsas səbəbi Azərbaycanda demokratik respublikanın inkişaf etməsini, demokratik seçki mühitinin formalaşmasını qəbul edə bilməmələri ilə bağlıdır: "Əgər onlar gəlməkdən imtina ediblərsə, bəs niyə bu barədə danışırlar? Deməli onlar hər vəchlə Azərbaycana təzyiq etmək istəyirlər. Təbii ki, rəsmi Bakı da bu təzyiqi qəbul etmir. Əgər onların imkanları varsa gəlib görsünlər ki, Azərbaycanda seçkilər hansı şəraitdə keçirilir. Ölkəmizdə ilk dəfə seçki keçirilmir. Onlar getsinlər erməniləri, separatçı rejimləri, Serj Sarkisyan kimi əli qana batmış insanları dəstəkləsinlər".
sia.az