Nəriman Əliyev: "Hər bir vətəndaş məntəqələrə gedərək, öz namizədinə səs verib, demokratik parlament seçkilərinə öz töhfəsini vermiş olacaq"
2015-ci il noyabr ayının 1-i Azərbaycanda parlament seçkiləridir. Atrıq növbəti həftə parlamentin son payız sessiyası keçiriləcək və bununla IV çağırış parlamentin işi yekunlaşacaq.
Məsələ ilə bağlı millət vəkili Nəriman Əliyevin fikirlərini öyrəndik. Millət vəkili bildirdi ki, növbəti seçkilərin ölkədə demokratiyanın inkişafında daha bir mütərəqqi addım olacağı gözləniləndir. Eyni zamanda, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri bu dəfə də seçkilərə qələbə əzmi ilə gedirlər: "Diqqət çəkən məqamlardan biri budur ki, dövlət hər zaman demokratiyanın inkişafında yeni addım atılacağına zəmanət verir və bu zəmanətini reallaşdırır. Ölkədə seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün ən mühüm şərtlərdən olan ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf mövcuddur. Parlament seçkilərinə hazırlıq və ona münasibətlə əlaqədar hakimiyyətin mövqeyi dövlət başçısı Cənab İlham Əliyevin fikirlərində də yer alıb. Möhtərəm Prezidentimiz vurğulayıb ki, "Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var. Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulub. Bu gün Azərbaycanda seçkilərin keçirilməsi prosesi artıq Avropa standartlarına uyğundur."
Millət vəkili, eyni zamanda YAP-ın seçkilərə hazırlıq dövründəki fəaliyyəti məsələsinə də toxunaraq deyib ki, YAP özünün illərlə formalaşmış ənənəsinə uyğun olaraq seçkilərə hazırlıq prosesinə başladı. Ötən illərdə keçirilən dörd parlament seçkisinin nəticələrinə nəzər salsaq hakim partiyanın təmsilçiliyi say etibarilə öncüllüyünü qoruyub-saxlayıb. YAP, həmçinin, növbəti seçkilərdə yeni simaların namizədliyinə, gənclərin və qadınların iştirakına xüsusi diqqət veriləcəyini də ilin əvvəlində strategiyasının əsas məqsədlərdən biri kimi bəyan edib.
Nəriman Əliyev, həmçinin bildirib ki, YAP-ın namizədləri irəli sürmək və deputat siyahısını tərtib etmək taktikası radikal müxalifət düşərgəsinin qərəzli şərhlər verməsinə səbəb olub ki, bu da onların sifarişlər əsasında fəaliyyət göstərmələrinə dəlalət edir: "Gah seçkiləri boykot etməklə, gah da namizədlərini irəli sürdükdən sonra seçkilərə qatılıb-qatılmayacaqları ətrafında anlaşılmaz bəyanatlar səsləndirməklə özlərini kənardan idarəedilən olduqlarını təsdiq edən müxalifət, əslində qeyri-ciddi olduğunu isbatlamış olur. Biz bunu "Milli Şura", AXCP, Müsavat və s. bir-birindən fərqlənməyən partiyalarda dəfələrlə görmüşük. Bu baxımdan, YAP-ı seçki taktikası qarşısında daim aciz qalan radikallar xalqa deyil, onlara ağalıq edən xarici təşkilatlara arxalanırlar. Bu isə onların siyasi məğlubiyyətlərini daha da artırır."
Millət vəkili daha bir amilə də toxunaraq deyib ki, Azərbaycanda majoritar seçki sistemi tətbiq olunur və bu da cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusilə də orta sinif təmsilçilərinin, sahibkar və biznes sahəsi nümayəndələrinin seçkilərdə istər müxtəlif qurumlardan, istərsə də müstəqil namizəd kimi irəli sürülmək imkanlarını artırır: "Bu baxımdan seçkilərdə bəhs edilən bu təbəqənin təmsilçilərinin də tanındıqları və güvəndikləri dairələrdən mübarizəyə qatılaraq yüksək fəallıq nümayiş etdirəcəyi istisna deyil."
Millət vəkili sonda vurğulayıb ki, növbəti parlament seçkilərində əsas güc xalqdır: "Məhz xalqın seçkilərə qatılması, istədiyi namizədlərə şəffaf qaydada səs verməsi bu prosesin yekin nöqtəsini qoyacaq. Ona görə də seçkilərin fəal keçməsi üçün hər bir vətəndaş məntəqələrə gedərək, öz namizədinə səs verib, demokratik parlament seçkilərinə öz töhfəsini vermiş olacaq."
Rəfiqə KAMALQIZI