Ölkəmizdə sosial təminat sahəsinə aid qanunların, fərman və sərəncamların qəbulu zamanı ahılların maraqları, sosial statusu nəzərə alınır
Dünyada olduğu kimi, ölkəmizdə də hər il oktyabrın 1-i "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur. BMT-nin Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır. Qeyd edək ki, Azərbaycanda Beynəlxalq Ahıllar Günü 1993-cü ildən qeyd olunur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmasının nəticəsi olaraq, 22 iyun 2001-ci il tarixdə "Ahıllara sosial xidmət haqqında" Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Hazırda ölkəmizdə 390,3 min ahıl var.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan "2009-2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın uğurla icrası ilə sığorta-pensiya sisteminin davamlı inkişafına nail olunub. Ölkəmizdə tətbiq olunan yeni sığorta-pensiya sistemində pensiyaların artırılması, bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib.
Ötən illər ərizində dövlətimizin başçısı yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması, sığorta hissəsinin artırılması haqda sərəncamlar imzalayıb.
Tənha ahıl vətəndaşlara ictimai əsaslarla evlərində sosial xidmətlər göstərilir və bu tədbirlər dövlət səviyyəsində həyata keçirilir. Hazırda respublikamızda 13100 nəfərdən çox vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir ki, onlardan 11 min nəfərdən çoxu 70 yaşdan yuxarı olanlardır. Dövlət başçısının bu təbəqədən olan insanlara diqqət və qayğısının növbəti ifadəsi kimi, ƏƏSMN-in Bilgəh müharibə və əmək əlilləri üçün pansionatının (Qocalar Evi) beşmərtəbəli, 170 yerlik ikinci korpusu inşa olunaraq istifadəyə verilib. Burada beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, asudə vaxtlarının mənalı təşkili üçün müasir tələblərə uyğun şərait yaradılıb.
Aparılan dövlət siyasətinin nəticəsidir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Böyük Vətən müharibəsi əlili və iştirakçısı minik avtomobili, eyni zamanda mənzillə təmin edilib. Həmçinin, dövlət qarşısında xüsusi xidmətləri olmuş ahıllar Azərbaycan Prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort putyovkaları ilə təmin edilirlər.
Ahıl şəxslərin rifahında mühüm yer tutan pensiya təminatı mütəmadi olaraq gücləndirilir. Dövlət qarşısında xüsusi xidmətləri olmuş ahıllar əmək pensiyaları ilə yanaşı, Azərbaycan Prezidentinin təqaüdü ilə də təmin olunurlar. Dövlət başçısının 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, Böyük Vətən müharibəsi əlillərinə verilən Azərbaycan Prezidentinin təqaüdləri cari il aprelin 1-dən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata və III qrup əlillər üçün 60 manatdan 100 manata çatdırılıb. Eyni zamanda, 30 aprel 2014-cü il tarixli Sərəncamla Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident Təqaüdünün aylıq məbləği cari ilin may ayının 1-dən 82 faiz artırılaraq 55 manatdan 100 manata qaldırılıb.
Ölkəmizdə əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin sakinləri də tam dövlət qayğısı ilə əhatə olunublar. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu ahıllara qayğısı da böyük rəğbətlə qarşılanır. Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fondda ahıllarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar Günündə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Qocalar səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri keçirilir.
Bütün görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin artan qüdrətinin və onun hər bir vətəndaşına olan qayğısının göstəricisidir.
Nəzakət ƏLƏDDİNQIZI