Ermənistanın siyasi səhnəsində təsadüfi adam olan Serj Sarkisyan terrorçu kimi düşünməkdə davam edir
Yaxşı deyiblər ki, siyasətdə vicdanlılıq gücə, riyakarlıq isə zəifliyə dəlalət edir. Ermənistan prezidenti Serj Sarkisyan kimi. Belə ki, Ermənistan prezidenti özünü konstruktiv və tolerant düşüncə sahibi kimi göstərməyə çalışsa da, lakin praktiki olaraq, buna nail ola bilmir. Bunu Ermənistan prezidentinin çıxışlarında da aydın görmək olur. Elə çox uzağa getməyək. Rəsmi Yerevanın Soçi görüşündən sonra yaydığı bir sıra məntiqsiz və əsassız informasiyalar Ermənistanın xarici siyasətində ciddi problemlərin olduğunu bir daha nümayiş etdirdi. Belə ki, prezident S.Sarkisyan öz uğursuz addımlarına haqq qazandırmaq üçün qarşı tərəfə şər-böhtan atmaqda davam edir. Bu zaman o, məntiqi olaraq ziddiyyətlərə yol açır. Aydın olur ki, erməni liderin reallığı duymaq, görmək və uyğun nəticələr çıxarmaq qabiliyyəti xeyli zəifdir. Bunu siyasi ekspertlər də təsdiqləyərək bildirirlər ki, Sarkisyanın "siyasəti" yalan və fırıldaqlar üzərində qurulub.
Yalan və diplomatiya: Sarkisyanın siyasi dilemması
Bu da həqiqətdir ki, hər hansı bir siyasətçi uduzduqda belə təmkinini saxlamalı, siyasi etiketi gözləməlidir. Çətin vəziyyətdə hisslərinə qapılıb, razılaşmaları pozanların layiqli lider olması şübhə doğurur. Bu, siyasətçinin həm qeyri-peşəkarlığına, həm də haqsızlığına dəlalət edir. Çünki bu zəif cəhətlərini ört-basdır etmək üçün o, "məxfilik" adı altında saxlanan informasiyaları cəmiyyətə ötürür. Ermənistan prezidenti Sarkisyan da özünü məhz bu cür aparır. Əgər Sarkisyanın çıxışlarına və müsahibələrinə diqqət yetirsək, onun "təsadüfi dövlət başçısı" olduğunun şahidi olardıq.
Erməni ekspert yazır: "Sirr deyil ki, hazırda Gürcüstan Azərbaycanla daha sıx əlaqələrdədir. Əgər Ermənistan və Gürcüstan Avropa İttifaqının assosiativ üzvləri olsaydılar, onda bu iki dövlət mahiyyət etibarilə ümumi müstəvidə bir-birinə yaxın olardılar, Azərbaycan isə bir neçə pillə aşağıda qalardı. İndi Ermənistanla meydana çıxan siyasi problemlər Gürcüstan-Azərbaycan münasibətlərində özünü göstərərdi".
Erməni eksperti S.Sarkisyanın yeritdiyi xarici siyasətin ölkəni nə dərəcədə ağır vəziyyətə saldığını da etiraf edir: "Nə qədər gizlətsələr də, böyük itki verən və ən əsası, Azərbaycan əsgərinin yüksək döyüş hazırlığı ilə qarşılaşan Ermənistan rəhbərliyi bir neçə ildir ki, öz xalqına danışdığı "güclü erməni ordusu" nağılından da məhrum oldu. Normal məntiqlə, belə uğursuzluqlarla üzləşən S.Sarkisyan danışmalı idi. Ancaq o, müsahibəsində də kobud səhvlərə və dövlət başçısına yaraşmayan məntiqsizliyə yol verdi. Ermənistanın dövlət başçısı bir-biri ilə ziddiyyət təşkil edən fikirlər söylədi. O, bir tərəfdən, erməni ordusunun qüdrətindən danışır, digər tərəfdən isə Azərbaycan tanklarının Yerevana qədər gələ biləcəyini etiraf edir. Sarkisyan siyasətçi kimi deyil, işğalçı hərbi dəstələrin komandiri, terrorçu və separatçı kimi fikir yürüdür. O deyir: "Azərbaycanlılar çox yaxşı bilirlər ki, bizim ballistik raketlərimiz var... və çox qısa zamanda istənilən çiçəklənən yaşayış məntəqəsini Ağdam kimi xarabalığa çevirə bilərik".
