"Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkiləri kampaniyası artıq özünün əsas mərhələsi ilə davam edir. Namizədliyin irəli sürülməsi, qeydiyyatdan keçmə proseduru artıq bir neçə müddətdir ki, başlayıb. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən İdarə Heyətinin təsdiq etdiyi qərara görə, senytabrın 15-də 117 nəfər namizəd irəli sürülüb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.YAP rəsmisinin sözlərinə görə, bu dövr ərzində partiya tərəfindən namizədlər üçün hansı sənədlər lazım idisə, həmin sənədlər hazırlanıb: "Çünki biz bu seçkilərdə fərdi qaydada deyil, əksinə partiya şəklində iştirak edirik. O baxımdan da 117 nəfərin hər bir sənədi Mərkəzi Seçki Komissiyasının (MSK) Dairə Seçki Komissiyalarına (DSK) təqdim olundu. Qanunvericiliyin tələblərinə uyğun olaraq da həmin sənədlər yoxlanıldıqdan, qanunun tələblərinə uyğun gəldikdən sonra Dairə Seçki Komissiyası qərar verərək onlara imza toplaması üçün imza vərəqələri verir. Beləcə 117 nəfərin hamısı özünün imza vərəqələrini götürdü. İmzaların toplanması ilə bağlı biz artıq qruplar yaratmışdıq. Bizim namizdələrin hər biri üçün imza vərəqləri müvafiq sənədlərlə bir yerə toplanılıb. Bu sənədlərdə namizədlərin gəlirləri, əmlakı, ilkin maliyyə hesabatı haqqında məlumatlar daxil olmaqla DSK-ya təqdim olunub".S.Novruzov əlavə edib ki, artıq YAP tərəfindən vahid seçki hesabı açılıb: "Beləcə, vahid seçki hesabı vasitəsilə seçkidə istifadə olunacaq həm təbliğat-təşviqat materialları, həm də digər xərclər həyata keçiriləcək və ödəniləcək. Bu günə qədər YAP-ın 35 namizədi artıq namizədlik statusunu, vəsiqəsini alıb. Artıq bir çox dairələrdə iclaslar keçirilir. Biz bütün prosesi ciddi müşahidə edirik. Yəqin ki, günün sonuna kimi MSK tərəfindən qeydə alınan namizədlərin sayı artacaq. İctimaiyyət bu proseslərdə aktiv iştirak edir. YAP-ın 700 minə yaxın üzvü var. Biz rayonlarda təkcə partiya üzvlərimizdən imza toplasaq, bu, kifayət qədər imza edər. YAP-ın ən kiçik rayon təşkilatında 2 mindən artıq partiya üzvü var. Ən böyük rayon təşkilatlarımızda isə 24-25 min partiya üzvü cəmləşib. Təbii ki, bu da kifayət edir. Buna baxmayaraq çalışırıq ki, ictimaiyyətin bütün nümayəndələri imza vermək kampaniyasında iştirak etsin. Bir kənddən və yaxud bir qəsəbədən deyil, çalışırıq ki, o seçki dairəsinin ərazisinin 80 faizindən imza toplanılsın. Bildiyiniz kimi mindən artıq insan bu prosesə qoşulub. Hər dairədə orta hesabla 6-8 namizəd seçilmək üçün mübarizə aparır".
yap.org.az