Nəriman Əliyev: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin hüquqi bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib"
Bildiyimiz kimi, artıq Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçirilib. Millət vəkilləri parlamentin iclaslarının ötən sessiyalarda olduğu kimi bu dəfə də məhsuldar olacağına şübhə etmədiklərini vurğulayırlar. Bununla bağlı bizə açıqlama verən Milli Məclisin deputatı Nəriman Əliyev də öz fikirlərini bildirib və qeyd edib ki, ötən dövrdə parlamentin iclaslarında bir sıra əhəmiyyətli qərarlar qəbul edilib: "Xüsusilə, qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin hüquqi bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib. O cümlədən, parlamentin beynəlxalq əlaqələri də inkişaf etdirilib ki, Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etməklə ölkəmizin inkişaf və tərəqqi reallıqlarına daha yaxından bələd olublar".
"Qəbul ediləcək layihələr ölkə həyatının ən müxtəlif sahələrinin hüquqi bazasının möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edəcək"
Nəriman Əliyev həmçinin bildirib ki, parlamentin növbədənkənar sessiyalarında və sonrakı dövrdə millət vəkilləri çoxsaylı səfərlər həyata keçiriblər. Onlar xarici ölkələrdə keçirilən seçkiləri müşahidə etməklə yanaşı, parlametlərarası əməkdaşlıq məsələlərində də mühüm addımlar atıblar. Millət vəkili bir sıra qanun layihələrinin də müzakirə olunduğunu xatırladıb: "Həmin qanun layihələrinin bir hissəsi qanunvericilik təşəbbüsü qaydasında, xüsusən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən təqdim ediləcəkdir. Milli Məclisin spikeri, cənab Oqtay Əsədov da bununla bağlı qeyd edib ki, bir sıra layihələr növbəti iclaslarda müzakirə edəcəyimiz qanunvericilik işləri planında nəzərdə tutulur."
"Vacib məsələ odur ki, qətnamənin təşəbbüskarı olan avroparlamentarilərin çoxusu, ümumiyyətlə, Azərbaycanda heç vaxt olmayıb"
Nəriman Əliyev eyni zamanda Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilmiş qərəzli qətnaməyə də münasibət bildirib. Qeyd edib ki, Qətnamənin təşəbbüskarı olan avroparlamentarilərin çoxusu ümumiyyətlə, Azərbaycanda heç vaxt olmayıb.
Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qərəzli qətnamələr qəbul etmək adət halını alıb: "Fikir versək görərik ki, bu cür qərəzli qətnamələr ənənə şəklini almaqla yanaşı, demək olar ki, hər rübün başlanğıcında qəbul edilir. Təbii ki, burada Azərbaycanı istəməyən xarici qüvvələrin sifarişləri mövcuddur və bu sifarişlərin əsas kökü, bilavasitə erməni lobbisidir. Bu səbəbdən, onların məqsədlərini açıq-aşkar başa düşmək olar. Ancaq daha bir vacib məsələ odur ki, qətnamənin təşəbbüskarı olan avroparlamentarilərin çoxusu, ümumiyyətlə, Azərbaycanda heç vaxt olmayıb."
Milli Məclisin deputatı diqqətə çatdırdı ki, dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət düzgündür. Belə ki, heç bir kənar qüvvə müstəqil siyasətimizə təsir edə bilməyəcək: "Hesab edirəm ki, Azərbaycan Parlamentinin Avropa Parlamentinin qarşısında heç bir öhdəliyi yoxdur. Həmin təşkilatla ənənəvi olaraq əməkdaşlıq edirik. Bu əlaqələri inkişaf etdirmək üçün də Avronest Parlament Assambleyasını yaratdıq. Azərbaycan bu qurumun aktiv üzvlərindən biri idi. Təəssüf ki, Avropa Parlamenti Azərbaycanla parlament münasibətlərini inkişaf etdirmək əvəzinə, yaratdıqları təşkilatları bir kənara qoyur, istədikləri qeyri-obyektiv qətnamələri qəbul edirlər."
"2015-ci ilin payız sessiyasında da qanunvericilik fəaliyyətini uğurla yerinə yetirəcək, ölkəmizin inkişafına öz töhfələrini verəcək"
Nəriman Əliyev Milli Məclisin sahibkarlıqla da bağlı gördüyü mühüm işlərdən danışıb: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Ötən iclaslarda qanuna uyğunlaşdırılmaq məqsədilə paket şəklində bir sıra qanun layihəsinə dəyişikliklər edilməsi təklif olunub və bu istiqamətdə işlər reallaşdırılır."
Beləliklə, millət vəkilinin də sözlərindən bir daha bəlli olur ki, əvvəlki dövrlərdə olduğu kimi, Milli Məclis 2015-ci ilin payız sessiyasında da qanunvericilik fəaliyyətini uğurla yerinə yetirəcək, ölkəmizin inkişafına öz töhfələrini verəcək. Payız sessiyasında müzakirəsi nəzərdə tutulan layihələr qəbul olunduqdan sonra ölkə həyatının ən müxtəlif sahələrinin hüquqi bazasının möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edəcək.
Rəfiqə KAMALQIZI