Noyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyası uğurla davam edir. YAP Səbail rayon təşkilatının Seçki Qərargahı da Yeni Azərbaycan Partiyası tərəfindən 29 saylı Səbail Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Hacıyev Şəmsəddin Hümmət oğlunun imzatoplama kampaniyasına start verib. YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini və Seçki Qərargahının sədrinin müavini Muxtar Nağıyev bildirib ki, sentyabrın 15-də YAP İdarə Heyətinin iclasından sonra partiya tərəfindən irəli sürülmüş namizədlərin elan olunmasının ardından Seçki Qərargahı növbəti mərhələyə start verib: "Bu günə qədər partiyamızın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlara uyğun olaraq müvafiq mərhələlər üzrə nəzərdə tutulan işlər uğurla həyata keçirilib. Növbəti imzatoplama kampaniyasına cəlb olunmuş partiya fəalları bu mərhələni də uğurla başa vuracaqlar. Parlament seçkiləri ilə əlaqədar rayon təşkilatının 31 nəfərdən ibarət Seçki Qərargahının üzvləri arasında vəzifə bölgüsü aparılıb, qarşıdakı dövrdə görüləcək işlər müəyyənləşdirilib. Səbail rayon şöbəsinin Seçki Qərargahı öz işini YAP Mərkəzi Aparatının tərtib etdiyi plana və partiya rəhbərliyinin tapşırıqlarına uyğun şəkildə qurur. Çünki rayon şöbəsinin Seçki Qərargahının tərkibinə Səbail rayonunda kifayət qədər nüfuzu olan rayon ziyalıları və ötən illərdə seçki sahəsində təcrübə toplamış insanlar, partiya fəalları daxildir. Bu, bizə olan etimadı doğruldacağımıza zəmin yaradır. Qeyd edim ki, imzatoplama mərhələsindən öncə qərargahda imza toplayacaq şəxslərlə bir daha görüş keçirdik, son tapşırıq və tövsiyələrimizi verdik, həmçinin imza vərəqələrini təqdim etdik. Vurğulayım ki, seçicilər böyük həvəs və maraqla namizədimizin lehinə imzalarını verirlər. Səbaillilər həmişə olduğu kimi, bu prosesdə də böyük fəallıq göstərirlər".
R.HÜSEYNOVA