PDF Oxu

Siyasət

  • 29

Onun dar düşüncəsinə görə, hələ də 90-cı illərdir

Onun dar düşüncəsinə görə, hələ də 90-cı illərdir

SİYASİ RAKURS

Və ya Kozlariçin kozyoliçliyindən doğan dar düşüncəsi

Bu günlərdə ABŞ-ın ölkəmizdəki sabiq səfiri Riçard Kozlariç yenidən sərsəm fikirləri ilə radikal müxalifətin könlünü xoş etmək üçün gündəmə gəlib. Məsələ ondadır ki, son zamanlar Qərb siyasi dairələrinin, xüsusilə avroparlamentin (AP) məlum məqsədlər hesabına hazırlanmış qərəzli və böhtançı qətnaməsi, eləcə də ATƏT-in ölkəmizdəki parlament seçkilərinə müşahidəçilər göndərməkdən imtina etməsi məsələsi qabardıldıqdan sonra onun kefi birə-beş artıb. Çünki uzun müddətdir ki, erməni lobbisinin ona verdiyi sifarişlərin öhdəsindən gələ bilmədiyini və bunun üçün pəjmürdə olduğunu gizlətməyən Kozlariç birdən-birə bu qədər cürətlənib, yenidən ölkəmizin daxili siyasətinə burnunu soxub, bu qədər xoruzalanmazdı.

Bu adam elə bilir ki, Azərbaycan Avropaya inteqrasiya

üçün sanki hər şeydən, hətta dövlətçilik maraqlarından da keçməliymiş

Bu dəfə parlament seçkiləri ərəfəsi yuyulmamış qaşıq kimi oraya atılan Kozlariç hər zamankı kimi irəliyə gedərək siyasi həyasızlığını aşkar şəkildə büruzə verib. Yəni Kozlariç həyasızcasına bəyan edib ki, Azərbaycan özünü Avropadan uzaqlaşdırır və Azərbaycan hakimiyyəti özünü müxtəlif vasitələrlə Avropadan uzaqlaşdırmaq yolunu seçib (?!-R.).

Baxın, bu adam elə bilir ki, Azərbaycan Avropaya inteqrasiya üçün sanki hər şeydən, hətta dövlətçilik maraqlarından da keçməliymiş. Ona görə də Qərb, Avropanın bəzi siyasi dairələri ölkəmizə qarşı hər hansı təhdid, təzyiq dili ilə danışarsa, bütün bunlara susqunluq nümayiş etdirilməlidir. Göründüyü kimi, Kozlariç, həqiqətən də Azərbacanın onun səfir olduğu illərdən üzü bu yana əldə etdiyi çoxsaylı siyasi-iqtisadi və s. uğurlarından ya xəbərsizdir, ya da özünü xəbərsiz kimi aparır. Kozlariç anlamır ki, Azərbaycan onun burada olduğu 90-cı illərin deyil, müasir tarixin inkişaf etmiş müstəqlil dövlətlərindən biridir və hazırda Avropa və Qərb də yaxşı bilir ki, əslində Azərbaycan onlara lazımdır. Beləliklə, "siyasi məhbus" və s. bu kimi qərəzli məsələləri özünə sərf edən tərzdə qiymətləndirən sabiq ABŞ səfiri bir daha hansı yuvanın quşu olduğunu açıq-aşkar büruzə verib.

Ancaq soruşan yoxdur ki, onların, ümumiyyətlə Azərbaycan barədə hər hansı bir səhih məlumatları varmı?

Lakin gəlin görək, Kozlariş daha hansı yanlışlıqlara yol verərək, əslində öz siyasi bilgizisliyini ortaya qoyub? Təbii ki, Kozlariçin mütəmadi surətdə Azərbaycana qarşı qərəzli fikirlər bildirməsi onun daxilində formalaşmış "xristian klubunun" təzahürləridir. Məsələn, bu qəbildən olan adamlar ABŞ-da və Qərbdə "insan haqları təşkilatları" ilə əlaqə quraraq, Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Ancaq soruşan yoxdur ki, onların, ümumiyyətlə Azərbaycan barədə hər hansı bir səhih məlumatları varmı? Ölkəmizin inkişafı və tərəqqisi barədə bilgisi olanlar varmı? Yaxud ölkəmizin Dağlıq Qarabağ kimi ağır probleminin olmasından xəbərdardırlarmi? Ermənistan tərəfdən Azərbaycana təcavüz olunub. Nəticədə 1 milyondan artıq qaçqın doğma yerlərindən didərgin düşüb. Hakimiyyətin əsas səylərindən biri də bu fəlakətin nəticələrini aradan qaldırmağa yönəlib. Kozlariç və avroparlamentin "başbilənləri", onlarla əlbir olaraq, erməni lobbisinin pulları sayəsində ölkəmizə qarşı "at oynatmağa" cəhd edən "insan hüquqları təşkilatlarının" nümayəndələri bu barədə azacıq da olsa məlumatlıdırlarmı? Əlbəttə ki, yox. Ancaq məlumatlı olsalar belə, bu faktlar onlara sərf etmir. Çünki erməni lobbisinin pulları onlar üçün çox dadlıdır…

