PDF Oxu

Siyasət

  • 16

Serj Sarkisyan hakimiyyətini əbədiləşdirmək məqsədi daşıyan "konstitusiya islahatı"

Serj Sarkisyan hakimiyyətini əbədiləşdirmək məqsədi daşıyan "konstitusiya islahatı"

Erməni xalqı bu islahata yox deyir

Artıq bir neçə aydır ki, erməni xalqı Serj Sarkisyanın təşəbbüsilə mövcud Ermənistan hakimiyyətinin konstitusiya dəyişikliyi etmək qərarına etiraz edərək mitinqlər keçirirlər. Oktyabrın 5-də Yerevanda Ermənistan parlamenti qarşısında konstitusiya islahatı əleyhinə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Milli Məclis üzvlərindən Serj Sarkisyanın təşəbbüsilə təqdim edilən konstitusiya islahatı üzrə referendum keçirilməsi əleyhinə səs verməyi tələb ediblər və "Serj Sarkisyan hakimiyyətini əbədiləşdirmək məqsədi daşıyan" konstitusiya islahatına "yox" deməyə çağırıblar.

Erməni mətbuatının məlumatına görə, yüzə yaxın adam əllərində "Yox" şüarları, "Azad, müstəqil Ermənistan" və Sarkisyan hakimiyyətinin istefası çağırışları ilə etiraz aksiyasında iştirak edib. Aksiya zamanı onlarla aksiya iştirakçısı həbs olunub. Bu arada Ermənistan Milli Məclisi səs çoxluğilə prezident Serj Sarkisyanın təşəbbüsü ilə təqdim edilən konstitusiya layihəsi üzrə ümumxalq referendumu keçirilmək qərarı qəbul edib. 131 üzvü olan Ermənistan Milli Məclisinin iclasında iştirak edən 121 millət vəkillərinin 104-ü konstitusiya layihəsinin lehinə, 10 nəfəri əleyhinə, üçü bitərəf səs veriblər.

Robert Koçaryan: "Serj Sarkisyanın təşəbbüsü ilə mövcud Ermənistan hakimiyyətinin konstitusiya dəyişikliyi etmək qərarı ölkə üçün "son dərəcə təhlükəli" nəticələri olan "böyük səhv" addımdır"

Sabiq prezidenti Robert Koçaryan Ermənistanda Konstitusiya dəyişikliyinə ehtiyac olmadığını bildirib və qeyd edib ki, bu, ölkə üçün "son dərəcə təhlükəli" nəticələri olan "böyük səhv" addımdır: "Bu gün konstitusiya islahatına, özü də belə radikal xarakterli bir islahata heç bir ehtiyac yoxdur və Ermənistanın mövcud problemlərinin heç də hazırda qüvvədə olan konstitusiyası və, ələlxüsus, dövlət idarəetmə forması ilə bağlı deyil. Ölkənin fərsiz ya uğurlu idarə edilməsi bunun haradan - prezident iqamətgahından, yaxud baş nazir kabinetindən edildiyindən asılı deyil."

R.Koçaryan bazar ertəsi günü Ermənistan parlamentinə təqdim edilmiş və qəbul olunmuş Konstitusiya layihəsinə gəldikdə, Robert Koçaryan onun "ehtimal etdiyi pisdən daha pis" olduğunu qeyd edir: "Söhbət artıq yarım-prezident və ya parlament idarəetmə forması seçimindən getmir. Konstitusiya layihəsi özündə de-fakto birpartiyalı sistemə, yəni siyasi monopoliya və durğunluğa-yuvarlanma təhlükəsini ehtiva edir. SSRİ-nin sonu hamıya məlumdur. Konstitusiya layihəsinin insan haqları və dövlətin sosial qayələri haqqında ümumi gözəl ifadələrlə doldurulması parlament idarəetməsinin lap məğzini məhrum edən Milli Məclisin tamamilə yolverilməz üsulda formalaşması üçün kamuflyaja bənzəyir".

Koçaryan hesab edir ki, Konstitusiya layihəsinin 89-cu maddəsi parlamentdə - bu isə o deməkdir ki, həm hakimiyyətdə - bir partiyanın üstünlüyünü təmin etməlidir: "Bizim reallıqda bu, heç də öz populyarlığından asılı olmayaraq, inzibati və maliyyə resurslara sahib olan partiya olacaq. Ermənistanda partiyadaxili demokratiyadan əsər-əlamət belə olmadığı halda isə, hamilik idarəetmə illər boyu qaçılmaz bəla, durğunluq mənbəyi və qüsurlu sistemin yenidən hasil olmasının aləti olaraq qalacaq. Əslində, təqdim olunan layihə siyasi inhisarı konstitusiya normasına çevirir".

Zaruhi Postancyan: "Bu, "konstitusiya islahatı" deyil, Serj Sarkisyan rejimini əbədiləşdirmək üçün edilir"

"İrs" partiya fraksiyasının rəhbəri Zaruhi Postancyan bəyan edib ki, bu, "konstitusiya islahatı" deyil, Serj Sarkisyan rejimini əbədiləşdirmək üçün edilir".

Xanım Postancyan müxalif parlament partiyalarının ölkədə baş almış konstitusiya islahatı əleyhinə "Yox" və "Keçməyəcək" təşəbbüslərində birləşən onlarla ictimai və siyasi qüvvələrlə birlikdə referendumda konstitusiya dəyişikliyi əleyhinə təbliğat və itaətsizlik kampaniyasına qatılacaqlarını bəyan edib.

