Məlum olduğu kimi, Azərbaycan Respublikası Milli Məclisinə noyabrın 1-də keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyasına start verilib. YAP Mərkəzi Seçki Qərargahı Sabunçu rayon şöbəsində fəaliyyət göstərən mobil qruplar tərəfindən imzatoplama kampaniyası uğurla davam etdirilir.
Bu barədə məlumat verən YAP Sabunçu rayon təşkilatı və rayon təşkilatı Seçki Qərargahının sədri Mehriban Abasquliyeva bildirib ki, ölkəmizdə daim yeniləşən, demokratik inkişafın bariz nümunəsi olan daha bir seçki kampaniyasının mühüm mərhələsi fəallarımızın mütəşəkkilliyi ilə davam etməkdədir: "Xüsusi olaraq qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı tərəfindən verilən tövsiyə və tapşırıqlara uyğun olaraq, müvafiq mərhələlər üzrə nəzərdə tutulan işləri uğurla həyata keçirən rayon təşkilatının partiya fəalları bu mərhələni də uğurla başa vurmaq üçün yüksək fəallıq və işgüzarlıq göstərirlər. İmzatoplama kampaniyası zamanı rayon sakinlərinin bu siyasi kampaniyanı yüksək əhval-ruhiyyə ilə qarşıladıqlarının bir daha şahidi olduq. Çünki milyonların partiyası olan YAP bu etimadı xalqın arzularına əsaslanan əməli işi ilə qazanıb. Bu sədaqət və həmrəylik Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan münasibətdə də hiss olunur. Bu həmrəyliyin, sədaqətin nəticəsidir ki, 650 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyamız növbəti parlament seçkilərinə qələbə əzmi ilə hazırlaşır."
Sabunçu rayonu üzrə 3 seçki dairəsində - 26 saylı Sabunçu I Seçki dairəsi üzrə 37 seçki məntəqəsində 48025 nəfər, 27 saylı Sabunçu II seçki dairəsi üzrə 39 seçki məntəqəsində 47974 nəfər və 28 saylı Sabunçu III secki dairəsi üzrə 36 seçki məntəqəsində 47603 nəfər olduğunu deyən M.Abasquliyeva tam əminliklə bildirib ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin qələbəsi daha çox üstünlük təşkil edəcək. M.Abasquliyeva onu da əlavə edib ki, YAP tərəfindən namizədlikləri irəli sürülmüş - 26 saylı Sabunçu 1-ci Seçki Dairəsi üzrə Qədirov Kamran Dursun oğlu, 27 saylı Sabunçu 2-ci Seçki Dairəsi üzrə Cəbrayılova Dilarə Məmmədağa qızı, 28 saylı Sabunçu 3-cü Seçki Dairəsi üzrə Cabbarova Xatirə Qılman qızının namizədliyi üçün imzatoplama kampaniyasına başlamışıq: "Sabunçu rayonu üzrə YAP-ın namizədləri üçün imzatoplama kampaniyasının qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Onu da deyim ki, Sabunçu seçiciləri bu prosesdə xüsusi fəallıq nümayiş etdirir, partiyamızın namizədlərinin lehinə imza verirlər".
R. KAMALQIZI