Ekspert onu da bildirir ki, Ermənistan prezidenti Azərbaycan şəhər və kəndlərinin çiçəkləndiyini etiraf edir və bunun paxıllığını çəkir. Öz ölkəsində bu cür inkişaf getmədiyindən, "yaxşı və mədəni nə varsa, məhv etməli" kimi ənənəvi erməni xisləti özünü göstərir. İkincisi, Ağdamı xatırlamaqla o özünün bir terrorçu keçmişini yada salır.
Arye Qut: "Ermənistanın siyasi səhnəsində təsadüfi adam olan Serj Sarkisyan terrorçu kimi düşünməkdə davam edir"
İsrailli ekspert Arye Qut S.Sarkisyanın psixoloji durumundakı bu özəlliyi belə qiymətləndirir: "...Bəli, təəssüf ki, işğalçı Ermənistan qoşunları Ağdam şəhərini yerlə yeksan ediblər... Mən başa düşə bilmirəm, Ermənistan prezidenti bu terror və işğal faktları ilə necə fəxr edir. Təəssüf ki, ikinci dəfə Ermənistan prezidenti seçilməsinə baxmayaraq, Sarkisyan yenə terrorçu kimi düşünməkdə davam edir. Bütün bu faktlar Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamağa hazır olmadığını bir daha sübut edir və məhz bu səbəbdən də, 20 ildən artıq davam edən danışıqlarda heç bir nəticə və real irəliləyiş yoxdur. Ermənistanın siyasi səhnəsində təsadüfi adam olan Serj Sarkisyan terrorçu kimi düşünməkdə davam edir".
Ermənistan prezidenti siyasətdə təsadüfi adam olduğunu dəfələrlə nümayiş etdirib. Belə ki, ABŞ-ın ''The New York Times'' nəşrinə verdiyi müsahibəsi və ''The International New York Times''da dərc etdirdiyi məqaləsi başdan-ayağa şər-böhtan və yalan olan fikirlər ifadə edib. Siyasətdə naşı adamları çaşdırmağa hesablanmış müəmmalı mülahizələr reallıqdan çox uzaq bir məzmundadır. Serj Sarkisyan çıxışlarında beynəlxalq ictimaiyyəti ədalətli mövqe tutmamaqda ittiham etməkdən çəkinmir. Erməni lider deyib: ''Mən təcavüzkarla təcavüz qurbanı arasında bərabərlik işarəsi qoyan beynəlxalq ictimaiyyətin mövqeyini başa düşə bilmirəm''.
Göründüyü kimi, səviyyəsiz və siyasətdən bixəbər olan Sarkisyan kimi kəslərdən nə gözləmək olar? Çox qəribə və əsassız bir irad. Reallıq isə belədir: Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir miylyondan çox soydaşlarımız doğma yurd-yuvalarından qaçqın və didərgin düşüblər. Onu da qeyd edək ki, rəsmi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınsa da, münaqişənin birdəfəlik həlli istiqamətində hansısa konkret addım atılmır. Ancaq Ermənistan rəhbəri bu problemin reallaşacağını anlayır və bu səbəbdən də, işğal faktını deyil, onu aradan qaldırmağa istiqamətlənmiş addımları mənfi aspektdə təqdim etməyə çalışır. Təbii ki, dünya ictimaiyyətini bu cür bəsit tezislərlə çaşdırmaq mümkün deyil.
Sarkisyan Qərb və Rusiya arasında təpik döyür
Mövcud böhranlı vəziyyətdə başını itirmiş Sarkisyan hökuməti, öz "səadətini" axtarmaqdadır. Özü yıxılan ağlamaz, özünün sarsaq siyasəti nəticəsində Türkiyə və Azərbaycan kimi qonşularını itirən Ermənistan, indi Qərb və Rusiya arasında təpik döyür. Xüsusilə də, elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı Ermənistanda hadisələrin daha kriminal hal alması və bu problemin Rusiyaya məxsus olması ölkəni acınacaqlı vəziyyətə salıb. