Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsiplərinə söykənən Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycanda dövlət quruculuğu yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Azərbaycanın müstəqillik tarixində yüksək uğurlarla tarix yazan Yeni Azərbaycan Partiyası bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərində də ənənəsinə sədaqət nümayiş etdirəcək. Seçkilərin növbəti mərhələsi olan imzatoplama kampaniyasında insanların YAP-ın namizədlərinə yüksək fəallıqla öz imzalarını vermələri bunu deməyə əsas verir. Ölkəmizin bütün bölgələrində olduğu kimi Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında da bayram əhval ruhiyyəli fəallıq müşahidə edilir. Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Zərdab rayon şöbəsinin sədri Pərvin Mahmudova qəzetimizə verdiyi açıqlamasında partiyanın irəli sürdüyü namizədin imzatoplama kampaniyasını artıq başa çatdırdıqlarını bildirib. P. Mahmudova qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq sənədləri Dairə Seçki Komissiyasına təqdim ediblər: "İlkin mərhələdə partiya tərəfindən irəli sürülən namizədimizin 92 saylı Zərdab-Ucar seçki dairəsindən imza vərəqələri götürülüb və imzatoplanması uğurla başa çatdırılıb. İnsanlar YAP-ın namizədinə imzalarını böyük həvəslə veriblər. Bu da bir daha insanların Yeni Azərbaycan Partiyasına olan inmaının dəyişmədiyini göstərir".P. Mahmudova onu da əlavə edib ki, parlamentə namizədin müdafiəsi üçün imzatoplayanlar arasında təlimatlandırıcı treninqlər də keçirilib: "İmzatopalayanlar bu sahədə yetərincə təcrübəyə malik insanlardırlar. Seçkilərin növbəti mərhələsində qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəallığımızı bir qədər də artıracağıq".
yap.org.az