"Mən siyasətlə məşğul olan bir insan kimi ümumiyyətlə baykotu anlamıram və qəbul etmirəm. Hər bir siyasi partiyanın əsas hədəfi seçkiyə qatılmaq və qələbə qazanmaq olmalıdır". Bu fikirləri SİA-ya "Ağ Blok"un təmsilçisi Tural Abbaslı bəzi siyasi partiyaların parlament seçkilərini baykot etməsinə münasibətini açıqlayarkən deyib.Onun sözlərinə görə, bütün siyasi partiyaların əsas məqsəd və vəzifələri hakimiyyətə gəlməkdir: "Bu da konstruktiv, sivil və demokratik seçki yolu ilə olmalıdır. Bəzi dövlətlərdə baş verən dinc inqilablar belə seçkilər fonunda baş verir. Odur ki, hakimiyyətə gəlmək istəyən istənilən siyasi partiya seçkiyə qatılmalıdır. Əgər bir siyasətçi 2013-cü il prezident seçkilərinə qatılıbsa, parlament seçkilərini baykot etmək qərarını səmimi hesab etmirəm. Həqiqətən də kimsə vəziyyəti dəyişmək istəyirsə, bunu prossesin içində iştirak etməklə edə bilər, kənardan passiv izləyici kimi yox. Əslində baykot qərarı verən siyasi partiyaların bu qərarı vermələrində səbəblər tam başqadır. Bəzi partiyalar daxildəki problemləri rahat həll edə bilmirlər, ona görə də partiyanın parçalanmasının qarşısını almaq üçün kənarda qalıb bütün enerjilərini buraya sərf etmək üçün bu addımı atırlar. Bir sözlə "baykot edərik ha" ritorikası ilə məşğuldurlar".
sia.az