Lakin belələri, başda Kozlaruiş də olmaqla, dərk etməyə məhkumdurlar ki, Azərbaycan hökumətini bu cür qərəzlərlə, böhtanlarla "demokratiyaya sövq etmək" məqsədilə heç nəyə nail ola bilməyəcəklər. Azərbaycanla diktə və təhdid dili ilə danışmaq müstəqil ölkənin prinsiplərinə zidd və yolverilməzdir!

O, sadəcə burnunu hər yeə soxmağa alışmış adi bir Amerika vətəndaşıdır

Bu zaman daha bir sual yaranır. Nəyə görə Kozlariç oturub ABŞ-da və səfirlik müddəti başa çatdıqdan sonra bir dəfə də olsa ölkəmizə təşrif buyurmayıb? Məsələn, Kozlariç bir dəfə Azərbaycana gəlməsilə ölkəmizdəki gerçəklikləri görə bilər. Çünki onun səfir olduğu zamanlara nisbətdə Azərbaycan o qədər inkişaf edib ki, o öz gözlərinə inana bilməz.

Yuxarıda da qeyd etdiyimiz kimi, Riçard Kozlariç Azərbaycanda səfir işləyib. Təsadüfi hesab etmək olmaz ki, məhz onun səfir işlədiyi dövrlərdə ölkənin ərazi bütövlüyünə qarşı çıxanlar, Əlikram Hümbətov kimi adamlar, terrorlar törədərək ermənilərin terror təşkilatlarına xidmət edənlər həbs edilmişdilər. Eyni zamanda, qeyd etmək mümkündür ki, Kozlariç vaxtilə Azərbaycanda bizneslə məşğul olmaq istəsə də, bu alınmayıb. Məhz həmin dövrlərdən başlayaraq, o, Azərbaycan hakimiyyətinə qarşı qarayaxma kampaniyalarında iştirak edib. Beləliklə, qeyd etmək mümkündür ki, bu gün Kozlariçin sözlərinin heç bir əhəmiyyəti yoxdur. O, sadəcə, burnunu hər yerə soxmağa alışmış adi bir Amerika vətəndaşıdır.

Digər tərəfdən, keçmiş səfirin qondarma ittihamları çərçivəsində zaman-zaman Azərbaycanda "siyasi çevriliş" ehtimalının ifadə olunması reallıqdan çox, qərəzli müəllifin ürəyindəki fikirləri ifşa edir. Azərbaycanı tanıyan hər kəsə bəllidir ki, hətta bir sıra inkişaf etmiş dövlətlərlə müqayisədə ölkəmizdə sosial-siyasi mühit daha sabitdir. Azərbaycan barəsində məlumatlı olduğunu söyləyən birisinin ölkəmizdəki vəziyyəti qeyri-obyektiv qiymətləndirməsi, əlbəttə ki, qərəzli niyyətlərdən irəli gəlir.

Belə bir insanın ölkə ilə bağlı "tövsiyə" və "məsləhətlərinin" xoşməramlılığı və səmimiliyi də şübhə doğurur

Göründüyü kimi, Kozlariçin qərəzi bu dəfə də seçkilər ərəfəsində Azərbaycana qarşı ölkədən kənarda aparılan, ölkənin imicinə zərbə vurmağa və ictimai rəyi çaşdırmağa yönələn böhtan xarakteri daşıyır. Necə ki, biz eyni halı 2013-cü ilin prezident seçkiləri ərəfəsində də görmüşük. Məhz həmin dövrlərdə də bu adam müxtəlif mətbuat səhifələrinə çıxmaqla, eyni motivdən çıxışlar edirdi. Və söz yox ki, bu təsasdüfi olan məsələ deyil. Belə bir insanın ölkə ilə bağlı "tövsiyə" və "məsləhətlərinin" xoşməramlılığı və səmimiliyi də şübhə doğurur. Elə isə Kozlariçin, rusların ifadəsi ilə desək, "kozyol" tipli düşüncələri, Kozlariçlikdən daha çox "Kozyoliç" kimi dar düşüncəli fikirləri ölkə ictimaiyyəti üçün, sadəcə boş hava təsirindən başqa heç nə deyil. Özünü çox yormasa, daha yaxşıdır…

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər