PDF Oxu

Siyasət

  • 24

Sarkisyanın növbəti həyasızlığı

Sarkisyanın növbəti həyasızlığı

İşğalçılıq siyasəti onun məhvini tezləşdirəcək

Ermənistan prezidentinin yeni ərazi iddiası ilə çıxış etməsi onun işğalçılıq siyasətinin mahiyyətini bir daha açıq-aydın şəkildə göstərir. Serj Sarkisyanın bu sərsəmləmələri nə birinci, nə də axırıncıdır. Qeyd edək ki, mövcud olduğu bölgədə Rusiyanın "vassalı" kimi tanınan və iqtisadiyyatının böyük faizinin RF şirkətləri nəzdində olan Ermənistan, qonşu ölkələrə də torpaq iddiası etdiyindən mənfi reytinqə sahibdir. Bu isə Serj Sarkisyanın işğalçılıq siyasətindən əl çəkmək niyyətində olmadığını göstərir. Belə ki, son vaxtlar sanki Azərbaycan ərazisi təcavüzkar Ermənistana azlıq edirmiş kimi, üstəlik, Türkiyə ərazisi olan Ağrı dağını da zəbt etmək iddiasına düşməsi, Sarkisyanın verdiyi məlum bəyanatı ilə regionda sülhün, əmin-amanlığın, sabitliyin əleyhinə olduğunu bir daha nümayiş etdirməklə, belə bəyanat verməklə bir daha öz həyasızlığını nümayiş etdirir.

XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan rəhbərliyinin 26 sentyabr 2015-ci il tarixli "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir" bəyanatını Ermənistanın Azərbaycan ərazilərini işğalının, təcavüzkar dövlət kimi, münaqişədə Ermənistanın daşıdığı hüquqi-siyasi məsuliyyətin və Ermənistanın əsl simasının növbəti əsaslı sübutu olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycan Respublikası ərazilərinin işğalı ilə heç zaman barışa bilməz. Münaqişə yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir.

Politoloqlar da Serj Sarkisyanın belə sərsəm işğalçı bəyanatlar verməsini Ermənistan dövlətinin strategiyası kimi qiymətləndiriblər.

Aydın Mirzəzadə: "Ermənistan prezidentinin sərsəm bəyanatlarla özünü ifşa etmiş olur"

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Serj Sarkisyanın Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olması barədə çıxışını şərh edərkən bildirib ki, Serj Sarkisyan bu bəyanatı ilə öz mahiyyətini üzə çıxarır: "Bununla Ermənistan Prezidenti beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozmasını etiraf edib. Sarkisyanın qonşu ölkələrin ərazilərinə göz dikməsi ilə bağlı çıxışı birinci hal deyil. Bir vaxtlar Ermənistanın gəncləri qarşısında çıxış edərkən Sarkisyan Türkiyəyə qarşı ərazi iddiası ilə də çıxış etmişdi".

A.Mirzəzadənin sözlərinə görə, Ermənistanın bir milli ideyası var, bu da qonşu ölkələrin ərazilərinə göz dikməkdir: "Ermənistan artıq öz tələsinə düşüb. Cəbhədə təxribat törətmək istəyərkən, ağır zərbə alıb, ciddi itki verib. Ermənistan cəzasız qalmayacaq, silahlı təxribatlarına ikiqat cavab alacaqlar".

Asim Mollazadə: "Sarkisyanın, əslində, belə bir işğalçı bəyanatı Ermənistan dövlətinin strategiyasıdır"

Millət vəkili Asim Mollazadə təcavüzkar Ermənistan prezidentinin torpaq iddiası ilə bağlı bəyanatlarını onun düşüncə tərzində problemin olması ilə əlaqəlidirib: "S.Sarkisyan hər zaman qeyri-adekvat addımları, qeyri-konstruktiv mövqeyi ilə seçilib. Ermənistan prezidentinin ikili siyasət yürütməsi ölkəni daha da iflasa, tənəzzülə doğru sürükləyir. Sarkisyanın, əslində, belə bir işğalçı bəyanat verməsi Ermənistan dövlətinin strategiyasıdır. Hər birimiz, bir azərbaycanlı olaraq, dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməliyik. Mənfur ermənilərin torpaq iddiaları onların siyasətinin tərkib hissəsinə çevrilib. Xocalı soyqırımında iştirak etmiş Sarkisyan kimi bir cani bu gün "prezident"lik kürsüsündə əyləşir. Təbii ki, belə bir cinayətkar və cani dövlət başçısından hər şey gözləmək olar. Ötən zaman Ermənistanın əleyhinə işləyir. Neçə minlərlə erməni əhalisi ölkəni tərk edir, xarici dövlətlərə üz tutur. Əgər bu gün işğalçı ölkəyə havadarlıq edən qüvvələr olmasaydı, Ermənistan, ümumiyyətlə, bir dövlət kimi yer üzündən silinərdi. Həmin qüvvələrin də Ermənistanı hansı səbəbdən dəstəklədiyi, havadarlıq etməsi məlum məsələdir. Əgər bu gün işğalçı ölkəyə işğalçılıq əməllərinə görə cəza tətbiq edilməsə, Ermənistan digər əraziləri də zəbt etmək iddiası ilə çıxış edəcək. Ona görə də, işğalçı Ermənistan bütün törətdiyi əməllərinə görə mütləq cəzalandırılmalıdır".

Millət vəkilinin də qeyd etdiyi kimi, Ermənistanın cəzasız qalması, cinayətlərin və təxribatların artmasına səbəb olacaq. Millət vəkili əlavə etdi ki, bu gün terroru dəstəkləyən dövlətlərdən biri də Ermənistandır: "Bunu Serj Sarkisyan hər dəfə öz bəyanatında açıq-aşkar şəkildə vurğulayır. Tək Sarkisyan deyil, işğalçı Ermənistanın eks-prezidenti Robert Koçaryan da Xocalıda qətliamlar törətməsini çox böyük fəxarət hissi ilə söyləyirdi. Belə cinayətkarlara nəyisə insanın başa düşəcəyi tərzdə başa salmaq qətiyyən mümkün deyil. Cinayətkardan, canidən heç zaman insan olmaz". Millət vəkilinin də bildirdiyi kimi, təcavüzkar Ermənistan bütün sərhəd boyu Azərbaycana qarşı işğalçılıq siyasətini, pozuculuq aktlarını həyata keçirməklə davam etdirir. Cəbhə xəttində tez-tez atəşkəs rejimi ermənilər tərəfindən pozulur və bunun da nəticəsində Azərbaycanın mülki əhalisi, azyaşlı körpələri erməni snayperinə tuş gəlir. Faşizm ideologiyasının ən bariz nümunəsi Ermənistandır. Körpə bəşər övladlarını terrorla qətlə yetirmək yalnız Ermənistan kimi cinayətkarlarla dolu bir ölkəyə yaraşar. Gec-tez bütün əməllərinə görə Ermənistan öz layiqli cavabını alacaq".

Elman Nəsirli: "Erməni xalqı Sarkisyanın sərsəm bəyanatlarından bezib"

Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olması barədə bəyanatını şərh edərkən bildirib ki, əvvəla, Serj Sarkisyan nəzərə almalı idi ki, Dağlıq Qarabağın müstəqilliyi dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü tərəfindən də tanınmır: "Dağlıq Qarabağ ərazisi dünya dövlətləri, o cümlədən BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Əgər dünya dövlətləri və beynəlxalq təşkilatlar hansısa bir subyektin müstəqilliyini tanımırsa, demək, həmin subyekt ya terrorçu, ya da işğalçı rejimdir. Eyni zamanda, Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmaq üçün bu cür təxribatlara və bəyanatlara əl atması artıq adi hala çevrilib. Onlar çalışırlar ki, bu cür təxribatlarla indiyə qədər həm Dağlıq Qarabağda, həm də Ermənistanın özündə törətdikləri qatı cinayətləri ört-basdır etsinlər. Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşı törədilən Xocalı soyqırımında və digər qatı cinayətlərdə birbaşa rolu olan Serj Sarkisyan yaxşı başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həm də onun və onun cinayətkar rejiminin sonu olacaq. O, yaxşı bilir ki, onu beynəlxalq tribunal və ağır cəza gözləyir. Ancaq Ermənistan rəhbərliyinin bu cinayətləri ört-basdır etmək cəhdləri öz əleyhinə işləyir. Necə deyərlər, "qaş düzəltmək istədikləri yerdə, vurub gözü də çıxardırlar". Hər təxribatda Azərbaycandan layiqli və sarsıdıcı cavab alırlar. Serj Sarkisyan nə qədər tez bu əməllərindən əl çəkib öz cinayətlərini etiraf etsə, bir o qədər onun xeyrinə olar. Çünki artıq erməni xalqı da Sarkisyanın sərsəm bəyanatlarından bezib".

Ermənilər ziyanın yarısından qayıtmaq da xeyirdir deyirlər. Üzümü tutub onlara xitab etmək istəməsəm də, bu sözüm ermənilərədir: "Nə qədər gec deyil, yanlış yolunuzdan geri dönün. Azərbaycan torpaqlarını öz xoşluğuzla boşaldın. Əks-təqdirdə Azərbaycan özü bunu etməyə məcbur olacaq. Onsuz da istənilən halda uduzan siz olacaqsınız..."

A.SƏMƏDOVA

Digər xəbərlər