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qəzetimizə verdiyi açıqlamasında vurğulayıb ki, Ermənistanda korrupsiyanın əhatə etmədiyi heç bir sahə yoxdur: "Ermənistanda elektrik enerjisinin paylayıcı şəbəkəsi Rusiyaya məxsus olduğu üçün yaxın illərdə rəsmi Yerevan tərəfindən o şirkətə hədsiz təzyiqlər edilib. Şirkət rəsmi qaydada rüşvət verməyə razılaşdıqdan sonra təzyiqlər azaldı. Həm də Rusiya elektrik paylama şəbəkəsinə təzyiqə görə Ermənistana acıqlanmışdı. Ardıcıl yoxlamalar və təzyiqlər "Ermənistan elektrik şəbəkəsinin" effektsiz menecmentinin əsas səbəbidir. Belə vəziyyətdə elektrik paylama şəbəkəsinin qiymət artırmaq müraciətinin əsas səbəbkarının Rusiya tərəfi, yoxsa həmin şirkətin Ermənistandakı hamiləri olduğunu müəyyən etmək çətindir". Politoloqun fikrincə, S.Sarkisyan ABŞ-ın marağına uyğun qiyməti qaldırır, amma bunun Rusiya tərəfinin diktəsi ilə edildiyi görüntüsünü yaradır: "Ermənistanda Qərbin nüfuzu artır, RF-nin nüfuzu isə aşağı düşür. RF bunu başa düşdü və ola bilər ki, RF məhz bu amili nəzərə alaraq, xalq hərəkatına vaxtından əvvəl start verdi. Mitinq iştirakçıları başa düşürlər ki, Avropa elektrik enerjisinin qiyməti onların indi etiraz etdiyi qiymətdən çoxdur. Eləcə də yaxşı bilirlər ki, RF-də elektrik enerjisinin qiyməti Ermənistandakından təxminən 3 dəfə ucuzdur. Əslində "erməni-rus" qardaşlığının fenomeni də burasındadır. Ermənilər, Rusiya dövlətçiliyinin əleyhinə gedə bilirlər, onu hətta dağıda bilirlər və bu zaman rusları inandıra bilirlər ki, düzgün addım atıblar. Qərbi Rusiyanın üzərinə ilhamlandıran ən əsas səbəb də budur. İndi Ermənistanın Qərblə Rusiya arasında manevr etmək imkanı yoxdur. İndiki Ermənistan Qərb və Rusiya nəhənglərinin arasında qalıb əzilən Ermənistandır. İndi Ermənistandakı bütün proseslər Qarabağın və Ermənistan dövlətçiliyinin itirilməsinə köklənib".
Politoloq hesab edir ki, Ermənistan bu prosesdə ən zəif həlqədir. O, kənar qüvvələrdən tamamilə asılıdır. Bu səbəbdən də, hər iki böyük dövlət erməni faktorundan öz məqsədləri üçün istifadə edir. Erməni yazarlar bu vəziyyəti "Ermənistan rus çəkici ilə Qərb zindanı arasında qalıb" kimi qiymətləndirirlər. Bir sözlə, Qərblə Rusiyanın Yerevanda toqquşması indiki rejimin - Sarkisyan rejiminin iflası üçün ciddi əsas olacaq.
Ermənistan parlamentinin sabiq spikeri Karapet Rubinyan vəziyyətin təhlükəli həddə çatdığını bildirir, ölkənin ağır sosial- iqtisadi böhrana yuvarlanmasının kökündə hakimiyyətin yanlış siyasətinin və məmurların biznes maraqlarının durduğunu vurğulayır. Bu kontekstdə o, Ermənistan Konstitusiyasına zidd olaraq deputatların bizneslə məşğul olmasına diqqət çəkir. Sabiq spiker bildirir ki, əgər hakimiyyət xalq tərəfindən özünə qarşı etimad görmək istəyirsə, korrupsiya hallarına qarşı mübarizə aparmalıdır: "Lakin belə mübarizənin indiki hakimiyyət dövründə heç vaxt olmayacağı şübhəsizdir. Çünki qanunazidd olaraq deputatların bizneslə, inhisarçılıqla məşğul olmasına Serj Sarkisyan iqtidarı özü şərait yaradır. Elə hakimiyyətin digər qollarındakı məmurlar da iri biznesin əsas təmsilçiləridir. Buna görə də Sarkisyan kimi prezidentin və onun quldurlarının belə hallara qarşı hansısa addımlar atacağını düşünmək sadəlövhlük olardı. İndi xalq ya bu cinayətkar rejimdən xilas olmalıdır, ya da onun öz qanunsuz əməllərinin miqyasını necə genişləndirməsinə şahidlik etməlidir".
Beləliklə, Ermənistan prezidentinin məlum çıxışları onun nə qədər qeyri - peşəkar, siyasi düşüncələrdən, beynəlxalq hüquq normalarından, beynəlxalq ictimai-siyasi normalardan uzaq olduğunu bir daha göstərir. Məhz xalq və erməni müxalifəti də bunu çox gözəl dərk etdiyindən işğalçı ölkədə etiraz dalğasının artıq getdikcə bu tempdə davam edəcəyi təqdirdə, Ermənistanın artıq kandarında olduğu uçurumun dibinə yuvarlanması qaçılmazdır. Bu uçurum isə dövlətin birdəfəlik məhvinə və onun artıq qeyri-rəsmi şəkildə itirdiyi mövcudluğunu rəsmi şəkildə itirməsinə səbəb ola bilər.
A.SƏMƏDOVA