YAP tərəfindən irəli sürülmüş namizədlər üçün imzatoplama kampaniyasına 20 nəfər partiya fəalı cəlb olunub
Noyabr ayının 1-də keçiriləcək parlament seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının rayon şöbələrinin Fəaliyyət Proqramına uyğun olaraq, Quba rayon təşkilatı tərəfindən artıq müəyyən tədbirlər həyata keçirilib. Rayon təşkilatından "Səs" qəzetinə verilən məlumata əsasən, parlament seçkiləri ilə əlaqədar YAP Quba rayon təşkilatı, əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də seçkiyə böyük məsuliyyətlə başlayıb. Quba rayonu üzrə 52 saylı Quba, 53 saylı Quba-Qusar dairələri fəaliyyətdədir. Ümumilikdə, 133 seçki məntəqəsi var və seçicilərin sayı 84895 nəfərdir. Rayon üzrə seçicilərin 55,9 faizini qadınlar, 33 faizini gənclər təşkil edir. Seçki məntəqələrinin ərazisində yaşayan seçicilərin siyahısının mütəmadi yenilənməsi YAP Quba rayon təşkilatı tərəfindən aparılıb.
Sentyabrın 18-dən isə növbəti parlament seçkiləri ilə əlaqədar YAP Quba rayon təşkilatı tərəfindən YAP tərəfindən irəli sürülmüş namizədlər üçün imzatoplama kampaniyasına start verilib. Belə ki, 52-saylı Quba seçki dairəsindən Həsənova Afət Əbil qızı, 53-saylı Quba-Qusar seçki dairəsindən Abramov Yevda Sasunoviç üçün imzatoplama uğurla davam etdirilir. Bu işə YAP Quba rayon təşkilatının ən fəal üzvləri cəlb olunub. Hər seçki dairəsi üzrə 10 nəfər olmaqla imza toplayacaq YAP fəalları 20 nəfər müəyyənləşdirilib.
Bundan başqa rayon Gənclər Mərkəzində, sosial şəbəkələrdə YAP Quba rayon təşkilatının fəal qadın və gənclərdən ibarət aktiv qrupları yaradılıb ki, bu qruplar da seçki prosessində aktiv iştirak edir, mütəmadi olaraq seçkinin gedişatına öz töhfələrini verirlər.
Nəzakət ƏLƏDDİNQIZI