PDF Oxu

Siyasət

  • 34

Parlamentin payız sessiyası da öz məhsuldarlığı ilə seçiləcək

Parlamentin payız sessiyası da öz məhsuldarlığı ilə seçiləcək

Millət vəkilləri bu barədə rəylərini bildirdilər

Milli Məclisin növbəti payız sessiyası artıq öz işinə başlayıb. Ötən sessiya dövründə də bir çox əhəmiyyətli qanunlar qəbul olunub, əksər qanunlara isə əlavələr və dəyişikliklər edilib. Azərbaycanla müxtəlif ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığı əks etdirən sənədlər, sazişlər də təsdiq olunub ki, bu da beynəlxalq münasibətlərdə öz nəticəsini verir. Parlamentin payız sessiyasını dəyərləndirən millət vəkilləri qəzetimizə açıqlamalarında nöbvəti əhəmiyyətli qanunların qəbulunun bu sessiyada da baş tutacağını, Milli Məclisin işinin məhsuldar keçəcəyini vurğulayıblar.

Hüseynbala Mirələmov: "Bu gün Azərbaycanın bütün sahələrdəki inkişaf və tərəqqisi öz töhfəsini verməkdədir"

Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov bu sessiyada da bir çox qanunların qəbul olunacağını bildirib: "Bu gün Prezident İlham Əliyev Cənablarının apardığı məqsədyönlü, praqmatik siyasəti nəticəsində ölkəmizdə sosial-iqtisadi temp ən yüksək həddə artımla müşahidə olunmaqdadır. Əlbəttə ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamının məntiqi nəticəsi kimi dəyərləndirilir. Məhz Ulu Öndərimiz demişdir ki, "iqtisadiyyatı güclü olan dövlət qüdrətli və yenilməzdir". Bu gün Azərbaycanın bütün sahələrdəki inkişafı və tərəqqisi silahlı qüvvələrimizə də öz töhfəsini verməkdədir".

Millət vəkili son günlər işğalçı Ermənistanın cəbhə xətti boyu təxribatçı cəhdləri barədə də fikir bildirərək bildirdi ki, düşmən ordumuz tərəfindən layiqli cavabını alır: "Azərbaycan ordusu Cənubi Qfqazın ən güclü ordusu olmaqla yanaşı, artıq dünyanın bir neçə qaynar nöqtələrində sülhməramlı taborlar daxilində öz sözünü deməkdədir. "Digər tərəfdən,burada əsas məsələ Ali Baş Komandan, Prezident İlham Əliyev Cənablarının ordu quruculuğuna göstərdiyi diqqət və qayğısıdır. Azərbaycan Ordusunun daha da müasirləşdirilməsi istiqamətində görülən səmərəli işlər, qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılması nəticəsində, həm ordu heyəti, həm də ordunun təchizatı istiqamətində mühüm işlər aparılmışdır. Bu gün orduya qoyulan vəsait Ermənistanın dövlət büdcəsini kifayət qədər üstələməkdədir. Sabah hər hansı bir təhlükə yaranarsa, Azərbaycan Ordusu Ali Bşa Komandanın əmri ilə işğal olunmuş ərazilərimizi düşmən tapdağından azad edəcək".

İsa Həbibbəyli: "Parlamentin növbəti sessiyası ərzində də səmərəli fəaliyyət göstərəcətinə əminəm"

Millət vəkili İsa Həbibbəyli bildirib ki, ötən sessiya çox məhsuldar keçib: "Milli Məclisin ötən sessiyası öz işini uğurla başa vurdu. Artıq payız sessiyasının ilk plenar iclası uğurla öz işinə başlamaqdadır. Ötən sessiya dövründə ölkəmizin inkişafı naminə bir sıra mühüm qanunvericilik aktları qəbul olundu. Qəbul olunmuş qanunvericilik aktları bütün sahələri əhatə edir. Xüsusilə, qanunların təkmilləşdirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir".

Millət vəkili onu da qeyd edib ki, bütün bunlar cəmiyyətin inkişafına, insanların maraqlarına xidmət edir: "Hesab edirəm ki, Azərbaycan parlamenti ötən sessiyası ərzində çox səmərəli fəaliyyət göstərib, yaz sessiyası da çox məhsuldar olacaq. Ümumiyyətlə, ölkəmizdə yüksək parlamentarizm ənənəsi formalaşıb. Bu gün Milli Məclis beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir və ölkəmizi layiqincə təmsil edir. Xüsusilə, ötən sessiyası dövründə bir sıra ölkələrin dövlət başçıları, spikerləri, eləcə də müxtəlif nümayəndə heyətləri Milli Məclisdə qonaq oldular. Bütövlükdə, hesab edirəm ki, parlament gələcək fəaliyyətində də böyük nailiyyətlər qazanacaq, ölkənin qanunvericilik bazasının daha da gücləndirilməsində yeni töhfələr verəcək".

Malik Həsənov: "Əvvəlki sessiyada qarşımızda qoyulan məsələlərin hamısını yerinə yetirə bilmişik"

Millət vəkili Malik Həsənov qeyd edib ki, ötən sessiyada bir sıra əhəmiyyətli qanunlar qəbul olunmaqla yanaşı, dövlətin inkişafı istiqamətində qəbul ediləcək digər qanun layihələri ətrafında da səmərəli müzakirələr aparıldı: "Payız sessiyasına gəldikdə isə, hesab edirəm ki, bu sessiyada da bir çox mühüm qərarların, qanunların qəbulu reallaşdırılacaq. Əvvəlki sessiyalarda olduğu kimi, bu sessiyada da parlamentin ən məhsuldar sessiya olacaq. Əvvəlki sessiyada qarşımızda qoyulan məsələlərin hamısını yerinə yetirə bilmişik. Həm müvafiq strukturların illik hesabatlarını dinlədik. Ayrı-ayrı sahələr üzrə qanunlar qəbul edildi. Ən əsası isə, parlament cəmiyyətin ciddi ictimai müzakirə mərkəzi olduğunu bir daha təsdiq elədi. Həm gündəliyə salınan məsələlər, həm də günün aktual məsələləri üzrə vaxtaşırı məsələlər qaldırılır. Hesab edirəm ki, bu gün Azərbaycan Milli Məclisi cəmiyyətin ona yönəltdiyi ümidləri doğrulda bilir. Təbii ki, payız sessiyasında da bizim bir millət vəkili kimi təkliflərimiz və müzakirələrimiz olacaq. İnanırıq ki, bütün bu kimi səylərimiz gələcəkdə də öz səmərəsini verəcək".

Rəfiqə KAMALQIZI

Digər xəbərlər