Bu qərəz Azərbaycan xalqının mövqeyinə, seçiminə və iradəsinə qara yaxmağa çalışsa da, çox cılız və aşırı ifşaolunandır...
"Freedom House" təşkilatı yenə də ənənəsinə sadiq qalaraq anti-Azərbaycan fəaliyyətini davam etdirir. Belə ki, Azərbaycanda hələ noyabr ayının 1-də keçiriləcək parlament seçkilərinin keçirilməsinə hələ ay yarıma yaxın vaxtın qalmasına baxmayaraq mayası böhtanla yoğrulan bu qeyri-təşkilat indidən seçkilərin nəticələrinə kölgə salmağa cəhd göstərməklə bəyanatlar səsləndirir. Yenə də qərəzi hər kəsə bəlli olan bu qurum Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv fikir formalaşdırmağa çalışır. Ancaq təşkilatın başbilənləri özləri də yaxşı anlayırlar ki, bu gün Azərbaycan yüksək iqtisadi inkişafa malik olan sabit məkandır. Müstəqilliyinin 3-cü onilliyini yaşayan Azərbaycan qısa müddətdə nail olduğu inkişafın bütün parametrləri üzrə min illik dövlətçilik ənənələri olan ölkələrlə bir sıradadır. Azərbaycan BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq qurumlarda təmsil olunur, dünyanın maraq göstərdiyi böyük miqyaslı ictimai, siyasi və mədəni tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı və möhkəmləndirilməsi üçün ən qabaqcıl təcrübələr tətbiq edilir. Ölkəmizdə qeyri-hökumət təşkilatlarının layihələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi vətəndaşların və ictimai qurumların fəallığının artmasına böyük təkan verir. Bu gün Azərbaycanda ictimai-siyasi həyatın elə bir sahəsi yoxdur ki, orada QHT-lərin fəaliyyəti və sərbəst mövqeyi görünməsin. 2700-dən çox QHT-nin qeydiyyata alınması bunu təsdiqləyir. Vətəndaş cəmiyyətinin mövcudluğunu şərtləndirən bütün seqmentlər normal və ahəngdar şəkildə fəaliyyət göstərir. Ölkəmizdə demokratikləşmə, insan hüquq və azadlıqlarının təsbit edilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin mühüm tərkib hissələrindən biri azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması, bu sahədə bütün maneələrin tamamilə aradan qaldırılmasıdır.
Bu cür təşkilatların ölkəmizdə "at oynatmaq", bununla da öz arzularına çatmaq istəklərinin qarşısı hər zaman alınıb
Azərbaycanda seçkilərin çox yüksək standartlara uyğun və ətraf ölkələrə, hətta Avropa dövlətlərinin çoxuna nümunə ola biləcək səviyyədə keçirildiyi bir halda, "Freedom House" təşkilatının parlament seçkilərini boykot çağırışı və seçkilərin keçirilməzdən əvvəl nəticələri ilə bağlı böhtanlı bəyanatları bir daha bu təşkilatın çirkin niyyətini ortaya qoymuş olur. Sual olunur: bütün bunlar kimin maraqlarına cavab verir? Cavab aydındır. Bu kimi çağırış, əslində, Azərbaycan cəmiyyəti üçün yeni deyil. Lakin göründüyü kimi, heç bir boykot çağırışları onların istədiyi nəticələri verməyib və bundan sonra da verməyəcək. Çünki Azərbaycan ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti ilə bütün dünyaya sübut edir ki, buradakı demokratik və müstəqillik mühiti bir çox nüfuzlu Avropa dövlətlərini də üstələməkdədir.
Əlbəttə, dünyada müəyyən təsir gücü olan anti-Azərbaycan dairələr ölkəmizin hüdudlarından kənarda kimlərinsə rəyini, mövqeyini dəyişə bilər, amma onlar Azərbaycan xalqının mövqeyinə, iradəsinə əl qoya bilməzlər. Çünki seçkidə xalq öz sözünü deyir və nəticədə öz iradəsinə və simpatiyasına uyğun olaraq öz seçimini edir. Bu isə onu göstərir ki, xarici qüvvələrin köməyi ilə bəzi antimilli ünsürlərin, xalqa yox, xarici dairələrə bel bağlayan, onların əlaltılarına çevrilmək üçün bütün gedişləri təcrübədən keçirən qrupların hakimiyyətə gəlmək şansları çoxdan ölüb. Çünki xalqımız bu cür proseslərin mahiyyətinə yaxşı bələddir. Məhz buna görə də, bu cür təşkilatlar Azərbaycanla bağlı yalan iddialar ortaya qoymaqdansa, Avropa ölkələrində vəhşiliklə pozulan insan hüquqlarını müdafiə etsələr, daha səmimi görünərlər. Lakin bu cür yalanlarla, iftiralarla Azərbaycana təsir etmək, təzyiq göstərmək və öz yolundan döndərmək mümkün deyil.
RƏFİQƏ HÜSEYNOVA