PDF Oxu

Siyasət

  • 27

"Seçkiərəfəsi demokratlar"

"Seçkiərəfəsi demokratlar"

"Demokratiya"nın mənasını anlamayanlar keçirəcəkləri mitinqlərdə bu məsələni daha çox qabardacaqlarını bildirirlər

Müxtəlif zamanlarda müxalifət düşərgəsinin icazəsiz, qeyri-qanuni, səviyyəsiz, düşünülməmiş mitinqlər və piketlər keçirməyə cəhd etdiyini dəfələrlə görmüşük. Onu da görmüşük ki, həmin mitinqlərdə 200-300 nəfərdən çox adam olmayıb. Maraqlısı da budur ki, dağıdıcı müxalifətin keçirmək istədiyi mitinq və piketləri ölkədə keçiriləcək seçkiərəfəsi başlayır. Mitinq də baş tutmayanda, başlayırlar hay-küy salmağa ki, ölkədə, nə bilim, "demokratiya" boğulur "iqtidar təzyiqlər edir", "imza toplamağa imkan verilmir" daha nələr, nələr... Adama deyərlər ki, seçici səni tanımırsa, etibar etmirsə, buna hakimiyyət neyləsin?! Bu günlərdə keçirilən müxalifət tədbirinin birində ADP sədri Sərdar Cəlaloğlu iqtidar partiyasına yalvarışlı müraciət edərək bildirdi ki, "neyləyək ki, seçici imza vermək əvəzinə, qapını üzümüzə bağlayır. Olmaz ki, bizə də kömək edəsiniz?" Belə olan halda, soruşmaq istərdik ki, ay seçkilərə qatılmaq istəyən radikallar, o cümlədən Müsavatın oktyabrın 25-nə keçirəcəyi mitinqə kimlər qatılacaq? Və yaxud da mitinq keçirmək arzusuna düşən digər radikal müxalifət partiyaları hansı üzlə mitinq keçirmək istəyirsiniz? İmza toplaya bilmirsiniz, iqtidarın ünvanına nə qədər böhtan atacaqsınız? Bir də, özünüz demişkən, müxalifətdə 20-30 il olmağınıza baxmayaraq, hələ indiyə qədər 200 imza belə toplaya bilmirsiniz. Topladığınız o imzaları da üzünüzə üzlük tutaraq min bir tənələri götürməklə yığmısınız. Sərdar Cəlaloğlunun bir ifadəsi də yadıma düşdü: "İmza toplamağa kimi göndərim? Yanımda bir-iki nəfər adam var, onlar da dirənirlər üzümə. Deyirlər ki, seçici nəinki imza verir, bizi elə isladır ki..." Ay S.Cəlaloğlu, "islanmışın, yağışdan nə qorxusu". Belə olan halda, hansı üzlə bir də mitinq və piket keçirmək istəyinə düşürsünüz? Axı yaxşı bilirsiniz ki, 23 ildən çoxdur ki, həm xalq, həm də öz funksionerləriniz sizin uğursuzluğunuza nifrət edir. Görünür, hələ də 1991-ci ilin ab-havası ilə yaşayırsınız və "bəlkə də baş tutdu" xəyallarınızın həyata keçiriləcəyinə əmin olursunuz.

Bir də, iqtidarı ölkədə demokratiyanın olmaması ilə günahlandırmaqla özünüzü düşərgə sakinlərinin qarşısında "təmizə" çıxarmaq istəyirsiniz. Ancaq bir anlığa "demokratiya carçıları"ndan soruşmaq istərdik ki, "demokratik" anlayışın nə demək olduğunu başa düşürlərmi? Əgər başa düşsəydilər, o zaman icazəsiz mitinqlər keçirməzdilər və onlara ayrılmış yerlərdən istifadə etmək əvəzinə, icazə verilməyən ərazilərdə piketlər keçirməyə cəhd göstərməzdilər. Belə olduğu təqdirdə, öz vətəndaşlarının rahat yaşamasına xüsusi diqqət və qayğilə yanaşan dövlətimiz müxalifətin icazəsiz mitinqlərinin qarşısını alırsa və onları insanları narahat etməyə qoymursa, sizcə, bu, demokratiyanın pozulmasıdır? Bu fikirlərlə razılaşan ADP sədri Sərdar Cəlaloğlunun dediyi fikiri bir də xatırlatmaq istərdim: "Müxalifəti bu vəziyyətə salanlar Ə.Kərimov və İ.Qəmbərov kimilərdir. Ona görə də, müxalifət düşərgəsində demokratiyanın mənasını anlamırlar".

Məhz yuxarıda sadalanan bütün faktlara və müxalifət düşərgəsində baş verən son olaylara nəzərə salaraq, belə nəticəyə gəlmək olur ki, sonun başlanğıcı radikal düşərgə üçün daha böyük biabırçılıqlarla müşahidə olunacaq.

Ü.ƏSGƏROV

Digər xəbərlər