Şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindən olan nağıllar xalqın dünyagörüşünü, həyata münasibətini, şərə, pisliyə, ədalətsizliyə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirməklə ölkənin gələcəyi olan uşaqların tərbiyəsində çox mühüm rol oynayır. Təəssüf ki, bu gün Azərbaycanda uşaq ədəbiyyatının nəşri sahəsində boşluq var və kitabxanalarımızda uşaq ədəbiyyatına tələbat günbəgün artmaqdadır. Xüsusilə, region kitabxanalarında uşaq ədəbiyyatı azlıq təşkil edir və oxuculara xidmət prosesində çətinliklər yaradır. Bu yaxınlarda işıq üzü görmüş AMEA-nın doktorantı, gənc tədqiqatçı Validə Həsənovanın tərtib etdiyi "Azərbaycan xalq nağılları" adlı sanballı biblioqrafik göstərici Azərbaycan xalq nağıllarının nəşri tarixinin araşdırılması istiqamətində çox mühüm mənbədir. Bu tədqiqat işi həm nəşriyyatlarımız, həm də kitabxanalar üçün çox əhəmiyyətli bir fəaliyyətə- unudulmuş, zamanla təhrif edilmiş nağıllarımızın üzə çıxarılmasına və mövcud boşluğu doldurmaq məqsədilə həmin nağılların dövrün tələblərinə uyğun şəkildə yenidən nəşrinə səbəb ola bilər.
İlk növbədə, onu qeyd edim ki, bu biblioqrafik göstərici nağıllara həsr edilmiş ilk xüsusi biblioqrafiya olmaqla həm əhatə etdiyi dövr, həm də təhlil edilən zəngin informasiya mənbələri baxımından çox əhəmiyyətli bir tədqiqat işidir. "Tərtibçidən" adlı giriş hissəsində tərtibçi-müəllif tədqiqatçısı olduğu nağılların biblioqrafik informasiya təminatının mövcud vəziyyətinə bir tarixi ekskurs etmiş, bu sahədə yazılmış tədqiqat işlərindən, ilk Azərbaycan nağılları haqqında informasiya çatdıran biblioqrafik mənbələrdən bəhs etmiş, eyni zamanda biblioqrafik göstəricinin quruluşu və tərtibi prinsiplərini işıqlandırmışdır.
Biblioqrafiyanın quruluşuna nəzər salsaq, burada həm Azərbaycan, həm də xarici dillərdə yazıya köçürülmüş Azərbaycan xalq nağılları, həm də doğma dildə nəşr edilmiş dünya xalqlarının nağılları haqqında informasiya əhatə olunmuşdur. Məlumatlar müvafiq başlıqlar daxilində xronoloji ardıcıllığa riayət olunmaqla əks etdirilmiş, yeri gəldikdə bəzi biblioqrafik yazılara qeydlər yazılmışdır. Gənc tədqiqatçı təkcə kitablarda deyil, həm də dövri və ardı davam edən nəşrlərdə, eləcə də Qafqaz xalqlarının tarixi və mədəniyyətinin, etnoqrafiyasının öyrənilməsində mühüm rol oynayan, XIX əsrin sonlarından etibarən folklorumuzun toplama və nəşri işində ilk təşəbbüs kimi mühüm tarixi rola malik "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu"nda dərc edilmiş Azərbaycan xalq nağılları barədə biblioqrafik informasiya vermişdir.
Bölmələrə nəzər saldıqda öyrənirik ki, kitab şəklində işıq üzü görmüş ilk xalq nağılı 1903-cü ildə Təbrizdə nəşr edilmiş, 64 səhifə həcmində "Seyfəlmülk və Mələkə xanım" adlanır. İkinci nağıl isə 1906-cı ildə Bakıda ərəb əlifbasında nəşr edilmiş "Valehlə Saleh" nağılıdır. Kitablarda ümumilikdə Azərbaycan dilində 3 minə yaxın nağıl haqqında informasiya əks etdirilmişdir. Onların içərisində tarixi, qəhrəmanlıq, sehirli, məişət, həm də dini nağıllar yer almışdır.
Nağıllar haqda informasiyanı əks etdirən ilkin biblioqrafik mənbə kimi "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu"nun araşdırılması və 100-dən çox Azərbaycan xalq nağılları haqda informasiyanın aşkara çıxarılması müvafiq sahə üzrə elmi yenilik hesab edilə bilər. Burada aşkar edilən ilkin Azərbaycan nağılları haqqında informasiya toplunun 1883-cü il nəşrinə aiddir ki, bu da tarixilik baxımından tədqiqatçılar üçün dəyərli məlumatdır. Maraqlı faktlardan biri də odur ki, göstəricidə haqqında informasiya verilmiş bir sıra mənbələrin internet ünvanları da göstərilmişdir. Daha ətraflı məlumat əldə etmək istəyən oxucular qlobal şəbəkədə bu ünvanlar vasitəsilə həmin mənbələrlə tanış ola bilərlər. Ümumilikdə, biblioqrafiyaya 3785 biblioqrafik informasiya daxil edilmişdir ki, bunlardan 3202-sini nağıllar təşkil edir.
Hər bir biblioqrafik göstəricini hazırlayarkən mənbələrdən istifadəni asanlaşdırmaq məqsədilə köməkçi aparat tərtib edilir. Haqqında bəhs etdiyimiz biblioqrafik göstəricidə ənənəyə sadiq qalaraq 9 adda - Nağılların adlar göstəricisi", "Müxtəlif dillərdə nəşr olunmuş Azərbaycan xalq nağıllarının adlar göstəricisi", tədqiqat əsərlərinin adlar göstəricisi", "Müəlliflərin (tərtib edənlər, ön söz, naşir və nəşrə hazırlayanlar) əlifba göstəricisi", toplayanların adlar göstəricisi, elmi əsərlərin müəlliflərinin adlar göstəricisi", "Redaktorların adlar göstəricisi", "Rəyçilərin adlar göstəricisi", "Rəssamların adlar göstəricisi" həm Azərbaycan, həm də rus dilində (daxili əlifba prinsipi gözlənilməklə) zəngin köməkçi aparat tərtib edilmişdir. Bu köməkçi aparatdan istifadə etməklə istifadəçilər nağıllar, tədqiqat əsərləri, müəlliflər, eləcə də redaktorlar, rəyçilər, rəssamlar üzrə axtarış aparmaqla zəruri informasiya tələbatlarına uyğun gələn mənbələr haqqında məlumat əldə edə bilərlər.
Abdullayeva Adilə,
AMEA-nın doktorantı