Problem Azərbaycanda deyil, Qərb başbilənlərindədir
Bəlli olduğu kimi, bu günlərdə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın mətbuat katibi Avropa Şurasının İnsan Haqları üzrə Azərbaycanla Birgə İşçi Qrupdan çıxdığı barədə bəyanat yayıb. Bilavasitə, Azərbaycana qarşı qərəz sərgiləyən həmin bəyanatda bildirilir ki, Yaqland oktyabrın 7-də Nazirlər Komitəsinə Azərbaycanda İnsan Hüquqları üzrə Birgə İşçi Qrupda iştirakına son qoymaq qərarı verib. Əslində, AŞ-nın baş katibinin bu kimi bəyanat yaymasından təəccüblənməyə dəyməz.
"Xristian klubu" daxilində Torbyorn Yaqlandın da adı birincilər sırasındadır
Son zamanlar Avropanın digər qurumları ilə yanaşı bu qurum da ikili standartlardan çıxış edərək, birbaşa anti-Azərbaycan qüvvələrlə bir qazandan yemək yeyir. Daha dəqiq desək, "xristian klubu" daxilində Torbyorn Yaqlandın da adı birincilər sırasındadır. Söz yox ki, burada erməni lobbisinin də bəlli canfəşanlığı mövcuddur və səbəblərdən biri də erməni lobbisinin və "xristian klubu" daxilindəki dairələrin ölkəmizdə baş tutacaq parlament seçkilərinə öz maraqları çərçivəsində təsir göstərmək cəhdləridir. Düzdür, belə cəhdlər hər dəfə olub, ancaq həmin dairələr heç vaxt öz qaranlıq məqsədlərinə çatmayıb, çirkin maraqlarını reallaşdıra bilməyiblər. Görünür, buna görə də "daha sərt addım" atmaqla ölkədaxili proseslərə müdaxilə edəcəklərini sanırlar. Halbuki...
Halbuki gah "siyasi məhbus", gah "vicdan məhbusu", gah da "söz və ifadə azadlığı" kontekstlərindən çıxış edərək daim Azərbaycana qarşı qarayaxma kampaniyaları aparanlara tövsiyələr verən Yaqland bir reallığı unutmamalıdır. Məsələn, 2014-cü ilin oktyabrından Avropa Şurasının nümayəndəsi Bakıda Azərbaycan vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoqun bərpasına yönəlmiş görüşlərdə iştirak edib. Bu görüşlərin hər birinə Azərbaycan dövləti yetərincə dəstək göstərib. Bunun ardınca isə ölkəmizdə insah haqları ilə bağlı müxtəlif məsələləri araşdıran və hakimiyyət təmsilçilərinin də üzvü olduğu İnsan Haqları üzrə Birgə İşçi Qrupu yaradılıb. Düzdür, AŞ heç vaxt Azərbaycanda yaradılmış İnsan Haqları üzrə Birgə İşçi Qrupun üzvü olmayıb və sadəcə, bu qurumun nümayəndəsi qrupun iclaslarında müşahidəçi qismində iştirak edib. Ancaq bu da son deyil.
İşçi qrupunun üzvü: "İşçi qrupun fəaliyyətini dayandırmaq olmaz... Strasburqa gedib Yaqlandla görüşəcəyik"
Məsələn, işçi qrupunun aparıcı üzvlərindən olan hüquq müdafiəçisi Novella Cəfəroğlu mətbuata açıqlamasında maraqdoğurucu xatırlatma edərək deyib ki, birgə işçi qrup Avropa Şurası ilə əməkdaşlıqdan əvvəl də fəaliyyət göstərib: "İşçi qrup həm Prezident Administrasiyası, həm prokurorluqla danışıqlar aparır, işlər görülür. Mən hesab edirəm ki, işçi qrupun fəaliyyətini dayandırmaq olmaz..."
