PDF Oxu

Siyasət

  • 62

"Freedom House"dan növbəti riyakarlıq

"Freedom House"dan növbəti riyakarlıq

Mirkazım Kazımov: "Fredoom House" kimi xırda təşkilatların bəyanatları Azərbaycan üçün heç bir əhəmiyyət kəsb eləmir"

ABŞ-da yerləşən "Freedom House" təşkilatı Azərbaycanla bağlı növbəti qərəzli bəyanat yayıb. Bəyanatda göstərilir ki, ATƏT-in seçkilərdə müşahidəçilikdən imtina etməsi guya Azərbaycanda azad və ədalətli seçkinin keçirilməsinə çox az ümid yeri qoyur. Bundan başqa bəyanatda Azərbaycanın ədalətli və demokratik seçki keçirməyəcəyi ilə bağlı absurd iddialar irəli sürülüb.

"Freedom House"nin bəyanatı ilə bağlı "SƏS" qəzetinə açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov bildirib ki, bu təşkilatın öncədən yersiz iddialar irəli sürməsi onların Azərbaycana qarşı düşmənçiliyinin göstəricisidir: "Azərbyacanda seçkilər noyabrın 1-də keçiriləcək. Seçkilərə təxminən bir ay yarım vaxt var. Sual olunur, "Freedom House" təşkilatı indidən belə bir bəyanatla niyə çıxış edir? Bu qurumun rəhbərlərinin görücülük qabiliyyətləri varmı? Onlar ölkəmiz üçün yaxşı heç nə arzulamırlar. Onlar indidən bu addımlarilə müəyyən məqsədlər güdürlər. Əvvəla, hər seçki ilində olduğu kimi, bu təşkilat 2015-ci il parlament seçkiləri ərəfəsində də növbəti dəfə qeyri-obyektiv mövqeyini ortaya qoydu. İkincisi, "Freedom House" bu bəyanatla Azərbaycanda qıcıq, aqressivlik yaratmaq istəyir. Bu isə mümkün deyil. Çünki Azərbaycan üçün "Freedom House" kimi xırda təşkilatların bəyanatları heç bir əhəmiyyət kəsb eləmir. Üçüncüsü, bu qurum tabe olduğu dairələrin maraqlarını təmin etmək üçün Azərbaycanda radikal meyilləri gücləndirməyə cəhd edir. Digər tərəfdən, hazırda dünya dövlətlərindəki, lap elə ABŞ-ın özündəki acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadığına görə onlar qısqanclıqdan bu addımı atırlar".

M.Kazımov Azərbaycanda keçiriləcək seçkilərlə bağlı da öz fikirlərini açıqlayıb: "Həmişə olduğu kimi bu il də seçkilər ən yüksək səviyyədə keçiriləcək, bu dəfə də xalqımız öz doğru seçimini edəcək. Yəni iqtidar-xalq birliyinin təntənəsini bu dəfə də görəcəyik. Qərbin hansı təşkilatı Azərbaycanla bağlı nə hesabat açıqlayırsa-açıqlasın, bu, bizi qıcıqlandırmayacaq. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət Qərbin bütün mənfur niyyətlərini darmadağın edib. Bundan sonra da belə olacaq".

Samir

Digər xəbərlər