PDF Oxu

Siyasət

  • 17

Dayanıqlı, tarazlaşdırılmış və optimizmə meyilli dövlət büdcəsi

Dayanıqlı, tarazlaşdırılmış və optimizmə meyilli dövlət büdcəsi

"Qərb ölkələrində və ümumiyyətlə, dünyada gedən kəskin dəyişmələrin, dünya bazarında neftin ucuzlaşması şəraitində ölkəmizin 2016-cı il üçün dövlət büdcəsini təqdim edildiyi səviyyədə qoruyub saxlaya bilmək, formalaşdırmağa nail olmaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin illərdən bəri iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı məqsədyönlü siyasətin, həyata keçirdiyi islahatların qanunauyğun məntiqi nəticəsidir". Bu sözləri AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli Milli Məclisin Elm və Təhsil, Mədəniyyət, Regional Məsələlər, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2016-cı ili üçün dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində etdiyi çıxışı zamanı bildirib. İ.Həbibbəyli 2016-cı ildə elm xərclərinin ölkə üzrə 0,8 faiz artdığını da müsbət hal kimi qiymətləndirildiyini bildirib.

Millət vəkili Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış xərc maddələrinin bəzilərində yerdəyişmələr etmək təklifi ilə də çıxış edib. İ.Həbibbəyli, həmçinin Naxçıvan Muxtar Respublikasının 2016-cı il üçün dövlət büdcəsindən də söz açıb: "Naxçıvan Muxtar Respublikasına ayrılmış dotasiyaların böyük miqdarda və kəskin şəkildə azaldılması Naxçıvan Muxtar Respublikasında əvvəlki illərdən başlanmış bir çox əhəmiyyətli layihələrin yarımçıq qalmasilə nəticələnə bilər. Bu, blokada şəraitində düşmən qabağında mərdliklə dayanan region üçün ciddi çətinliklərə səbəb ola bilər".

Millət vəkilinin sözlərinə görə, bu regionda irəliyə doğru atılan hər hansı bir addım həm də muxtar respublikanın ərazi bütövlüyünün qorunmasına xidmət edir: "Hər il ayrılan dotasiyaların böyük bir hissəsi Naxçıvan Muxtar Respublikasının sərhəd yaşayış məntəqələrində, döyüş bölgələrində olan kəndlərdə mühüm infrastruktur layihələrinin həyata keçirilməsinə, məşğulluqla problemlərin həllinə sərf edilir. Əslində, bu işlər muxtar respublikada həyata keçirilən ölkə əhəmiyyətli tədbirlərdir və geniş mənada Azərbaycan üzrə ərazi bütövlüyünün daha da möhkəmləndirilməsinə xidmət edir. Ona görə də maliyyə nazirliyi Naxçıvan Muxtar Respublikasının 2016-ci il büdcə layihəsinə baxarkən bu regionda olan dotasiyanı bərpa etməlidir".

İ.Həbibbəyli, bütövlükdə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsini dayanıqlı, tarazlaşdırılmış və optimizmə meyilli büdcə layihəsi adlandırıb.

R.HÜSEYNOVA

Digər xəbərlər