"Rus politoloqun səsləndirdiyi fikirlər öz dövlətinin gücünü nümayiş etdirmək xarakteri daşıyır". Bu sözləri SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu rusiyalı həmkarı Reva Bahallanın Rusiya qoşunlarının Dağlıq Qarabağa yerləşdirilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, burada 3 əsas nüans var: "1994-cü ildə ATƏT-in Budapeştdə baş tutan sammitində qərar qəbul olundu. Qərara görə heç bir dövlət ayrılıqda Dağlıq Qarabağ münaqişəsi regionuna sülhməramlı göndərə bilməz. Sülhməramlılığın kvotası 30 faizi təşkil edir. Yəni hər bir dövlət sülhməramlılığın 30 faizini təşkil edə bilər. Əgər hansısa dövlət Dağlıq Qarabağa sülhməramlı qüvvə göndərmək istəsə, yalnız 30 faiz göndərə bilər.İkinci fakt isə ATƏT-in Minsk qrupunun 1997-ci ildə qəbul edtiyi qərarla bağlıdır. Qərara görə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və Dağlıq Qarabağ münaqişəsinin qonşuluğunda olan dövlətlər sülhməramlı rolunda çıxış edə bilməzlər. Yəni münaqişəli regiona sülhməramlı qüvvə göndərə bilməzlər.Rusiya həm ATƏT-in Minsk qrupunun üzvü, həm də Ermənistan və Azərbaycanın qonşusudur. Buna görə də, Rusiya Dağlıq Qarabağa qoşun göndərə bilməz".Mübariz Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağa Rusiya ilə yanaşı Amerika, Fransa, Gürcüstan, İran və Türkiyədə qoşun yeridə bilməz: "Bu ATƏT-in qərarıdır. Çox adam həmin rus politoloq kimi bu məsələləri bilmir və bilmək də istəmir. Buna görə də, məsuliyyətsizcə qeydə alınmış fərziyyələr irəli sürürlər. Əgər Rusiya ATƏT-in Minsk qrupundan imtina etsə bu zaman o bu barədə təklif irəli sürə bilər. Nə qədər ki, Rusiya ATƏT-in Minsk qrupunun üzvüdür onun Dağlıq Qarabağ münaqişəsi regionuna sülhməramlı yeritməyə ixtiyarı yoxdur. Bu həm ATƏT-in 1994-cü il sammiti ilə, həm də Minsk qrupunun 1997-ci ildə qəbul etdiyi sənədlə qadağan edilir. Buna görə də, Rusiya Dağlıq Qarabağa qoşun yeridə bilməz".
sia.az