N.Cəfəroğlu daha bir vacib məsələyə toxunub. O, işçi qrupunun heç də Avropanın, Qərbin maraqlarının Azərbaycanda reallaşmasına görə yaradılmadığını Yaqlandın nəzərinə çatdırıb. Sitat: "Biz bu qrupda Yaqlanda və ya Avropa Şurasına görə deyil, Azərbaycan vətəndaşlarına lazım olanda dəstək olmağa görə varıq. Hesab edirəm ki, işçi qrup bu müddətdə özünü doğruldub. Biz gərək Avropa Şurasının baş katibinə işçi qrupun fəaliyyəti barədə məlumatlar verəydik. Bu zaman o, başqa fikirdə olardı. Biz vaxt tapsaq Strasburqa gedib Yaqlandla görüşəcəyik".
Beləliklə, məsələnin hansı tərəfdən qaunaqlandığı bir daha təsdiqini tapır. Məsələn, yuxarıda da qeyd edildiyi kimi, Qərbdə, Avropada bəzi qüvvələr Azərbaycana hər vasitə ilə təzyiq eləmək yolunu tutublar və Yaqlandın məlum bəyanatı da özüsndə bunu ehtiva edir.
Novella Cəfəroğlu: "Avropa Şurasındakı bəzi dairələr ölkəmizdə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun qarşısını almağa səy göstərib"
Bu arada İnsan Haqları üzrə İşçi Qrupunun bəyanatı da deyilənləri təsdiq edir. Bəyanatda Avropa Şurasının baş katibi Yaqlandın fikirlərinin əsassız olduğu vuğulanıb. Həmin bəyanatdakı bəzi fraqmentlərə diqqət yetirək: "2005-ci ildə insan hüquqlarının müdafiəsi təşkilatlarının və Azərbaycan hakimiyyətinin nümayəndələrindən ibarət tərkibdə Azərbaycanda insan hüquqları məsələləri üzrə birgə işçi qrupu yaradılıb. Ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə bağlı bir sıra məsələlərin ortaya çıxarılması ilə əlaqədar olaraq işçi qrupu bu məsələlərin insan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələrinin dövlət hakimiyyətilə əməkdaşlığı çərçivəsində ölkə daxilində həll edilə biləcəyini vurğulayıb. Lakin anti-Azərbaycan qüvvələri, o cümlədən, Avropa Şurasındakı bəzi dairələr ölkəmizdə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun (!-R.N.) qarşısını almağa səy göstərib..."
Ortada olan digər çirkin niyyət məhz hakimiyyətlə, vətəndaş cəmiyyəti arasındakı demokratik, isti və iş birliyi münasibətlərini kölgədə qoymaqdan ibarətdir ki, bu ifşa da işçi qrupun bəyanatında əksini tapıb. Beləliklə, işçi qrupunun üzvləri Avropa Şurasını bu dialoqa maneələr törətməməyə çağırıb.
Göründüyü kimi, bütün kartlar açıqdır və faktlar ortadadır
Bu arada daha bir amili xatırlayaq. Bütün olanlardan sonra 2014-cü ildə Avropa Şurasının baş katibi Torbyorn Yaqland Prezident İlham Əliyevə müraciət edərək birgə işçi qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş edib (!-R.N.) və Azərbaycan Prezidenti xoş niyyətini nümayiş etdirərək, buna razılıq verib. Beləliklə, bu qurum yenidən fəaliyyətə başlayıb. Ona görə də bəyanatda AŞ sərt şəkildə tənqid olunub: "...Azərbaycanda vətəndaş cəmiyyəti ilə hakimiyyət nümayəndələri arasında konstruktiv və açıq dialoq inkişaf edib. Bu şəraitdə Avropa Şurası baş katibinin bəyanatı yalnız təəssüf hissləri doğura bilər... İşçi qrupu anti-Azərbaycan qüvvələri öz çirkin oyunlarına son qoymağa çağırır və bəyan edir ki, bu oyunlar Azərbaycanda insan hüquqlarının inkişaf etdirilməsinə və vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasındakı dialoqun davam etdirilməsinə maneə törədə bilməyəcək".
Göründüyü kimi, bütün kartlar açıqdır və faktlar ortadadır. Bu zaman belə bir sual yaranır: nəyə görə? Əslində, bu sualın cavabı illərdir ki, verilir. Sadəcə, verilən cavablar qərbli başbilənləri qane etmir. Yaxud da onlar erməni lobbisinin pullarına çox dərindən aludə olublar. Elə isə, bu, bizim xalqın, dövlətin deyil, onların öz problemləridir.
Rövşən NURƏDDİNOĞLU