Qurban bayramı ərəfəsində Zərdab rayon icra hakimiyyətində ağsaqqallar və din xadimləri ilə görüş keçirilib.AZƏRTAC xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri, ziyalılar, rayon əhalisinin müxtəlif təbəqələrinin nümayəndələri iştirak ediblər. İcra hakimiyyətinin başçısı Lütvəli Babayev görüşdə sosial-iqtisadi sahələrdə həyata keçirilən tədbirlər, Qurban bayramı ərəfəsində şəhər, qəsəbə və kəndlərdə görülən təmizlik və abadlıq işləri barədə ətraflı məlumat verib.Vurğulanıb ki, artıq rayonun 19 yaşayış məntəqəsinə təbii qaz verilməsi təmin olunub. Hazırda digər yaşayış məntəqələrinə də qaz çəkilir. Rayonun elektrik təsərrüfatının yenidən qurulması işlərinə başlanılıb. Mərkəzi rayon xəstəxanasının binasının əsaslı təmiri davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 50 yerlik 2 körpələr evi-uşaq bağçası inşa olunur. Onlardan birinin tikintisi artıq başa çatıb. Dörd nəfər Qarabağ əlili üçün ev tikilir. Şahhüseynli kəndində həkim məntəqəsi yaxın günlərdə istifadəyə veriləcək.İcra hakimiyyətinin başçısı rayon ağsaqqalları ilə tez-tez görüşlər keçirildiyini və irəli sürülən təkliflərin, qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər gördüyünü qeyd edib.Görüşdə çıxış edən rayon ağsaqqallarından və din xadimlərindən Hacı Feyzulla Tağıyev, Hacı Yusif Məmmədov, Mirağa Bağırov və başqaları ölkəmizdə və rayonda görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Ağsaqqallar şəhər və kəndlərin sosial-iqtisadi problemləri, habelə fərdi qayğıları ilə bağlı təklif və xahişlərini söyləyiblər. Müraciətlərin və qaldırılan məsələlərin həllinə dair əlaqədar təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verilib.
AZƏRTAC