Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan ölkəmiz Prezident Cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.
Əlbəttə ki, ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə tarix boyu yaşamış və bu gün də yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu gün multikulturalizm Azərbaycan dövlətinin siyasətidir və eyni zamanda, həyat tərzidir.
Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoyub. Ölkəmizdə yaşayan xalqalar arasında bütün sahələrdə mədəni müxtəlifliyin inkişafına nail olunub. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında öz tolerant mühitilə seçilir. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin insan hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlülüyün prioritet məsələ kimi qəbul olunması dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib ki, bu da dünya ictimaiyyətinin diqqətindən kənarda deyildir. İnsanların həm bölgədə, həm də bütün dünyada sülh və qardaşlıq şəraitində yaşaması üçün mədəniyyətlərarası dialoq, mədəni müxtəlifliyin qorunması və inkişafı mütləqdir.
Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin daha bir göstəricisi oldu. Bu baxımdan, demək mümkündür ki, ölkədə formalaşan tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrilib. Bu baxımdan, Azərbaycan dini tolerantlığın ünvanı olaraq da dünyada tanınır. Ölkəmizdə son 12 il ərzində 250-yə yaxın məscidin tikilməsi, təmir edilməsi dini kökə bağlılığın, adət-ənənələrə sadiqliyin nümunəsidir. Bu sırada Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı məscidlərini vurğulamaq yerinə düşər. Qafqazın ən böyük məscidi olan möhtəşəm və əzəmətli Heydər Məscidinin tikilməsi Azərbaycanda dini ənənələrə sadiqliyinin göstəricisidir.
Təbii ki, Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşaması üçün bütün şərait yaradılıb. Azərbaycan Respublikası Konstitusiyada qeyd olunduğu kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər kəs ölkəmizdə eyni hüquqlara malikdir. Bu baxımdan, ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir və bu, qanunda öz əksini tapır.
Azərbaycanda mövcud olan mənzərəni görən xarici nümayəndələr, qonaqlar beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsinə dəyərli töhfələrini verən ölkəmizin dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrildiyini etiraf edirlər. Bu səmimi etiraflar Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, mədəniyyətlərarası dialoqun, humanitar forumun, dünya dinlərinin liderlərinin zirvə görüşlərinin təsirindən qaynaqlanır. Son illərdə Yaxın Şərqdə baş verən hadisələr fonunda islam, xristian və yəhudi dinləri arasında münasibətlərin gələcəyinə bədbinlik özünü göstərmiş olsa da, Azərbaycan nümunəsi bunun əksini göstərir. Əlbəttə ki, Azərbaycanda bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb.
Dini ayrı-seçkiliyə yol verməyən, dini zəmində qarşıdurmalara qəti etirazını bildirən Azərbaycan reallıqları dünyada xalqlarının və millətlərinin bir-birilərinə qarşı qalxdığı zamanda sülh, əmin-amanlıq və qarşılıqlı anlaşmanın bu məmləkətdə hökm sürdüyünü bir daha göstərir.
Tolerantlıq və dözümlülük ənənələrilə zəngin və dünyəvi müsəlman ölkəsi olan Azərbaycan dünya miqyasında seçilir və fərqlənir. Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlər həyata keçirilməsi istiqamətində ölkəmizdə görülən işlər müasir dövrümüzdə dövlətin bütün millətdən olan insanlara diqqət və qayğı ilə yanaşmasının məntiqi nəticəsidir.
Ölkəmizdə mövcud olan vəziyyət, reallıqlar dövlət siyasətinin məntiqi nəticəsidir. Ölkəmizdə olan multikulturalizm məktəbi, tolerantlıq bu gün yeni dövrünü yaşayır.
Nəzakət ƏLƏDDİNQIZI