PDF Oxu

Siyasət

  • 21

"YENİ HƏDƏFLƏRƏ DOĞRU!"

"YENİ HƏDƏFLƏRƏ DOĞRU!"

YAP seçkilərə bu qələbə şüarı ilə əzmlə gedir

Bu gündən 1 noyabr parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verildi

Noyabrın 9-dan etibarən seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınmış deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası başlayır. Seçkilərdə iştirak edən və deputat mandatı qazanmağa iddialı olan bütün siyasi partiyalara təbliğat- təşviqat kampaniyasını aparmaq üçün dövlət tərəfindən bütün lazımi şərait yaradılıb. Artıq bütün dairə və məntəqə-seçki dairələrində deputatlığa namizədlərin təbliğat-təşviqat plakatlarının yapışdırılması üçün lövhələr quraşdırılıb. MSK tərəfindən namizədliyi qeydə alınan deputatlığa namizədlər bu gündən digər təbliğat-təşviqat tədbirlərinə də start verə bilərlər.

Cəmiyyət tərəfindən dəstəklənən güc mərkəzi

Seçkilərə yeganə olaraq partiya şəklində qatılan və namizədlərinin sayına görə, bütün siyasi qüvvələri üstələyən Yeni Azərbaycan Partiyası isə, hər zaman olduğu kimi, parlament seçkilərində də cəmiyyətə bir sıra yeniliklərini təqdim etməyə hazırdır. YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hakim partiyanın parlament seçkilərinə "YENİ HƏDƏFLƏRƏ DOĞRU!" şüarı ilə gedəcəyini bildirib. Onun sözlərinə görə, bununla bağlı artıq partiyanın proqramı hazırlanıb: "Artıq Yeni Azərbaycan Partiyasının seçki proqramı bukletlər şəklində çap olunub və təbliğat-təşviqat kampaniyası müddətində seçicilərə çatdırılacaq".

S.Novruzov, həmçinin bildirib ki, YAP deputatlığa namizədlərin vahid plakatlarını hazırlayıb: "Yeni Azərbaycan Partiyasının deputatlığa namizədləri üçün vahid plakatlar hazırlanıb. Namizədlər üçün hazırlanan plakatlar, sadəcə üzərlərinə vurulan dairələrin nömrələri ilə fərqlənir. Biz təbliğat-təşviqat kampaniyası dövründə qanunvericiliyin verdiyi bütün üsul və vasitələrindən istifadə edəcəyik".

Göründüyü kimi, artıq seçkilərdə "YENİ HƏDƏFLƏRƏ DOĞRU!" şüarı ilə gedən Yeni Azərbaycan Partiyası bu seçkilərdə də öz qələbəsinə əmindir. Çünki bu gün YAP Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənən və etimad göstərilən yeganə və ən böyük siyasi partiyadır. YAP-ın Azərbaycanın siyasi həyatında aparıcı qüvvə olmasının əsas səbəblərindən biri bu partiyaya Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etməsidir. Qeyd edək ki, Azərbaycan Prezidentinin istər dövlət başçısı, istərsə də siyasi xadim kimi cəmiyyətdə olan nüfuzu, xalqın Ona inam və etibar etməsi cəmiyyətdə Onun rəhbərlik etdiyi partiyaya da inamı və dəstəyi gücləndirir. Bunu elə partiya üzvülərinin sayının 650 min nəfərdən çox olması da bir daha təsdiq edir.

Azərbaycan Respublikası Baş nazirin müavini, YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov partiyanın sosial bazasının seçkilərdə qələbənin təmin olunması baxımından böyük rol oynadığını bildirib: "Bizim istinad etdiyimiz daha bir əhəmiyyətli resurs YAP-ın malik olduğu böyük ictimai dəstəkdir. Bunun bariz nümunəsi bu gün YAP sıralarında 650 mindən çox ölkə vətəndaşının cəmləşməsidir. YAP üzvü olan 650 mindən artıq insan həm də real seçicilərdir. Bu baxımdan da 1, 5 milyon səsin təmin edilməsi isə YAP tərəfindən irəliyə sürülmüş namizədlərin uğur qazanması üçün çox əhəmiyyətli bir arqument rolunu oynamış olur".

Qeyd edək ki, hər hansı siyasi partiyanın seçkilərdə qələbəsinin təmin olunmasında həmin partiyanın praktikasında seçki təcrübəsinin də böyük rolu olur. Çünki hər dəfə keçirilən seçkilər zamanı əldə olunan təcrübə siyasi partiyalar üçün qarşıdakı seçkilərdə daha aktiv və fəal iştirak üçün yeni siyasi texnologiyaların formalaşdırılması və ondan düzgün istifadə edilməsi zərurəti yaratmaqla yanaşı, həm də bir növ özündən sonrakı seçkilər üçün baza rolunu oynayır. Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatında mühüm rol oynayan siyasi partiya olduğundan, bu vaxta qədər ölkədə keçirilən seçkilərdə öz qələbəsini təmin etməyi bacarıb. YAP Sədrinin müavini Əli Əhmədov partiyanın seçkilərdə qələbə qazanmasında seçki təcrübəsinin rolunun böyük olduğunu təsdiqləyib: "Biz ölkəmizdə keçirilən bütün seçki kampaniyalarında mütəmadi iştirak etmişik və bununla əlaqədar olaraq, YAP-ın seçki kampaniyasını keçirmək sahəsində çox böyük təcrübəsi mövcuddur. YAP, bir qayda olaraq, seçki kampaniyasına start verilməzdən xeyli əvvəl, seçkilərə hazırlaşmağa başlayır. Eyni zamanda, bütövlükdə, seçki kampaniyasının gedişində əldə edilən bütün uğurlar və nailiyyətlər, o cümlədən, səsvermənin YAP-ın qələbəsinin təmin edilməsində özünü göstərən nəticələri də seçki kampaniyasına kifayət qədər ciddi şəkildə hazırlaşması ilə əlaqədardır".

Onu da qeyd edək ki, parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının özünə "YENİ HƏDƏFLƏRƏ DOĞRU!" şüarını seçməsi təsadüfi deyil. Bu, ilk baxışda təbliğat üçün seçilmiş lakonik və dərin mahiyyətli şüar təsiri bağışlasa da, əslində, ölkənin siyasi həyatında mühüm rolu və yeri olan bir partiyanın bu şüarla meydana çıxması üçün həmin prinsiplərin reallıqla uzlaşması və həyatda öz əksini tapması mühüm məsələdir. Beləliklə, xalqın partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası "YENİ HƏDƏFLƏRƏ DOĞRU!" şüarını seçərkən, həm də qarşıda görüləcək daha çox işlərin olduğunu sərgiləməklə yanaşı, Azərbaycanın dünya ölkələri arasında lider dövlətə çevrilməsi istiqamətində də addımlar atacağını göstərir. Məhz builki parlament seçkilərində əldə ediləcək zəfər və qalibiyyət də bu amili özündə kifayət qədər ehtiva edir.

R.KAMALQIZI

Digər xəbərlər