Erməni Milli Konqresinin mətbuat katibi Armen Musinyan da deyib ki, konstitusiya islahatının əsas və tək hədəfi Serj Sarkisyanın hakimiyyətdə qalmaq cəhdidir: "Biz əminik ki, indiki prezident və onun komandasının bu islahatları alınmayacaq və Sarkisyan öz hakimiyyət müddətini uzada bilməyəcək".

"İrs" partiyasının lideri Raffi Ovanisyan qeyd edib ki, bugünkü hakimiyyət belə islahatların keçirilməsi üçün qeyri-legitimdir. Ovanisyan təklif edilən islahatların bundan əvvəl də qəbul olunduğunu və icra edilsə də, heç bir dəyişikliyin yaranmadığını vurğulayıb: "Bu gün ölkədə yaranan bir çox problemlər məhz konstitusiyaya riayət edilməməsindən irəli gəlir. Konstitusiya, sadəcə mündəricat deyil, eyni zamanda reqlamentdir. Ölkə inkişafı istənilən səviyyəyə çatmayıb, hakimiyyət isə bu cür əhəmiyyətli prosesin reallaşdırılması üçün lazım olan legitimliyə sahib deyil".

Erməni parlamentinin üzvü Levon Zurabyan isə bildirib ki, hakim zümrənin əsas səyi hakimiyyəti, nəyin bahasına olursa-olsun, saxlamaqdır: "Hamı bilir ki, Serj Sarkisyan öz prezidentlik müddətini tamamlayır. Yeni islahatlar prezidentin baş nazir postuna keçməsinə və Sarkisyana uzun illər öz hakimiyyətini geniş səlahiyyətlərlə davam etdirməyə imkan verəcək".

Hakimiyyət isə xalqı konstitusiya islahatlarıyla "yedirməkdə" davam edir

Beləliklə, Serj Sarkisyanın bu siyasi oyunlarının məqsədi artıq bəlli olur. Təbii ki, hakimiyyət, ilk növbədə Ukrayna ssenarisinin Ermənistanda təkrarlanmasının əvvəlcədən qarşısını almağa və ölkənin Gömrük İttifaqına daxil olması prosesini ciddi narazılıqlara yol açmadan ötüşdürməyə çalışır. Aparılan siyasi maxinasiyaların düşünülmüş və hesablanmış olmasını nəzərə alsaq, rusiyalı siyasi texnoloqların bu işdə ermənilərə yardım etdiklərini ehtimal etmək olar.

Əslində, Serj Sarkisyan yaxşı dərk edir ki, 2018-ci ilədək, yəni prezident səlahiyyətləri bitənə kimi, gələcək müqəddəratını həll edə biləcək məsələləri bəri başdan öz yoluna qoymalıdır. Bu gün hazırkı rejim tərəfindən hakimiyyəti qoruyub-saxlamaq üçün "yüksək texnologiyanın" varlığına, ölkədə siyasi və iqtisadi monopoliyanın hakim Respublika Partiyasının əlində olmasına baxmayaraq, rejimin, ilk növbədə isə Sarkisyanın qarşısında çox ciddi bir maneə dayanır. Həmin maneə Sarkisyana prezident postuna ardıcıl olaraq 3-cü dəfə namizədliyini irəli sürməyə qoymayan Konstitusiyadır. Qanuna söykənən məhz belə bir güclü maneə Respublika Partiyasının və onun liderinin hakimiyyətinin sonu ola bilər.

Bəzi müşahidəçilər hesab edirlər ki, konstitusion dəyişikliklər yolunu seçməklə, Serj Sarkisyan təkcə hakimiyyət müddətini uzatmaq məsələsini həll etmiş olmur, o, həm də hökumət daxilində mərkəzdənqaçma proseslərini yoluna qoymağa çalışacaq.

Ermənistanda sovet hökuməti qurulur

Politoloq Elman Nəsirlinin sözlərinə görə, Sarkisyan rejimi konstitusiyada dəyişiklik etmək bəhanəsi ilə ölkənin bütün güc strukturlarında öz adamlarını möhkəmləndirmək niyyətindədir: "De-fakto, de-yure onun növbəti dəfə prezident seçilmək hüququ yoxdur. Lakin heç bir şərtlə o, 2008-ci ildə zəbt etdiyi hakimiyyəti ilə vidalaşmaq istəmir. Bəs bunu necə etsin? Hansı yol ilə öz hakimiyyətini qoruyub saxlaya bilsin? Bunun üçün ən yaxşı vasitə Konstitusiya islahatıdır. Elə bir islahatı həyata keçirsin ki, ölkəni prezidentli respublikadan parlamentli respublikaya çevirsin. Ölkədə əsas səlahiyyət sahibi prezident deyil, hökümətin rəhbəri olsun. Əsas niyyəti bundan ibarətdir".

Politoloq Ermənistanın daxili siyasi vəziyyəti və hadisələrin sonrakı inkişaf ssenariləri ilə bağlı fikirləri ümumiləşdirərək deyir ki, prezident olmayacağı təqdirdə və baş nazirliyi də iddia etmədiyini elan etmiş Sarkisyan çox böyük ehtimalla spiker olmaq istəyəcək. Məlumdur ki, parlamentli respublikada spikerin böyük səlahiyytələri olur.

Beləliklə, siyasi rəqibləri, həmçinin əksər ekspertlər hesab edirlər ki, Konstitusiya islahatları adı altında Sarkisyan hakimiyyətinin ömrünü uzatmağa çalışır. Bu isə o demək deyil ki, o, hakimiyyətdə qala bilər. Əslində, Sarkisyan bu vasitə ilə hakimiyyətdən daha da kənarlaşdırılır. Çünki xalq konstitutsiya islahatlarına "YOX!" deyir.

A.SƏMƏDOVA

Digər xəbərlər