PDF Oxu

Siyasət

  • 15

QƏLƏBƏLƏRƏ LAYİQ PREZİDENT

QƏLƏBƏLƏRƏ LAYİQ PREZİDENT

Azərbaycan Prezidenti İlham Əliyevə BMT-nin maükafatının verilməsi bu amili təsdiq edir

Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev BMT-nin mükafatı ilə təltif olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən mükafat BMT-nin hesabatlarına əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf Məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.

Qeyd edək ki, sentyabrın 26-da Nyu-Yorkda mükafatın təqdim olunması mərasimi keçirilib. Mərasimdə bildirilib ki, Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilən dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülən tədbirlərə görə "Cənub-Cənub" mükafatı ilə təltif olunub.

Qeyd edək ki, mükafatı Prezident İlham Əliyevin adından xarici işlər naziri Elmar Məmmədyarov qəbul edib.

Bu uğurların təməli güclü dövlət idarəçiliyidir

Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla və yeni çalarlarla zənginlədirilmiş şəkildə həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə islahatçı, innovativ bir ölkə imicini formalaşdırmış, əməkdaşlığa can atan dövlətlərdən birinə çevrilmişdir. Son on bir ildə Azərbaycanın iqtisadi və siyasi mövqeyinin daha da möhkəmləndirməsi, beynəlxalq imici, regionun lideri olaraq özünü təsdiqləməsi ölkəmizin seçdiyi yolun düzgünlüyü həqiqətini təsdiq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Ötən dövrü xarakterizə edən faktların ümumi təhlili göstərir ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyev siyasi kursunu həyata keçirməyə qadir dövlət xadimi olaraq özünü doğrultmuşdur. Məhz bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyada nüfuzlu siyasi lider kimi tanınır. Belə ki, Britaniyanın "The Business Year" jurnalı dövlət başçımızı "İlin adamı" elan etmişdi. Bunun ardınca Prezident İlham Əliyev Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə, türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçildi. Jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondent iştirak edib. Jurnalda dövlət başçımızın Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Qeyd edək ki, Türkiyənin ən nüfuzlu media qruplarından biri olan "Ekovitrin" 14 ildir ki, iqtisadiyyat sahəsində müxtəlif proqramlar hazırlayaraq, qardaş ölkənin televiziya kanallarında nümayiş etdirir, ölkənin iqtisadi uğurlarını həm Türkiyə, həm də dünya ictimaiyyətinə çatdırır. Bu media qrupunun 2000-ci ildən buraxılan "Ekovitrin" aylıq jurnalı Türkiyənin ən sanballı nəşrlərindən birinə çevrilib. Türkiyə ilə yanaşı, Asiya regionunda da geniş yayılan "Ekovitrin" jurnalı ənənəvi olaraq iqtisadiyyat, biznes, sənaye, ixracat, maliyyə, investisiya, siyasət və yerli idarəçilik sahələrində "İlin adamları"nı seçir. Göründüyü kimi, dövlət başçımız dünyada müsbət imici ilə tanınan nüfuzlu dövlət xadimlərindəndir. Bu uğurun təməlində dayanan səbəb isə, ilk növbədə, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin səmərəliliyinin Azərbaycanın daxili və beynəlxalq nailiyyətləri qismində əksini tapmasıdır. Ümumilikdə, bütün bu uğurları şərtləndirən strateji faktorlara nəzər salmaq üçün ölkəmizin daxili və xarici siyasət kursunun əsaslarına diqqət yetirmək lazımdır.

Azərbaycan - BMT Təhlükəsizlik Şurasında önəmli söz sahibi və tarixi nailiyyət

Ümummilli Liderin başladığı bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi həmin siyasət nəticəsində bu gün müstəqil Azərbaycan regionun lider dövləti olmaqla yanaşı qitənin və dünyanın siyasi mənzərəsində mühüm rol oynayır. Dünyanın bir nömrəli siyasi təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək və şuranın iclasına Sədrlik etmək Azərbaycanın dünya siyasi arenasında qazandığı siyasi nüfuza bariz nümunədir. Prezident İlham Əliyevin həyata keçirdiyi və dəqiq ölçülüb-biçilmiş siyasət nəticəsində Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə dünyanın 150-dən çox dövləti Azərbaycana dəstək verdi. Bu, 150 dövlətlə qurulan uğurla diplomatik münasibətlər və dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasət kursunun nəticəsi və ötən 11 il ərzində yeritdiyi xarici siyasətin əsas nailiyyətlərindəndir.

"Bir ölkə ilə yaxşı münasibətlərdə olmaq o demək deyil ki, digəri ilə pis münasibətdə olmaq lazımdır" - deyən Cənab İlham Əliyevin milli maraqları maksimum dərəcədə qorumaqla nüfuzlu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurur. Dövlət başçısı İlham Əliyev ötən illərdə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Son illərin bir sıra hadisələri deməyə əsas verir ki, Cənab İlham Əliyev istər ABŞ və Qərbə, istərsə də Rusiyaya münasibətlərdə Azərbaycanın mənafeyinə xələl gətirə biləcək bütün məqamları çevik və adekvat reaksiya ilə aradan qaldırmağa nail olmuşdur.

Göründüyü kimi, ötən 11 ildə Azərbaycanın xarici siyasətində əldə edilmiş nailiyyətlər onun regionda və dünyada yerini möhkəmləndirib. Azərbaycanın xarici siyasətinin uğurlu olması ona şərait yaradır ki, bir çox xarici ölkələrə irihəcmli investisiyalarını yatırsın, beləliklə də söz sahibinə çevrilsin və öz nüfuzunu daha da gücləndirsin.

Beləliklə, bütün bu faktlara əsaslanaraq bir daha qeyd etmək mümkündür ki, Cənab Prezident İlham Əliyevin istiqamətləndirdiyi uğurlu siyasət nəinki Azərbaycana, eləcə də dünyanın bir çox aparıcı ölkələrinə öz əvəzsiz töhfələrini verməkdədir. Ölkə başçımızın BMT-nin mükafatına layiq görülməsi də bu amilin növbəti göstəricilərindən biridir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər